Ölkəmizin idman həyatında fəal iştirak edən Səbuhi Rəcəb Türkiyə Sport Kombat Sambo Federasiyasının və Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezienti kimi fəaliyyət göstərir. Olimpnews.az saytının məlumatına görə, onunla söhbətimiz idmanda qazandığı uğurlar və digər məsələlərlə bağlı oldu.
- Səbuhi müəllim, əvvəlcə özünüz haqda oxucularımıza ətraflı məlumat verərdiniz.
- Mən 1982-ci il oktyabrın 20-də Bakı şəhərində anadan olmuşam. 1989-cu ildə Qaradağ rayonunun 228 saylı orta məktəbində təhsil almışam. 1999-cu ildə BDU-nun hüquq fakültəsinə qəbul olmuşam. 2003-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə başa vurmuşam. Magistr pilləsini də fərqlənmə diplomu ilə bitirmişəm. 2005-ci ildə daha əvvəldən idmançısı olduğum Mərkəzi Ordu İdman Klubunun (MOİK) tərkibində həqiqi hərbi xidmət keçmişəm. 2003-2006-cı illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnzibati və Cinayət Hüququ şöbəsində mütəxəssis və böyük mütəxəssis vəzifəsində işləmişəm. Qeyd edim ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü, "Effektiv Cəmiyyət İnstitutu” İctimai Birliyinin rəhbəri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin donoru və xeyriyyəçisiyəm.
- İdmana gəlişiniz necə olub?
- İdmana lap uşaqlıqdan həvəs göstərmişəm. Həmin vaxtlar Bryüs Li, Jan Klod Van Dam, Ceki Can kimi tanınmış idmançıların çəkildiyi filmlərə sevə-sevə baxırdım (gülür). Bunun nəticəsi olaraq, 1989-cu ildə Sahil qəsəbəsində karate bölməsinə yazıldım. 8 il sonra taekvondo idman növü ilə məşğul olmağa başladım. Sonradan isə kikboksinq və boks idman növlərinə həvəs göstərdim. Kikboksinq idman növündə müəllimim Rauf Aydınov, boksda isə Zahid Əliyev, Nurələm Mərdanov olub. 1999-2007-ci illərdə "Budokan”, MOİK idman klublarında idmançı kimi çıxış etmişəm. Bir neçə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuşam. Hazırda peşəkar səviyyədə olmasa da, idmanla məşğul olmağı davam etdirirəm. Qeyd edim ki, kikboksinq və muaytay üzrə idman ustasıyam.
- Səbuhi müəllim, son vaxtlar Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində xalqımız bir daha həmrəylik nümayiş etdirdi.
- Əsgərlərimizin şücaəti, mərdliyi sayəsində ön cəbhədən qələbə xəbərləri aldıq. Həqiqətən, bu, qürurvericidir. Düşmən tərəfinin geri çəkilməsi, torpaqlarımızın bir qisminin işğaldan azad edilməsi bir daha dövlətimizin güclü olduğunu sübut etdi. Hazırda dünya mediası Azərbaycan əsgərlərinin qazandığı qələbədən danışır. Buyaxınlarda Müdafiə Nazirliyinə müraciət etdik ki, biz müharibəyə getmək istəyirik. Dövlətin siyasətini daim dəstəkləyirik. Lazım olsa, hər an əlimə silah alıb düşmənlərə qarşı vuruşmağa hazıram. Sevinirəm ki, əsgərlərimizin vətənpərvərliklə yanaşı, idman hazırlığı da yüksək səviyyədədir. Allah şəhidlərimizə rəhmət eləsin! Biz onların qanını yerdə qoymayacağıq.
- Ön cəbhədə səngərlərdə mərdliklə dayananlar arasında idmançılar da az deyil...
- Torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmanlıq göstərənlər arasında idmançılar da var. İdman insanda cəsarət, mübarizlik hissini gücləndirir. Döyüş qabiliyyəti, özünü müdafiə - bütün bunlar idman sayəsində qazanılır. Gənc nəslin vətənpərvər ruhda böyüməsində idmanın böyük rolu var. İdman həm də mübarizədir. Rəqiblə mübarizədə qalib gələn idmançının psixologiyası adi insanların psixologiyasından fərqli olur. İdmançılar heç nədən qorxmurlar, ölümdən belə. Odur ki, onlarda Vətəni müdafiə etmək, qələbə qazanmaq əzmi yüksək olur. Vətənə xidmət etməyin müxtəlif yolları var. Hər kəs öz işi, fəaliyyəti ilə vətənə xidmət edə bilər. Onlar beynəlxalq yarışlarda ölkəmizin bayrağını zirvələrə qaldırır, himnimizi səsləndirirlər. Bu, Azərbaycanın ən gözəl təbliğatıdır. İdmançılara dövlətimiz tərəfindən böyük diqqət və qayğı var. Onlar üçün hər bir şərait yaradılıb.
- Bildiyimizə görə, Siz Türkiyədə Sport Kombat Sambo Federasiyasında vitse-prezidenti kimi də fəaliyyət göstərirsiniz.
- 1995-ci ildə Türkiyədə Sport Kombat Sambo Federasiyası fəaliyyətə başlayıb. Federasiyanın prezidenti Qadir Məmmədovdur. Biz həmişə federasiyanın 60-a yaxın idmançı və məşqçilərinə beynəlxalq yarışlarda dəstək olur, onlara idman geyimləri hədiyyə edirdik. Ötən il bizi Türkiyəyə tədbirə dəvət etdilər. Amma tədbir haqqında bizə heç bir məlumat verməmişdilər. Mərasimə dünyanın əksər federasiyalarının rəhbərləri dəvət olunmuşdu. Məni səhnəyə çağırdılar və Türkiyə Sport Kombat Sambo Federasiyasının 1-ci vitse-prezidenti seçildiyimi bildirdilər. Buna özüm də təəccüblənmişdim. Bununla yanaşı, Türkiyə idmanına göstərdiyim diqqətə görə də mükafatlandırıldım. Həqiqətən də federasiyanın prezidenti Qadir müəllim orada böyük işlər görüb. Eyni zamanda, əvvəllər ölkəmizdə işləmiş Mübariz İbrahimov federasiyada baş məşqçi vəzifəsində çalışır. O, gələndən sonra beynəlxalq arenalarda nəticə qazanan idmançıların sayı daha da artıb. Yeri gəlmişkən, qeyd edim ki, 2014-2015-ci illərdə Azərbaycan Sambo Federasiyasında da vitse-prezident vəzifəsində çalışmışam.
Layihələrimizə gəldikdə isə, sambo idman növü üzrə 35-40 ölkənin iştirakı ilə İstanbulda "Heydər Əliyev” kuboku keçirmək istəyirik. Bu layihəni Azərbaycan Sambo Federasiyası ilə birgə həyata keçirmək niyyətindəyik. Hazırda turnirlə bağlı təşkilatçılıq işləri həyata keçirilir. Yaxın vaxtlarda yarışın keçirilmə tarixi bəlli olacaq.
- Yeri gəlmişkən, Siz həm də Azərbaycan Kikboksinq Federasiyasında peşəkarlar üzrə vitse-prezidentisiniz. Federasiya rəsmisi kimi, ölkəmizdə bu idman növünün inkişafını necə qiymətləndirirsiniz?
- Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də yüksək səviyyəli diqqət və qayğı göstərilir. Ümummilli lider Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz buna görədir ki, həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərində uğurlarımız kifayət qədərdir.
Bir ildir fəaliyyət göstərdiyim bu vəzifəyə federasiyanın prezidenti Adil Əliyevin dəvəti ilə gəlmişəm. Hazırda respublikamızda kikboksinq idman növü inkişaf mərhələsindədir. Müqayisə üçün bildirim ki, ötən il ölkə çempionatında 400-ə yaxın, builki yarışda isə 600-dən çox idmançı qalib adı uğrunda mübarizə apardı. Bu amil respublikamızda gənc kikboksçular nəslinin yetişməsindən, bu növün sürətli inkişafından xəbər verir. Paytaxtla yanaşı, böləgələrdə də kütləviliyi təmin etmişik. Təbii ki, Adil Əliyevin bu sahədə gördüyü işlər danılmazdır.
Qeyd edim ki, Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən "12 May” idman klubunun direktoruyam. Klub 2012-ci ildən təsis edilib və burada 80-a yaxın kikboksçu idmanın sirlərini öyrənir. İdman klubuna 5-6 yaşından uşaqlar qəbul olunur. 5 qat dünya çempionu Ehram Məcidovun baş məşqçisi olduğu klubda dünya və Avropa çempionları çoxluq təşkil edir. Çalışırıq ki, klubumuzun fəaliyyət istiqamətini genişləndirək. Burada cüdo, güləş, boks və nizəatma kimi bölmələr yaratmaq fikrindəyik.
Hazırda iş adamı kimi, dəstək verdiyim idmançılar çoxdur. Bunlar arasında Ramiz Məmmədov, Kamran Bayramov (hər ikisi dünya və Avropa çempionu), Pərviz Abdullayev (dünya çempionu), Bəybala Quliyev (dünya mükafatçısı), Çingiz Əhmədzadə, Elmir Süleymanov (hər ikisi Avropa çempionu), Nəcməddin Məmmədzadə, Qiyas Şahmərdanovun (hər ikisi Avropa mükafatçısı) adlarını qeyd etmək olar.
- Övladlarınız arasında idmanla məşğul olan varmı?
- Mənim 2 oğlum və 2 qızım var. Oğlanlarımın yaşları hələ azdır. Ona görə də, idmanla həvəskar şəkildə məşğul olurlar. Şübhəsiz ki, yaşları artdıqca onların idmanla daha peşəkar səviyyədə məşğul olmasına çalışacağam. Qızlarımdan birini isə gimnastika bölməsinə yazdırmışam. Əsas məqsədim odur ki, övladlarım fiziki cəhətdən sağlam böyüsünlər.
- Səbuhi müəllim, gələcək planlar barəsində danışardınız.
- Sizə bir sirr açım ki, buyaxınlarda böyük idman klubu təsis edəcəyik. Artıq sənədləşmə işləri yekunlaşmaq üzrədir. Açılacaq yeni idman klubuna tanınmış məşqçilər dəvət etmişik. İdman ocağının tərkibində, bir neçə idman növünə üstünlük verəcəyik. Yeni klubun paytaxtla yanaşı, Sumqayıt, Gəncə, Qəbələ, Biləsuvar, Masallı, Şirvan və İmişlidə də filialları fəaliyyət göstərəcək. Məqsədimiz ölkəmizdə idmanı kütləviləşdirməsinə və inkişaf etməsinə öz töhfəmizi verməkdir. İnanıram ki, bu klubun idmançıları beynəlxalq arenalarda qazandığı medallarla himnimizi səsləndirəcək və bayrağımızı yüksəklərə qaldıracaqlar.