Dördilliyin növbəti zirvə yarışına - Rio-de Janeyro 2016 Yay Olimpiya Oyunlarına az vaxt qalıb.
"Olimpiya dünyası” qəzeti olaraq, Olimpiya oyunlarına lisenziya qazanan idmançılarımızla, həmçinin onların məşqçiləri ilə müsahibələr, maraqlı materiallar dərc edirik. "Rio-2016” rubrikası altında dərc olunan yazılarda oxucular olimpiadaya lisenziya qazanan idmançılarımızı, eyni zamanda, məşqçilərimizi daha yaxından tanıyır.
Olimpnews.az saytının məlumatına görə, rubrikamızın budəfəki qonağı bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvü, Bakı-2015 Avropa Oyunlarının gümüş medalçısı, ikiqat Azərbaycan çempionu Marina Durundadır.
- Marina, necə oldu ki, idmana gəldin və səni gimnastikaya bağlayan nədir?
- 4 yaşımdan idmandayam. Məndə gimnastika idman növünə həvəsi atam oyadıb. Düzdür, uşaqlıqda idmançı olmaq istəməmişəm. Amma məni həmişə cəlb edən bu sahə ilə bağlı iş prosesi olub. Gimnastika təbii gözəllik, zəriflik, gözəl musiqinin sədaları altında qeyri-adi elastiklik və plastika deməkdir. Təsadüfi deyil ki, mütəxəssislər sağlamlıq nöqteyi-nəzərindən də gimnastikanı çox vacib sayırlar. Gimnastika həm də ən çox sevilən və hamı tərəfindən qəbul olunan idman növüdür. Ukraynada doğulmuşam və 2012-ci ildən bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvüyəm. Komandada ilk qızıl medalımı elə həmin il Macarıstanda qazanmışam. Bədii gimnastika üzrə ikiqat ölkə çempionuyam və bir neçə dəfə iştirak etdiyim Dünya kubokunun mərhələ yarışlarında ardıcıl olaraq yaxşı nəticələr göstərmişəm. Ötən ilin iyununda Bakıda keçirilən I Avropa Oyunlarının gümüş medalçısıyam.
- Necə düşünürsən, indiyədək karyeranda əldə etdiyin ən yüksək nəticə hansıdır?
- Təbii ki, hər bir insan hər şeyin yaxşısını əldə etməyə çalışır. Yüksək uğurlar qazanmaq və həmişə zirvədə olmaq bir qədər çətindir. Bakı-2015 Avropa Oyunlarının ikincisi olmağı indiyədək əldə etdiyim ən yüksək nəticə hesab edirəm. Düşünürəm ki, güclü rəqiblərin iştirak etdiyi bu yarışda gümüş medala layiq görülmək çox yaxşı nəticədir. I Avropa Oyunlarında Azərbaycan yığma komandasının qazandığı 15 gümüş medaldan biri mənim payıma düşür və bunun üçün qürur duyuram.
- Ölkəmizi Braziliyada təmsil edəcək 3 gimnastdan biri də sənsən. Bununla bağlı nə deyə bilərsən?
- Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi tərəfindən bizim hərtərəfli məşq etməyimiz və olimpiadaya hazırlıq keçməyimiz üçün yüksək səviyyədə şərait yaradılıb. Bizim məqsədimiz isə bu diqqət və qayğıdan bəhrələnərək olimpiadada ölkəmizi layiqincə təmsil etməkdir. Şübhəsiz ki, Azərbaycanı Olimpiya Oyunlarında təmsil edəcək gimnast kimi böyük məsuliyyət hiss edirəm. Federasiyanın bizə göstərdiyi diqqət va qayğıya görə təşəkkürümü bildirir və rəhbərliyin etimadını doğruldacağıma söz veririəm.
- Rio-2016 Olimpiadasına hazırlıq prosesi necə gedir?
- Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilevanın rəhbərliyi altında məşqlərimiz davam edir. Demək olar ki, fasiləsiz, yorulmadan çalışırıq. Məşq proqramındakı bütün hərəkətlər yenilənib və biz yeni proqramla çıxış edirik. Bütün səy və bacarığımızı məhz Rio-2016 Yay Olimpiya Oyunlarına hazırlığa yönəltmişik.
- Sənə lisenziya qazandıran dünya çempionatındakı çıxışını necə xatırlayırsan?
- Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya verən dünya çempionatı ötən ilin sentyabr ayında Almaniyanın Ştutqart şəhərində keçirildi. Komandamız bu yarışa çox ciddi hazırlaşmışdı. Təbii ki, mötəbər yarışlarda mükəmməl çıxış etmək üçün həddindən çox işləmək lazım gəlirdi. Bədii gimnastlar 5 gün dalbadal xalça üzərində öz qüvvə və bacarıqlarını nümayiş etdirdilər. Çıxışım yaxşı alındı və mən hər dörd hərəkətin cəmində 71,399 xal toplayaraq dünya çempionatını altıncı sırada başa vurdum. Qeyd edim ki, çempionatda ilk 15 pillədə qərarlaşan idmançılar Rio-2016 Olimpiadasına vəsiqə əldə etmiş olurdular.
- Olimpiadaya qədər hansı yarışlarda iştirak edəcəksən?
- Bizi qarşıda Dünya kuboku və Avropa çempionatı gözləyir. Iyulda isə Bakıda keçiriləcək daha bir Dünya kubokunda qüvvəmizi sınayacağıq. Bu, çox məsuliyyət tələb edən yarışlardan biridir.
- Gərgin məşq rejimi səni yorurmu?
- Böyük idman gərgin zəhmət, peşəkarlıq və iradə tələb edir. Əks halda idmanda karyera əldə etmək mümkün deyil. Əlbəttə, yorğunluq var. Amma müəyyən vaxta qədər dözmək lazım gəlir. Qələbə anında bütün yorğunluq yaddan çıxır və əvəzində özünü göyün yeddinci qatında hiss edirsən.
- Öz imkanlarını necə dəyərləndirirsən?
- İnsanın rəqibi ilk növbədə elə onun özüdür. İnsan gərək əvvəlcə özünə, yəni öz zəifliyinə, çatışmayan cəhətlərinə, nöqsanlarına, qorxusuna, şübhələrinə qalib gəlsin. Maksimim gücünü müəyyən etdikdən sonra qalanı asandır.
- Yarışlardan, məşqlərdən şəxsi həyatına vaxt qalırmı?
- Yarışlara və məşqlərə görə vaxtım çox az olur. Gərginliyi atmaq üçün rəfiqələrimlə bir yerdə əylənməyi çox xoşlayıram. Hazırda bütün səylərimi və diqqətimi olimpiadaya hazırlıq prosesinə yönəltmişəm və demək olar ki, hazırda şəxsi həyatım barədə düşünmürəm.
Bədii gimnastikada idmançılar karyeralarını tez başa vururlar, çünki burada yaş məhdudiyyəti var. Karyeramı başa vurduqdan sonra şübhəsiz ki, şəxsi həyat barədə fikirləşməyə vaxtım olacaq.
- Komanda yoldaşlarınla münasibətin necədir?
- Yığma komandada mehriban və yaxşı qızlar çoxdur. Biz bir ailə kimiyik, çünki doğmalarımızdan daha çox komanda ilə birlikdə vaxt keçiririk. Çalışıram ki, ətrafımdakı insanlarla yaxşı və isti münasibət yaradım. Ümumuyyətlə, ünsiyyəti sevirəm və qalmaqaldan uzaq insanam.
- Dostların varmı?
- Deyirlər, insanın həyatda yoldaşları çox, dostu isə az olur. Bu, həqiqətən belədir. Əsil dost çətin gündə tanınar. Belə dostlar pis günündə də, yaxşı günündə də sənin yanında olurlar.
- Musiqi dinləməyi xoşlayırsanmı?
- (bir az düşünür) Cavabım sizə qəribə gələcək, amma musiqiyə qulaq asmağı sevmirəm. Nadir hallarda olur ki, qızların təkidi nəsə qeyri-adi musiqi parçalarını dinləyim. Məşqlərdə və yarışlarda daima musiqinin müşayiəti ilə çıxış etdiyim üçün hərdən bezirəm.
- Həyatda kumirin varmı?
- Mən Pekin-2008 Olimpiya Oyunlarının qalibi, 7 qat dünya və 9 qat Avropa çempionu Yevgeniya Kanayevaya pərəstiş edirəm. O, dünyada tanınmış ritmik gimnastlardandır.
- Xoşladığın şəhər hansıdır?
- Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərini çox xoşlayıram. Bu şəhəri qarış-qarış gəzmək, dolanmaq istəyirəm. Xüsusilə, karnavallar diqqətimi çəkir. Yarışlar zamanı vaxtım qalsa, mütləq bu şəhəri gəzəcəyəm
- Ən böyük arzun nədir?
- Həyatda ən böyük arzum Olimpiya çempionu adını qazanmaqdır.