
Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən "Baku Fires” VI mövsümə hazırlığı davam etdirir. Olimpnews.az saytının məlumatına görə, komandamız ABF-nin Boks Mərkəzində gündə iki dəfə məşq edir.
Baş məşqçi Nuripaşa Talibov yeni çempionatda iştirak edəcək heyəti açıqlayıb. Hələlik iştirak ərizəsinə 23 boksçunun adı daxil edilib. Onların arasında Rio Olimpiadasına vəsiqə qazanan Albert Səlimovla Pərviz Bağırov da var. Bu boksçular yalnız ehtiyac yaranarsa, rinqə çıxacaqlar. Son dünya çempionatının bürünc mükafatçısı Abdulqadir Abdullayev milli komandamızın düşərgəsində lisenziya yarışlarına hazırlaşsa da, onun da adı heyətə salınıb. Komandamızın liderləri Heybətulla Hacəliyev (64 kq), Nikolay Veselov (75 kq), Soltan Migitinov (81 kq) və Arslanbek Mahmudov (+91 kq) bu mövsümdə də WSB liqasında çıxış edəcəklər.
"Baku Fires” yeni mövsümdə ilk görüşünü yanvarın 23-də Qazaxıstanın Karaqanda şəhərində yerli "Astana Arlans”a qarşı keçirəcək, fevralın 5-də isə Bakıda Özbəkistan komandasını qəbul edəcək.
Komandamızın heyəti
49 kq: Cavid Dadaşov, Rasul Saliyev.
52 kq: Məhəmməd İbiyev, Murad Rabadanov.
56 kq: Məhəmməd Qurbanov, Yaraş Məhəmmədov.
60 kq: Albert Səlimov, Nəsrəddin Məmmədov, Hasan Arsunkayev.
64 kq: Heybətulla Hacəliyev, Zaur Abdullayev.
69 kq: Pərviz Bağırov, Tamerlan Abdullayev, Yevgeni Ramaşkeviç.
75 kq: Nikolay Veselov, Zaurbek İbraimov, Badri Xardziani.
81 kq: Soltan Migitinov, Jaba Xositaşvili, Mixail Dolqolivets.
91 kq: Abdulqadir Abdullayev, Hacı Murtuzəliyev.
+91 kq: Arslanbek Mahmudov.