Boksçularımızın Samsunda «qazancı» 5 medal və 5 lisenziya oldu

Boksçularımızın Samsunda «qazancı» 5 medal və 5 lisenziya oldu
Buyaxınlarda Türkiyənin Samsun şəhərində keçirilən boks üzrə Avropa təsnifat turnirinə yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, Rio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış Azərbaycan milli komandası üçün uğurlu alınıb.

Hər çəki dərəcəsində 3 lisenziya uğrunda mübarizə aparılan yarışın ilk gününündə qadın boksçumuz Yana Alekseyevna (60 kq) ilk görüşünü qələbə ilə başa vurub. Anaxanım Ağayeva (51 kq) isə ilk döyüşdə məğlub olub.

Turnirin üçüncü günü rinqə çıxan 4 boksçumuzdan 3-ü qələbə qazanmağa müvəffəq olublar. Lorenso Sotomayor (64 kq) irlandiyalı Din Uolşa, Məhəmmədrəsul Məcidov (+91 kq) İrlandiya komandasının digər üzvü Din Qardnerə qalib gəlib. Yana Alekseyeva isə turnirdə ikinci qələbəsini qazanıb. Bu dəfə o, türkiyəli boksçu Gülsüm Tatara qalib gəlib. İlk yarış günündə istirahət edən Yelena Vıstropova (75 kq) rinqə çıxdığı birinci görüşdəcə rinqi məyus tərk edib.

Ertəsi gün rinqə çıxmaq sırası Cavid Çələbiyevə (56 kq) və Teymur Məmmədova (81 kq) çatıb. Cavid moldovalı Vyaçeslav Qoyanla döyüşdə vaxtından əvvəl qələbəni bayram edib. Rusiyalı Giorgi Kuşitaşvili üzərində qazandığı qələbə Teymura Cavidlə birlikdə 1/4 finala adlamaq imkanı verib. Görüşdən sonra Rusiya komandasının baş məşqçisi İvan Şidlovski öz ölkəsinin mətbuat nümayəndələrinə müsahibə verib. Baş məşqçi Teymur Məmmədovu məşhur və tanınmış boksçu kimi dəyərləndirib. Sonra o, boksçumuzun Yay Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında qazandığı uğurları sadalayıb.

Turnirin 5-ci günü rinqdə Azərbaycan boksçuları daha tez-tez görünməyə başlayıblar. Bir-birini əvəz edən 7 boksçumuzdan 5-i rinqi başıuca tərk edib. Lorenso Sotomayor (64 kq) yunanıstanlı Aleksondros Sanikidisa, Cavid Çələbiyev (56 kq) bolqarıstanlı Stefan İvanova, Əbdülqədir Abdullayev (91 kq) irlandiyalı Darren Onilə, Məhəmmədrəsul Məcidov isə (+91 kq) italiyalı Qvido Vianelloya qalib gəliblər.

Qadın boksçumuz Yana Alekseyeva da turnirdə 3-cü qələbəsini qazanıb. O, isveçli Aqness Aleksisson üzərində qələbə qazanmaqla 4 kişi boksçumuzla birlikdə yarımfinala vəsiqə qazanıb. Amma Rüfət Hüseynov (49 kq) və Teymur Məmmədovun (81 kq) bəxti gətirməyib. Rüfət ispaniyalı idmançıya, Teymur isə türkiyəli Mehmet Unaluya məğlub olaraq çıxışlarını 1/4 finalda dayandırmalı olublar.

Turnirin yarımfinal görüşlərində Yana Alekseyeva irlandiyalı Keti Teyloru məğlub edərək, finala yüksəlib. Cavid Çələbiyevi isə ermənistanlı Aram Avaqyanla çətin bir görüş gözləyirdi. Aprelin əvvələrində cəbhə xəttində hadisələrin kəskinləşməsi, hərbi münqişənin genişlənməsi idmançılarımızın erməni rəqibləri ilə görüşlərində həmişə mövcud olan prinsipiallığı bu dəfə daha da artırırdı. Erməni boksçusu ilə rinqdə üz-üzə dayanan Cavid Çələbiyev bütün bu məsuliyyətin ağırlığını duyurdu və bunun nəticəsi idi ki, boksçumuz bu görüşdə rəqibinə xal vermədən qalib gəldi. Boksçumuz görüşdən sonra «mən bu qələbəni torpaqlarımız uğrunda döyüşlərdə şəhid olan oğullarımıza həsr edirəm», - deyib. Yarımfinaldakı qələbələri ilə Lorenso Sotomayer və Məhəmmədrəsul Məcidov da həlledici döyüşlərə vəsiqə qazanıblar. Lorenso ilə Məhəmmədrəsul, müvafiq olaraq, türkiyəli Batuxan Gezqaça və Ali Eren Demirezənə qalib gəliblər.

Finala yüksəlməklə Rio-2016-ya lisenziya sahibi olan Cavid Çələbiyev Böyük Britaniyadan olan rəqibi Qais Aşfaq üzərində qələbə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni uğurlara italiyalı İrma Testaya qalib gələn Yana Alekseyevna və litvalı Evaldas Pertauskas üzərindəki qələbə ilə Lorenso Sotomayor nail olublar. Məhəmmədrəsul Məcidov isə finalda ingilis boksçusu Yozef Coysa məğlub olub. Əbdülqədir Abdullayev turnin üçüncüsü olmaqla, Olimpiya oyunlarına lisenziya qazanıb.

Beləliklə, komandamız 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Təmsilçilərimiz 5 lisenziya ilə turniri komanda hesabında ikinci yerdə başa vurublar.