Azərbaycanın şosse velosipedi üzrə "Synergy Baku” kontinental komandası bu mövsümdə ilk uğurunu əldə edib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) Xorvatiyada keçirilən birgünlük "Porec Trophy” yürüşü komandamızın üzvü Matey Müqerlinin qələbəsilə başa çatıb.
Sayca 14-cü dəfə təşkil edilən yarışa Elçin Əsədov, Maksim Averin, Matiya Kvasina, Matey Müqerli, Yosip Rumaç və Yannis Tamuridisdən ibarət heyətlə qatılan "Synergy Baku”nun komanda işi uğurlu sonluqla nəticələnib. 156,5 km-lik məsafəni 3 saat, 23 dəqiqə, 25 saniyəyə qət edən Müqerli ən yaxın izləyicisini 1 saniyə qabaqlayıb və starta çıxan 192 velosipedçi arasında finiş xəttini birinci keçməklə "Porec Trophy”nin 3 qat qalibi olub.
Qeyd edək ki, təmsilçimiz Sloveniyanın "Adria Mobil” komandasının heyətində çıxış edərkən 2012 və 2013-cü illərdə də adı çəkilən yarışın qalibi olub. 2014-cü ildə isə bu yarışda "Synergy Baku” və Azərbaycanın Elit yığma komandasının üzvü, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin çempionluq sevinci yaşayıb.