Azərbaycanın şosse velosipedi üzrə yığmasının və "Synergy Baku Cycling Project" kontinental komandasının üzvü Maksim Averin bu ilin avqustunda Braziliyanın Rio-de-Janeyroda keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.
Bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib. Maksim Averin mötəbər idman yarışında ölkəmizi qrup yarışlarında təmsil edəcək.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, yay Olimpiya Oyunlarından əvvəkli il ərzində velosipedçilər təmsil etdikləri qitələr üzrə klub və yığma səviyyəsində yarışlarda iştirak etməklə olimpiadaya lisenziya xalları toplayırlar. 2015-ci ildə "Synergy Baku"nun heyətində bir sıra yarışlarda uğurla çıxış edən Maksim Averin ümumilikdə 158 lisenziya xalı toplayıb ki, bu da ona Rio-2016 Olimpiadasında qrup yarışları üzrə mübarizə aparacaq 142 velosipedçi sırasına düşmək imkanı verib.
Məlumat üçün onu da bildirək ki, Maksim Averinin atası, Azərbaycan velosiped məktəbinin yetirməsi, 1978-ci il Dünya Turunun qalibi Aleksandr Averin SSRİ yığma komandasının heyətində Monreal-1976 Yay Olimpiya Oyunlarında iştirak edib.