
8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin Dünya Azərbaycanlarının Həmrəylik Gününə həsr olunmuş boks üzrə açıq birinciliyi keçirilib. Olimpnews.az saytının məlumatına görə, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının boks zalında keçirilən turnirdə 11 komandanın tərkibində ümumilikdə 90 idmançı qüvvəsini sınayıb.
Yarışın açılış mərasimində 8 saylı İOEUGİM-in direktoru Elvin Məmmədxanov və veteran boksçu Tofiq Babanlı iştirak edib. Açılış mərasimində çıxış edən Elvin Məmmədxanov yarış iştirakçılarını salamlayaraq, turnir haqqında məlumat verib. «Hər il olduğu kimi, bu il də məktəbimizin açıq birinciliyi keçirilir. Yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Cəlilabad, Nefçala, Şirvan, Şabran və Ağsu komandalarını da təmsil edən yeniyetmə boksçular mübarizə aparırlar. Sevindirici haldır ki, paytaxt və bölgə komandaları böyük tərkiblə bu yarışda iştirak edirlər. Bizim əsas məqsədimiz Təhsil Nazirliyinin idman məktəbi olaraq uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmək, onları idmana cəlb etmək, həmçinin boks idman növünə marağın və yarış iştirakçılarının təcrübəsinin artırılmasıdır», - deyə Elvin Məmmədxanov bildirib.
2002-2003-cü illər təvəllüdlü idmançılar arasında keçrilən yarışda birinci yeri 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin komandası tutub. 1 saylı İOEUGİM ikinci, Cəlilabad komandası isə üçüncü yerə layiq görülüb. Qaliblər diplom, medal və kuboklarla təltif olunublar.