Dekabrın 17-də Boks Mərkəzində gənc boksçular arasında əməkdar idman ustası Abbas Ağalarovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start verildi.
"Olimpnews.az” xəbər verir ki, yarışda Azərbaycanla yanaşı İran, Gürcüstan, Qazaxıstan, Özbəkistan, 100-dək boksçu bacarığını nümayiş etdirir. Yarışda ölkəmiz 3 komanda ilə təmsil olunur. Yarışın ilk günü turnirin açılış mərasimi keçirildi. Mərasimdə çıxış edən Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev qonaqları salamlayaraq yarışın əhəmiyyətindən danışdı: «Hörmətli boksçular və boks həvəskarları! Əməkdar idman ustası, Azərbaycan boksunu bütün SSRİ-də və dünyada tanıdan Abbas Ağalarovun xatirəsinə həsr olunan bu yarış ölkəmizdə ənənəvi olaraq təşkil olunur. Turnirdə Avropa və dünya birinciliklərində fərqlənmiş boksçular iştirak edirlər. Burada idmançılar təcrübələrini artırmaqla yanaşı, öz potensial və imkanlarını üzə çıxarmaq imkanı əldə edirlər. Hazırda ölkəmizdə tanınan bir sıra titullu boksçularımız məhz vaxtilə bu yarışlarda ilk addımlarını atıblar. İnanıram ki, bu gün bu turnirdə çıxış edən boksçular ölkəmizi qarşıdakı yarışlarda layiqincə təmsil edəcəklər».
Yarışlar açıq elan olunduqdan sonra müxtəlif çəkilər üzrə ilkin qarşılaşmalara start verildi. Yarışlara dekabrın 20-də yekun vurulacaq.
Aysel Sultanova