“Astana Arlans” və “Baku Fires” boks komandalarının heyəti açıqlanıb

“Astana Arlans” və “Baku Fires” boks komandalarının heyəti açıqlanıb

Azərbaycanı Dünya Boks Seriyasında (WSB) təmsil edəcək "Baku Fires” klubu VI mövsümdə ilk görüşünə çıxır.

Olimpnews.az saytının məlumatına görə, komandamız yanvarın 23-də Qazaxıstanın Karaqanda şəhərində Sapiyev Boks Mərkəzində yerli "Astana Arlans” klubu ilə qarşılaşacaq. Ötən il liqanın qalibi olan Qazaxıstan təmsilçisi cari mövsümdə də iddialıdır.

Artıq komandaların heyəti məlumdur. Belə ki, Temirtas Jusupov ("Astana Arlans”, 49 kq) Cavid Dadaşov ("Baku Fires”), Meirbolat Toitov (56 kq) Yaraş Məhəmmədov, Asxat Ualixanov (64 kq) Heybətulla Hacıəliyev, Meyirim Nursultanov (75 kq) Badri Xardziani, Erkin Muxamedjan (91 kq) isə Hacı Murtuzəliyev ilə üz-üzə gələcək.

Yeni mövsümün ilk görüşündə "Baku Fires” klubunun heyətində bir boksçu debüt edəcək. Gürcüstanlı B.Xardziani ötən il Avropa Oyunlarında iştirak etsə də, ancaq mükafatçılar sırasına düşə bilməyib. Onun rəqibi M.Nursultanovun 22 yaşı var və WSB liqasında üç döyüş keçirib. O, yeganə məğlubiyyətini komandamızın üzvü Yevgeni Ramaşkeviçdən alıb.

Son vaxtlar milli komandadan kənarda qalan H.Hacıəliyev də Karaqandada rinqə çıxacaq. 2011-ci ilin Avropa çempionatının bürünc mükafatçısı özünü yığmanın məşqçilərinə göstərmək üçün cari çempionatda nailiyyət qazanmağa çalışacaq. Həmyerlimiz artıq A.Ualixanovu 2014-cü ilin aprelində Qubada keçirilən döyüşdə məğlub edib.

C.Dadaşov üçün isə Qazaxıstanda heç də asan olmayacaq. Boksçumuz "Astana Arlans”ın ən təcrübəli üzvlərindən biri Asiya çempionu T.Jusupovla üz-üzə gələcək. Bu görüşdə H.Murtuzəliyev komandamızın heyətində favoritlərdən hesab olunur. Son Azərbaycan çempionatında gözlənilmədən uduzan boksçumuz liqada debüt edən E.Muxamedjanla görüşəcək.