Məşhur futbolçu, "Şöhrət” ordenli Anatoli Banişevskinin 70 illik yubileyinə həsr olunmuş turnirə yekun vuruldu. Olimpnews.az saytının məlumatına görə, bununla bağlı AFFA-nın Bakı kəndləri üzrə əlaqələndiricisi və BKFF-nın prezidenti Vaqif Davudov redaksiyamızın qonağı oldu. O, bizi maraqlandıran sualları cavablandırdı.
- Məşhur futbolçu Anatoli Banişevskinin 70 illik yubileyinə həsr olunmuş turnirə yekun vuruldu. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- 1997-ci ildən bu günə qədər hər il məşhur futbolçu, "Şöhrət” ordenli Anatoli Banişevskinin ad gününə həsr edilmiş ənənəvi futbol turniri keçirilir. Bu il tanınmış futbolçunun 70 illik yubileyi oldu. Xatirə turnirinin təşkilində AFFA Veteranlar İttifaqının sədrinin müavini Rüstəm Rəhimov yaxından iştirak etdi. Yarışda 8 komanda 2 qrupda mübarizə apardı. Əsasnaməyə görə, qruplarda ilk yeri tutan klublar finala yüksəldilər. İkinci yerlərin sahibləri isə bürünc medallar uğrunda yarışdılar. Medallar uğrunda yarışdan əvvəl bizimlə birlikdə AFFA-nın baş katibi Elxan Məmmədov, "Neftçi” klubunun rəhbərliyi və futbol ictimaiyyətinin nümayəndələri mərhum futbolçunun məzarını ziyarət etdik. Bundan başqa, Azərbaycan futbolunun tanınmış simaları Ələkbər Məmmədov və Tofiq Bəhramovun məzarlarını da ziyarət etməyi özümüzə borc bildik.
Hər il keçirilən xatirə turniri maraqla qarşılanır. Bu dəfə 3-cü yer uğrunda matçda "Neftçi” "Sabirabad” komandasını 7:1 hesabı ilə məğlub etdi. Qeyd edim ki, "ağ-qaralar”ın heyətində Anatoli Banişevskinin nəvəsi Əli Babayev iştirak edirdi. O, turnirdə hamıdan çox qol vuran futbolçu oldu. Xatirə turnirində legioner futbolçular da iştirak edirdilər. Təbrizdən olan baş məşqçi Ağayi Mustafanın rəhbərlik etdiyi "Sabirabad” klubunun heyətində 8, "Binə”də 2, "Gənclik”də 3, "Sabunçu”da isə 2 legioner futbolçu yer almışdı.
- Bildiyimizə görə, Anatoli Banişevski sizin təşkil etdiyiniz turnirlərdə dəfələrlə iştirak edib...
- Anatoli Banişevski Afrikada işləyəndə ağır xəstəliyə tutulmuşdu. Buna baxmayaraq, o, özünü futbolsuz təsəvvür etmirdi. Tanınmış futbolçu 4 il ərzində bizimlə birlikdə Bakı kənd və qəsəbələrin çempionatı və turnirlərinin oyunlarına baxırdı. O, yeniyetmə və gənclərin oyunlarından sonra onlara öz tövsiyələrini verirdi.
- Qarşıdakı günlərdə hansı yarışlar keçirməyi planlaşdırırsınız?
- "Vətən” klubu və federasiyamızın birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş məktəblilər arasında turnir keçirəcəyik. Yarış Maştağa, Buzovna, Binə, Suraxanı və Əmircan kəndlərində təhsil alan 2007-ci il təvəllüdlü məktəblilər arasında təşkil olunacaq. 10 gün ərzində keçiriləcək turnirdə özünü yaxşı tərəfdən göstərən məktəblilər "Xəzri” klubuna dəvət olunacaqlar.