Dünya idman tarixinin unudulmaz simalarından biri, boksun əfsanəsi Məhəmməd Əli öz azarkeşlərinə, onu sevənlərə «ağır zərbə» vurdu. Olimpnews.az saytının məlumatına görə, "Xalqın çempionu” ləqəbini qazanan bu idmançı iyunun 4-ü günorta saatlarında vəfat etməsi ilə rinqləri əbədi tərk etdi.
Əsl adı Kasius Marsellus Kley olan əfsanəvi boksçu 1942-ci il yanvarın 16-da ABŞ-ın Kentukki əyalətində anadan olub. Kleyin atası reklam sahəsində çalışıb, anası isə evdar qadın olub. Metodist kilsənin üzvü olan atası öz həyat yoldaşına oğullarını Baptist kilsəsinə aparmağa icazə verirdi.
12 yaşında velosipedi oğurlanan Kasius tez bir zamanda tədbir görməyi qərara alır və polis idarəsinə yollanır. O, polis zabiti, eyni zamanda boks müəllimi olan Joy Martinə müraciət edir. Kasius xuliqanın dərhal həbs edilməsini tələb edərək, yaxşıca əzişdirilməsini tələb edir. Polis zabiti ona bunu edə bilmək üçün əvvəlvə bu işi bacarmağın lazım olduğunu bildirir. Artıq növbəti gün Kasius Martinin boks zalında məşq edirdi. Beləliklə, boksla məşğul olmağa başlayan 12 yaşlı uşaq 1960-cı ildə Romada keçirilən Olimpiya Oyunlarında ilk böyük qələbəsini qazanır. O, yarışın qızıl medalına layiq görülür. Bu qələbədən sonra onun şöhrəti tez bir zamanda ölkənin hüdudlarında da yayılmağa başlayır.

Romadakı turnirdən sonra vətəninə qayıdan boksçu doğma şəhəri olan Luisvilldə kafelərin birinə girmək istəyərkən, onu qara dərili olduğu üçün içəri buraxmırlar. İrqçiliyin bu dərəcəyə gəlib çatması Kasiusu çox hiddətləndirir. Axı o, Olimpiya Oyunlarında ABŞ-ın bayrağını ən yüksəyə qaldırmış və himnini səsləndirmişdi. Bu hadisədən çox təsirlənən Kasius öz medalını Luisvill şəhərindəki çayların birinə atır. Onun Olimpiya qızılı hələ də Ohio çayının dərin sularını bəzəyir və hər il milyonlarla turist dahi "Boks kralı”nın Olimpiya medalının üzdüyü çayı görmək üçün bu şəhərə üz tutur.
1996-cı il Atlanta Olimpiya Oyunlarının məşəlini alovlandırmaq məhz bu boksçuya həvalə edilmişdir. Xeyli sayda idman azərkeşlərinin fikrinə əsasən, bu idman tədbiri tarixin ən yaddaqalan və şərəfli hadisəsi idi. Həmin mərasimdə ABŞ-ın prezidenti Bill Klinton Kasius Kleyə yeni Olimpiya qızılını təqdim edərək bir növ ondan illər əvvəl edilmiş irqi ayrı-seçkiliyə görə üzr istəmişdir.
1961-ci ildə Kasius dövrün məşhur «nakautçu»su Lamar Klarkla üz-üzə gəlir. O, Klarkı ikinci raundda nakautla məğlub edir. Növbəti il Sonni Bensklə görüşdə Kley həyatında ilk dəfə nokdauna düşür. Dördüncü raundda isə Kley rəqibini nakauta salır. 1960-1963-cü illərdə gənc idmançı keçirdiyi 19 görüşdə qələbə qazanıb ki, bunlardan 15-i nakautla başa çatıb.
1964-cü ildə Sonni Listonu məğlub etdikdən sonra Kley İslamı qəbul edir. Artıq Kasius Kley yoxdur, onun yerinə Məhəmməd Əli vardır.
1967-ci ildə Əli ABŞ ordusunda hərbi xidmətə çağırılır. Bu zaman ABŞ Vyetnamla müharibə aparırdı. Əli orduda xidmət etməkdən imtina edir. O, özünü könüllü imtinaçı adlandırırdı. Əli ABŞ-ın başlatdığı müharibənin müqəddəs Quranın təlimlərinə zidd olduğunu deyirdi. Bundan sonra ABŞ-ın Kikboksinq Federasiyası Əlinin bütün titullarını əlindən alaraq, onu idmandan uzaqlaşdırır. Sonra isə
Əliyə külli miqdarda pul cəzası kəsilir və ömürlük azadlıqdan məhrum olur. Əlinin həbsə atılması ictimaiyyət tərəfindən böyük təəccüblə qarşılanır.
Çox keçmədən - 1975-ci ildə Əliyə yenidən rinqə qayıtmağa icazə verilir. Bu zaman ona Corcia ştatından olan senator köməklik edir. Belə ki, o zamanlar Corcia ştatı boks lisenziyası olmadan döyüşlərin keçirildiyi yeganə ştat idi.
1971-ci il mart ayının 8-də Əli və Co Freyzer arasında "Əsrin döyüşü” adlandıran döyüş təşkil olunur. Döyüş Freyzerin qələbəsi ilə başa çatır. Bu, Əlinin ilk məğlubiyyəti olur.
1973-cü ildə Kenon Nortonla döyüşdə hakimlərin mübahisəli qərarından sonra Əli ikinci dəfə məğlub olur. Daha sonra elə həmin il Əli Kenon Nortonla revanş döyüşündə məğlubiyyətin əvəzini çıxmağı bacarır.
Həmin il Məhəmməd Əli məğlubedilməz Corc Formanı məğlub edərək ikiqat dünya çempionu tituluna yiyələnir. Bu döyüş "cəngəllikdə guppultu” adı ilə boks tarixinin silinməz səhifəsinə çevrilir.
1975-ci ilin sentyabrında Məhəmməd Əli ilə Co Freyzer arasında üçüncü döyüş keçirilir. Görüş Flippinin Manila şəhərində 30 dərəcədən artıq isti havada keçirilir. Bu, sonadək aqressiya dolu görüş idi. 14-cü raundda Freyzer döyüşü davam etdirməkdən imtina edir və Əli qalib gəlir. Bu döyüş "Manilada Triler” adını qazanır və bu günə qədər keçirilmiş ən böyük boks qarşılaşması olaraq qəbul edilməkdədir. Döyüşdən sonra Əli Freyzeri özündən sonra bütün dövrlərin ən yaxşı boksçusu adlandırır. Məhəmməd Əli və Co Freyzer rəqabəti hər zaman boks dünyasının ən məşhur və böyük rəqabəti olaraq yaddaşlarda qalacaq.
1978-ci ildə Əli Leon Spinksə məğlub olur. Bu, onun üçüncü məğlubiyyəti idi. Ancaq Əli onu revanşa dəvət edərək, sentyabr ayında həmin məğlubiyyətin əvəzini çıxır və tarixdə ilk dəfə bir boksçu üçüncü dəfə dünya çempionu adını qazanır.
1980-ci ildə Əli Lari Holmesə məğlub olur, 10 raunddan sonra döyüşü davam etdirməkdən imtina edən Əli hakimlərin qərarı ilə texniki nakautla məğlub olur. 1981-ci ildə Trevor Berbikə məğub olan Əli boksu tərk etdiyini elan edir. O, parkinson olduğu üçün son döyüşlərində məğlub olur.
Əli nüfuzlu boks jurnalı "Rinq”in ən çox ilin boksçusu elan edilən idmançısıdır. 1978-ci ildə Əlinin doğma şəhəri Luissvildə Valnut küçəsinin adı Məhəmməd Əli küçəsi kimi dəyişdirilir.
Bir neçə il sonra Əlidə parkinson xəstəliyinin əlamətləri görünməyə başlayır. Əli boksu tərk etsə də, onun danışığı və refleksləri pisləşməkdə davam edir.
1991-ci ildə Tomas Hauzer tərəfindən "Məhəmməd Əli: onun həyatı və zamanlar” adlı kitab nəşr olunur. Əliyə dünyada ən çox tanınan şəxs olduğuna görə, "Amerikanın ruhu” mükafatı təqdim olunur.
1999-cu ildə atasının etirazlarına baxmayaraq, Əlinin qızı Leyla da boksla məşğul olmağa başlayır. 2001-ci ildə Əlinin həyatı ekranlaşdırılır. Filmdə əsas rolu məşhur Hollivud ulduzu Vil Smit ifa edirdi. Vil Smit əvvəlcə rolu ifa etməkdən imtina edir. O, ancaq Əlinin razılığını aldıqdan sonra rolu qəbul edir. Smitin söylədiyinə görə Əlinin onun haqqında dediyi ilk söz: «Sən məni canlandırmaq üçün kifayət qədər gözəl deyilsən» olub.
2002-ci ilin noyabrın 17-də Əli Birləşmiş Millətlər Təşkilatının sülh elçisi kimi Əfqanıstana səfər edib. O, BMT-in xoşməramlı səfiri kimi üç gün Kabildə qalıb.
2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə Əli prezident Corc Buş tərəfindən Azadlıq medalı ilə təltif edilir. Həmin ilin dekabrın 7-də o, Almaniyanın Ottohan şəhərində « Qızıl Sülh» medalı ilə mükafatlanır. Buna səbəb Əlinin ictimai fəaliyyəti idi.
İyunun 4-də dünyasını dəyişən, döyüş karyerası ərzində 37 nakaut olmaqla 56 qələbə qazanan, cəmi 5 dəfə uduzan boksun əfsanəsi Məhəmməd Əlinın həyat və karyerasına kiçik yazıda diqqət yetirməyə çalışdım. Amma etiraf etməliyik ki, bu cür şərəfli ömür yaşamaq və tarix yazmaq heç də asan deyil. Yuxarıda dediklərimizə, əsasən, bəlkə də Məhəmməd Əlini yüz ildən bir gələn ulduza bənzətsək, heç də mübaliğəyə yol vermərik. Həmin ulduz indi uzaqlarda olsa da, həmişə boks «planetinə» işıq saçmaqda davam edəcək...