Velosipedçimiz DÇ-də 7-ci oldu

Velosipedçimiz DÇ-də 7-ci oldu



Londonda velosiped idmanının trek növü üzrə dünya çempionatına yekun vurulub. Yarış Azərbaycan yığma komandası üçün uğurla başa çatıb. Millinin üzvü Sergey Omelçenko Olimpiya növü olan keyrində 7-ci yeri tutmaqla ən yüksək nəticəyə imza atıb.

Reqlamentə əsasən, ilkin mərhələdə 7 idmançı arasında finiş xəttini 2-ci keçən velosipedçimiz birbaşa yarımfinala vəsiqə qazansa da, finalda 6 iştirakçı sırasında yer ala bilməyib. Bununla belə, Sergey Omelçenko 7-ci yer uğrunda mübarizədə digər 5 rəqibini qabaqlamağı bacarıb. Qeyd edək ki, dünya çempionatının keyrin növündə planetin 25 ən güclü idmançısı mübarizə aparıb.

Qadınlar arasında 200 metr məsafəyə sprint növündə çıxış edən yığma komandamızın digər üzvü Olqa İsmaylova isə 33 iştirakçı arasında 18-ci nəticə göstərib.