Ölkə kubokunun finalı başa çatdıqdan sonra "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirdi. Olimpnews.az saytının məlumatına görə, təcrübəli baş məşqçi jurnalistləri maraqlandıran sualları cavablandırdı.
- "Neftçi"nin futbolçuları bir neçə vəziyyətdə çox sərt oynadılar. Bununla əlaqədar Reynaldo və Almeydanı əvəzləmək barəsində düşünmədiniz ki?
- Əlbəttə zədədən uzaq olmaq lazımdır. Ancaq futbolda sərt oyun çox olur. Bu oyun avroliqa öncəsi bizim üçün yaxşı başlanğıc oldu. Düzdür, bəzi vəziyyətlərdə 4-cü hakimə etiraz etdim. Ümumiyyətlə, məncə, normal oyun oldu.
- İkinci hissədə Maksim Medvedev və Rəşad Sadıqov mövqelərini dəyişdilər...
- AZAL-la oyunda da bir neçə dəfə belə dəyişikliklər etmişdim. Belə olanda, hücum qurmaqda bir az işimiz asanlaşır.
- Oyunun penaltilər seriyasına getdiyi məqamda penalti ustası Almeydanı niyə meydandan çıxardınız?
- Bu gün qalib gəlmək bizim qismətimizdə var idisə, penaltilərdə də qalib gələcəkdik. Oyunun son 15 dəqiqəsində sol cinahımızda boşluqlar var idi. Ona görə Muaremi meydana buraxdım.
- Matçdan bir gün əvvəl oyunun taleyini 90 dəqiqə ərzində həll etmək istədiyinizi demişdiniz. Qarşılaşmanın əsas vaxtında qələbə qazanmağa nə mane oldu?
- İlk 90 dəqiqədə oyunun taleyini həll etmək çətin idi. Bu cür oyunlarda həyəcan olur. Buna görə də futbolçular son anlarda qapıya dəqiq zərbə vura bilmirdilər. Futbolçulara səbrli oynamağı tapşırmışdım. Oyunun 120 dəqiqə davam etməsi daha baxımlı oldu. Bəlkə də, bu cür sonluq azarkeşlərə futbolu bir az da sevdirdi.
- Reynaldonun 121-ci dəqiqədə qırmızı vərəqə alması barəsində nə deyə bilərsiniz?
- Əlbəttə, bu, düzgün deyildi. Ancaq bu final matçı idi. Komanda 120 dəqiqə yaxşı mübarizə apardı. Məncə, buna görə onu bağışlamaq olar.
- 2015/2016-cı illər mövsümü başa çatdı. Komandada yeni transferlər olacaq?
- Ölkə xaricində futbolçu axtarışındayıq. Ola bilsin, 1-ci və yaxud 2-ci turda yeni oyunçulardan istifadə edək. Ancaq tapmasaq, indiki heyətlə davam edəcəyik.
- Yerli futbolçulardan, məsələn, "Neftçi"dən bəyəndiyiniz kimsə yoxdur ki?
- Fikrimcə, "Neftçi"dən hazırda bizə futbolçu verməzlər. Biz rəhbərliyin xəbəri olmadan da bu klubun oyunçuları ilə danışıqlar aparmayacağıq.
- Klub prezidenti Tahir Gözəl müsahibələrində «ulduz» futbolçu transfer edilə biləcəyini vurğulayıb…
- Rəhbərlikdən hansısa futbolçunun alınmasını tələb etməmişəm. Sadəcə, hansı mövqelərə oyunçu lazım olduğunu demişəm. Bizə əsas «ulduz» futbolçu yox, işini görən futbolçu lazımdır.
- Arif Daşdəmirov komandaya nə kimi kömək edə bilər?
- O, ilk növbədə azərbaycanlıdır. Müdafiənin hər iki cinahında oynaya bilir. Fikirləşirəm ki, yaxşı komanda qurmaq üçün bizə yaxşı müdafiəçilər lazımdır. Digər mövqeləri sonra düzəltmək olar. Məncə, o, bizə lazımlı oyunçudur. Onun gəlişi Aqollinin gedişinə işarə deyil. Ansi gənclərə böyük örnəkdir.
- Avstriya toplanışı ilə bağlı plan bəllidir?
- İyunun 16-sı Avstriyaya yollanacağıq. Bundan bir gün sonra məşqlər başlayacaq. Ayın 19-dan isə millinin futbolçuları düşərgəyə gələcək. Ölkəyə qayıdacağımız vaxta gəlincə, bu, UEFA Çempionlar Liqasının püşkatmasından asılı olacaq. Artıq Avstriyada keçirəcəyimiz yoldaşlıq oyununda rəqiblərimizdən biri bəllidir. İlk qarşılaşacağımız klub bu ölkənin ikinci liqa təmsilçisi "İnsburq" olacaq. Bu komanda ilə ayın 25-də qarşılaşacağıq.