Əlauddin Yakub Marikan: “Pençak-silat idman növü islam ənənələrinə söykənən bir şərq döyüş növüdür”

Əlauddin Yakub Marikan: “Pençak-silat idman növü islam ənənələrinə söykənən bir şərq döyüş növüdür”

Beynəlxalq Pençak Silat Federasiyasının icracı direktoru, Asiya Pençak Silat Federasiyasının prezidenti şeyx Əlauddin Yakub Marikan ölkəmizdə səfərdədir. Səfər çərçivəsində qonaq fevralın 3-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşüb. Görüş başa çatdıqdan sonra sinqapurlu qonaq saytımıza eksklüziv müsahibə verib.

- Cənab Əlauddin Yakub Marikan, Azərbaycana səfərinizin əsas məqsədi barədə fikirlərinizi bilmək istərdik.
- İlk növbədə deyim ki, əslən Sinqapurdanam. Bu gün burada Beynəlxalq Pençak Silat Federasiyasını, Asiya və Sinqapur Pençak Silat Federasiyalarını təmsil edirəm. Azərbaycana səfərim pençak silat idman növünün IV İslam Həmrəyliyi Oyunlarının proqramına salınması ilə bağlıdır. Uzun müddətdir ki, Azərbaycan Pençak Silat Federasiyası ilə sıx əməkdaşlıq edirik. Pençak-silat idman növü islam ənənələrinə söykənən bir şərq döyüş növüdür. Bu növ islam ölkələri arasında yüksək səviyyədə inkişaf edib.
80-dən çox ölkədə pençak silat idman növü ilə məşğul olurlar. Bu növ üzrə Avropa və dünya çempionatları, Asiya Oyunları, Asiya Çimərlik Oyunları kimi mötəbər yarışlar keçirilir. Pençak silatın vətəni İndoneziyadır. Bu ölkə ilə yanaşı, Sinqapur, Malaziya, Vyetnam kimi ölkələrdə bu növ yüksək səviyyədə inkişaf edib. Bu illər ərzində Azərbaycan idmançıları pençak silat üzrə bir sıra nailiyyətlər qazanıblar.

- Pençak silat idman növünün İslam Həmrəyliyi Oyunlarının proqramına salınması şanslarını necə dəyərləndirirsiniz?
- Pençak silatın proqrama daxil edilmə şansı var. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşümüz oldu. Çingiz Hüseynzadə qeyd etdi ki, IV İslam Həmrəyliyi Oyunlarının proqramı artıq müəyyənləşib. Bununla belə o, bizi bu məsələdə dəstəkləyəcəyini bildirdi. Düşünürəm ki, islam ənənələrini əks etdirən bir idman növü kimi, pençak silatın məhz Azərbaycanda keçirilən İslam Oyunlarının proqramına salınması daha yaxşı olar. Bu, bizə pençak silatı bütün dünyaya bir daha tanıtmaq imkanı verər.

- Bildiyimizə görə, Azərbaycana ilk dəfədir ki, səfər edirsiniz. Ölkəmizlə bağlı təəssüratlarınız necədir?
- Səfərdən öncə Azərbaycan haqqında məlumatım az idi. Azərbaycan Pençak Silat Federasiyasının vitse-prezidenti Abbas Hünbətov mənə ölkəniz barədə qismən məlumat vermişdi. Gördüklərim eşitdiklərimi üstələdi. Azərbaycanda insanlar çox qonaqpərvərdirlər və burada mənə xoş münasibət göstərdilər. Paytaxtın bir sıra görməli yerlərində oldum. Ölkənizin gözəllikləri barədə bütün dostlarıma və həmkarlarıma danışacağam.

- Azərbaycan idmanı barədə də fikirlərinizi bilmək istərdik.
- Müxtəlif döyüş növlərinin, əsasən də, güləşin Azərbaycanda yüksək səviyyədə inkişaf etməsi barədə məlumatım var. Yay Olimpiya Oyunlarında idmançılarınızın yüksək nailiyyətlər qazandığını bilirəm. Buyaxınlarda Çexiyada qarışıq döyüş növləri üzrə dünya çempionatında iştirak etdim. Yarışda ağır çəkidə çempion adını Azərbaycanlı idmançı qazandı. Həmin idmançı ilə orada söhbət etmək imkanı əldə etdim.

- İdmanda hansı uğurlarınız olub?
- Pençak silat üzrə ikiqat dünya çempionuyam. İndoneziya və Tailandda keçirilən beynəlxalq açıq çempionatında qalib adını qazanmışam. Dəniz Oyunlarının 4 dəfə çempionu olmuşam. Bu yarışlar bir növ kiçik Olimpiya Oyunlarını xatırladır. 6 dəfə Sinqapurda «ilin məşqçisi» adına layiq görülmüşəm. Ən böyük arzum pençak-silat idman növünü Olimpiya oyunlarının proqramında görməkdir. Gələcək nəsillərin bu növü daha inkişaf etdirməsini istəyirəm.