“Synergy Baku”nun heyəti açıqlanıb

“Synergy Baku”nun heyəti açıqlanıb



Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku”nun 2016-cı il üçün ilkin heyəti açıqlanıb.
Komandanın tərkibində müəyyən dəyişikliklər edilib. Belə ki, Azərbaycanın elit yığma komandasının üzvü Tural İsgəndərov və avstriyalı Markus Eybeger ilə yeni müqavilə imzalanmayıb. Aqşin İsmayılov isə dağ velosipedi üzrə məşqçilik karyerasına başlaması ilə əlaqədar, şose yarışlarında iştirakını başa vurub. Diqqət çəkən əsas məqam Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Kənan Qəhrəmanlının "Synergy Baku”ya cəlb olunmasıdır. Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin sözlərinə görə, gənclərdən ibarət yığmamızın daha bir üzvü Tərlan Məmmədovun da "Synergy Baku” ilə müqavilə imzalaması müzakirə edilir.
Bildirib ki, 2016-cı il üçün açıqlanan 14 nəfərlik ilkin heyət içərisində Azərbaycanın müxtəlif yığma komandalarının şərəfini qoruyan 8 velosipedçi var. Onlar Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) bayrağı altında keçirilən müxtəlif səviyyəli yarışlarda iştirak etməklə böyük təcrübə toplayır və bu da federasiyamızın əsas məqsədlərindən biridir.
Baş katibin fikrincə, Kənan Qəhrəmanlı, həmçinin Tərlan Məmmədov gələcəyinə böyük ümidlər bəslənilən gənc velosipedçilərdir. Komandanın daha təcrübəli yerli və əcnəbi üzvləri ilə birgə məşq və yarışların bu idmançıların inkişafına müsbət təsir göstərəcəyi isə heç kimdə şübhə doğurmur.
"Synergy Baku”nun heyətinə cəlb edilən digər velosipedçilərə gəlincə, xorvatiyalı Matiya Kvasina ölkəsinin fərdi ötüşmə üzrə son çempionudur. Digər xorvatiyalı velosipedçi Yosip Rumaç isə qrup ötüşməsi üzrə ölkəsinin çempionatında 2-ci yeri tutub. Həmçinin Xorvatiya yığma komandasının heyətində "Bakı-2015” ilk Avropa Oyunlarının, dünya və Avropa çempionatlarının iştirakçısı olub.
Gələn il üçün sifariş edilən Kiril Pozdnyakova gəlincə, 2013-cü ildə "Synergy Baku”nun heyətində uğurlu mövsüm keçirən velosipedçi 2.1 kateqoriyalı çoxgünlük "Tour of China” yürüşünün qalibi olub, sonrakı 2 ildə isə Rusiyanın pro-kontinental "RusVelo” komandasının heyətində çıxış edib.
"Synergy Baku” komandasının heyətində Elçin Əsədov, Maksim Averin, Elgün Əlizadə, Ənvər Asanov, İsmayıl İlyasov, Samir Cəbrayılov, Kənan Qəhrəmanlı, Tərlan Məmmədov (hamısı Azərbaycan), Matiya Kvasina, Matey Müqerli, Yosip Rumaç (hər üçü Xorvatiya), Aleksandr Surutkoviç (Ukrayna), Kiril Pozdnakov (Rusiya) və İoannis Tamuridis (Yunanıstan) yer alıblar.