Qədim idman ənənələrinə malik olan Azərbaycan Olimpiya Oyunlarında 1952-ci ildən iştirak edir. İdmançılarımız Olimpiya Oyunlarında 1952-ci ildən 1992-ci ilə kimi ölkəmizi SSRİ yığmasının tərkibində təmsil ediblər.
Azərbaycan 1996-cı ildən etibarən Olimpiya oyunlarında müstəqil ölkə kimi təmsil olunur. Təmsilçilərimiz indiyə qədər 5 yay (Atlanta-1996, Sidney-2000, Afina-2004, Pekin-2008, London-2012) və 5 qış (Naqano-1998, Solt-Leyk-Siti-2002, Turin-2006, Vankuver-2010, Soçi-2014) Olimpiya Oyunlarında iştirak ediblər.
XV Yay Olimpiya Oyunları, Helsinki-1952
Helsinki-1952 Olimpiadasında iştirak edən SSRİ yığmasının tərkibinə Azərbaycanın 5 idmançısı - dörd güləşçi, bir yüngül atlet daxil edilmişdi. Azərbaycan idmançıları iştirak etdikləri ilk Olimpiya oyunlarından vətənə bir gümüş və bir bürünc medalla qayıtdılar. Rəşid Məmmədbəyovun güləş yarışlarında əldə etdiyi gümüş medal Azərbaycan idmanının ilk Olimpiya medalı, ilk şanlı səhifəsi oldu.
XVI Yay Olimpiya Oyunları, Melburn-1956
Melburn Olimpiadasında Azərbaycanı təmsil edən yüngül atlet Yuri Konovalov 4x100 m məsafəyə estafet yarışlarında uğurla çıxış edərək vətənə daha bir gümüş medal qazandırdı. Bu, Azərbaycan idmançılarının üçüncü Olimpiya medalı oldu.
XVII Yay Olimpiya Oyunları, Roma-1960
Roma Olimpiadasında SSRİ yığmasının tərkibində ölkəmizi iki idmançımız - Melburn Olimpiadasının gümüş mükafatçısı Yuri Konovalov və vaterpolçu Yevgeni Saltsin təmsil edirdilər. SSRİ-nin vaterpolçulardan ibarət komandası finalda Finlandiya yığmasına uduzaraq Olimpiya oyunlarının gümüş medalını qazandı. Bu medalın qazanılmasında təmsilçimiz Yuri Saltsinin də əməyi var idi.Yüngül atletimiz Yuri Konovalov 4x100 m məsafəyə estafet yarışlarını uğurla başa vuraraq gümüş medala layiq görüldü.
XVIII Yay Olimpiya Oyunları, Tokio-1964
Tokio Olimpiadasında ölkəmizi iki vaterpolçu (Nikolay Kuznetsov, Zenon Bortkeviç), bir beşnövçü (Viktor Mineyev), bir güləşçi (Aydın İbrahimov) və bir voleybolçu (İnna Rıskal) təmsil edirdilər.
Vaterpolçularımız uğurla yarışaraq XVIII yay Olimpiya Oyunlarının bürünc medalını əldə etdi. Viktor Mineyev beş növdə topladığı xalların (198) cəminə görə birinici yeri tutaraq qızıl medal qazandı. Bu, Azərbaycan idmançılarının Olimpiya oyunlarında qazandıqları ilk qızıl medal idi.
1964-cü il Tokio Oyunlarının gümüş medalçısı olan SSRİ-nin qadınlardan ibarət yığma voleybol komandasının tərkibində həmyerlimiz İnna Rıskal da var idi.
Azərbaycan güləş məktəbinin yetirməsi Aydın İbrahimov Tokioda sərbəst güləş yarışlarında yarımyüngül çəkili pəhləvanlar arasında üçüncü yeri tutaraq bürünc medala layiq görüldü.
XIX Yay Olimpiya Oyunları, Mexiko-1968
XIX Yay Olimpiya Oyunlarında Sovet ittifaqını təmsil edən komandanın tərkibinə Azərbaycanın üç idmançısı daxil edilmişdi. Bu üç idmançıdan ikisi SSRİ-nin qadınlardan ibarət yığma voleybol komandasının tərkibində çıxış edirdi. Azərbaycandan olan üçüncü idmançı isə Olimpiya oyunlarında qadınlar arasında suyatullanma yarışlarında gücünü sınayırdı.
Azərbaycanın tanınmış voleybolçularının - İnna Rıskalın və Vera Lantratovanın daxil olduqları qadınlardan ibarət SSRİ voleybol komandası finalda məğlubedilməz sayılan yapon voleybol komandasını məğlubiyyətə uğradaraq Olimpiya çempionu adını aldılar.
XX Yay Olimpiya Oyunları, Münhen- 1972
Azərbaycandan Münhen Olimpiadasına üç idmançı - qadınlardan ibarət voleybol komandasının kapitanı, Olimpiya çempionu İnna Rıskal, yüngül atlet Aleksandr Kornelyuk, üzgüçü Vladimir Krivtsov iştirak edirdilər. Həmyerlimiz İnna Rıskal Münhendə uğurla çıxış edərək ikinci dəfə Olimpiya çempionu adını qazandı. Atletimiz Aleksandr Kornelyuk isə 4x100 m estafet yarışının gümüş medalına sahib oldu.
XXI Yay Olimpiya Oyunları, Monreal- 1976
Monreal Oyunlarında Azərbaycanı 3 nəfər - voleybolçu İnna Rıskal, həndbolçular Rəfiqə Şabanova və Lüdmila Şubina təmsil edirdilər.
Olimpiya oyunlarının ikiqat çempionu, voleybolçumuz İnna Rıskal bu dəfə gümüş medalla kifayətlənməli oldu. Beləliklə, SSRi yığmasının tərkibində çıxış etmiş həmyerlimiz İnna Rıskal dörd Olimpiya medalı əldə etdi: iki qızıl, iki gümüş.
Qadınlar arasında həndbol yarışı ilk dəfə Monreal Olimpiya Oyunlarında proqrama daxil edildi. Bu oyunlarda Olimpiya çempionu adına layiq görülmüş SSRİ həndbolçuları arasında həmyerlilərimiz Rəfiqə Şabanova və Lyudmila Şubina da var idi.
XXII Yay Olimpiya Oyunları, Moskva-1980
Moskva Olimpiadasnda SSRİ yığma komandasının tərkibinə Azərbaycandan 5 idmançı daxil edilmişdi. Larisa Savkina həndbol, Vasili Yakuşa, Viktor Pereverzev, Gennadi Kryuçkin və Aleksandr Lukyanov akademik avarçəkmə, Tatyana Sviqanova otüstü hokkey yarışlarında iştirak edirdi. Moskvada SSRİ-nin qadınlardan ibarət həndbol komandası birinci yeri tutaraq qızıl medal aldı. Qızıl medalçılar arasında Larisa Savkina da var idi. Akademik avarçəkmə yarışlarında idmançımız Vasili Yakuşa gümüş medal qazandı. Viktor Pereverzev, Gennadi Kryuçkin və Aleksandr Lukyanov isə ikinəfərlik qayıqda ölkəmizə daha bir gümüş medal gətirdilər. Tatyana Sviqanova qadınlar arasında otüstü hokkey yarışlarının gümüş mükafatçısı oldu.
Dilqəm Quliyev,
professor
(ardı var)