Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez AFFA-nın rəsmi saytına müsahibə verib.
- 10 gün davam edən hazırlıq prosesindən razı qaldınızmı?
- Martın 7-dən 17-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirdik. Səhər fiziki, axşam məşqlərini isə taktiki çalışmalar və standart vəziyyətlər üzərində qururduq. Dünya çempionatının əsas seçmə, Avropa çempionatının isə final mərhələsindən əvvəl fiziki məşqlər keçdiyimizdən, bu dəfə müəyyən elementləri təkmilləşdirdik. Ümumi götürdükdə, hazırlıq normal keçdi. Əhval-ruhiyyəmiz də yaxşıdır. Bizi 2 gərgin oyun gözləyir. Səfərdən sərfəli nəticə ilə dönmək istəyirik.
- Hazırlıq prosesini yoxlama oyunu ilə yekunlaşdırdınız. Nəticə istədiyiniz kimi alındı?
- "Neftçi” və "Ekol” komandalarının futzalçılarından təşkil edilmiş yığma ilə qarşılaşdıq. Bu oyunu keçirməkdə əsas məqsədimiz yeni örtüyə uyğunlaşmaq idi. Yanvarda onlarla qarşılaşmada böyükhesablı qələbə qazanmışdıq. Amma bu dəfə daha maraqlı oyun izlədik. Əslində, hansısa ölkənin millisi ilə qarşılaşsaydıq, daha yaxşı olardı. Lakin əksəriyyəti əvvəlcədən yoldaşlıq oyunu təyin etdiyindən, istəyimiz alınmadı.
- Hollandiyaya aparacağınız heyətdə edilən dəyişikliklər məcburiyyətdən, yoxsa zərurətdəndir?
- Toplanışa geniş heyət dəvət etməkdə məqsədim rəqabət yaratmaq idi. Bu dəfə 4 oyunçunu dəyişdik. Kim güclüdürsə, ona şans verəcəyik. Sergey Çuykov isə oyun sistemimizə uyğunlaşmaqda çətinlik çəkir. O, yığmanın düşərgəsində ən yaxşı halda 1 həftə olur. Buna görə də istədiyimizi ondan ala bilmirdik.
- Avropa çempionatının final mərhələsi zamanı keçirilən oyunlarda futzalçılarımız çoxsaylı səhvlərə yol verdi. Geridə qalan müddətdə bunu yoluna qoya bilmisinizmi?
- Razıyam, qitə birinciliyi zamanı səhvlərimiz oldu. Bakıya döndükdən sonra oyunları yenidən izlədik, analiz etdik. Bu iki oyunda həmin səhvlərə yol verməməliyik. Bu cür səhvlərin olması əslində normaldır. Çünki heyətimizdə yer alan gənc futzalçılar il ərzində cəmi 5-6 beynəlxalq oyun keçirir.
- Bəs Hollandiya yığması haqda hansı məlumatlar əldə etmisiniz?
- DÇ-nin əsas seçmə mərhələsində onlar İspaniya, Bosniya və Hersoqovina və Latviya yığması ilə oynayıblar. İspaniya ilə oyunda hesabı hollandlar açdı və bu üstünlüyü 12 dəqiqə qorudular. Rəqibimiz yalnız birinci hissənin sonuna yaxın qapısından 2 top buraxdı və məğlub duruma düşdü. Fasilədən sonra baş məşqçiləri 5-ci oyunçunu meydana buraxdı və 7:1 hesabı ilə uduzdular. Amma bu onların zəif olduğu anlamına gəlməməlidir. Onlar yoldaşlıq oyunlarında Rusiyanı, Slovakiyanı məğlub ediblər. Heyətlərində mərakeşli futzalçılar çoxdur.