"Synergy Baku" İtaliyadan nəticəsiz dönüb

"Synergy Baku" İtaliyadan nəticəsiz dönüb



Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" İtaliyada təşkil edilən sayca 31-ci "Coppi e Bartali" yarışında iştirak edib. 4 mərhələdən ibarət Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışında 25 iştirakçı kollektiv arasında Böyük Britaniyanın "Team Sky" Dünya Turu, Rusiyanın "Gazprom RusVelo", İtaliyanın "Southeast-Venezuela", "Bardiani-CSF", "Androni Giocattoli" və "Nippo-Vini Fantini", Belçikanın "Topsport Vlaanderen-Baloise" kimi peşəkar kontinental komandaları qüvvəsini sınayıb. Qeyd edək ki, "Synergy Baku" "Coppi e Bartali" yürüşündə ölkəmizi Elçin Əsədov, Maksim Averin, Matiya Kvasina, Matey Müqerli, Kiril Pozdnyakov, Yosip Rumaç, Aleksandr Surutkoviç və Yannis Tamuridisdən ibarət heyət təmsil edib.
Komandamız mübarizəyə uğurla başlasa da, sonunu gətirə bilməyib. Belə ki, yarışın 3-cü mərhələsində komandamızın üzvü Yannis Tamuridis 172 km məsafəni 3 saat, 34 dəqiqəyə qət edib və fotofinişə əsasən 3-cü nəticə göstərib. Bundan başqa, "Synergy Baku" nüfuzlu yarışın ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan "yaşıl köynəy"i də 2-ci mərhələdən etibarən ələ keçirib - Kiril Pozdnyakov həm 2-ci, həm də 3-cü mərhələdə dağ yollarını daha inamla qət edib.
Lakin velosipedçilərimiz yarışın sonuncu, 4-cü mərhələsində inamsız çıxış nümayiş etdiriblər.