Bu gün AFFA-nın inzibati binasında PFL-in prezident seçkiləri keçirilib. Ramin Musayev ardıcıl 3-cü dəfə bu vəzifəyə layiq görülüb. Olimpnews.az saytının məlumatına görə, seçkilərdən sonra Ramin Musayev jurnalistlərin suallarını cavablandırdı.
- PFL-in son illərdə gördüyü işlər barəsində ətraflı məlumat verərdiniz.
- 8 ildir bu quruma rəhbərlik edirəm. Bu vaxt ərzində gördüyümüz işlər haqda məlumatınız var. Sevindirici haldır ki, bu gün bizim çempionat UEFA tərəfindən aparılan sorğu nəticəsində 24-cü yerdədir. PFL yaranan ildə çempionatımız 44-cü pillədə idi. Bu, mənim yox, UEFA-nın sorğusudur. 54 ölkə arasında son 8 ildə ən çox sıçrayış edən çempionat Azərbaycan Premyer Liqasıdır. Dünyada isə PFL yaranana qədər 110-cu yerdə olsaq da, bu gün 38-ciyik. PFL yaranana qədər əvəzedici heyət yox idi. Düzdür, bununla əlimizi yanımıza salmırıq. Klubdan gəldiyim üçün burada çalışmaq asan oldu. Klub nümayəndələri də sağ olsunlar, bu gün çıxışlarında bildirdilər ki, həmişə birlikdə iş görmüşük. Niyə də olmasın? Klubda çalışarkən məşqçilərin problem kimi qabartdığı əvəzedici heyəti yaratdıq. Bu, çox gəncin Premyer Liqaya yüksəlişinə, məşqçilərin təcrübə toplamasına səbəb oldu. "Neftçi”də işləyəndə Bakıda başqa, Sumqayıtda başqa topla oynayırdıq. Hətta Qazaxda şarla oynayırdıq. Futbolçular etiraz edirdilər. Həmin vaxt yetərincə peşəkar futbolçular var idi. Biz qərara gəldik ki, bütün komandalar eyni topla oynamalıdılar. Bəzən adımıza yazdılar ki, PFL top satır. Bizim məqsədimiz pul qazanmaq olmayıb. O topların qiymətini klublara deyəndə, buna təəccübləndilər. Qiymətini açıqlamıram ki, ucuz başa gəlsin. Məncə, jurnalistlərin də əksəriyyəti PFL-dən razı qalar. Çünki hər birinizlə münasibətimiz yaxşıdı, kim istəyirsə, müsahibəyə şərait yaradırıq.
- Klub rəsmiləri hər zaman hakim təyinatlarından narazılıq edirlər. Bu gün əleyhinizə əl qaldırılmadılar ki?
- Əleyhimə əl qaldıran olmadı. Çempionat zamanı insan emosiyaya qapılır. Bu günə qədər elə klub rəhbəri olmayıb ki, oyundan sonra onun zənginə cavab verməyim. Bizim operatorlarımız var. Bu 8 ildə ürəyiniz istəyən oyunun mübahisəli anını deyin, onu müzakirəyə çıxaraq. Hətta klub nümayəndələrinin, baş məşqçilərin bəzi məsələlərdən xəbərləri olmur. Qələbə qazanıb, arxayın gedirlər. Amma onların elə epizodda kobudluq edən futbolçusu olur ki, bunu görüb, cəzalandırırıq. Biz rüşvətin qarşısını almışıq. Şübhələndiyimiz qovuldu. Biz sübut üçün yox, hətta şübhələndiyimizi belə qovmağa hazırıq. Amma mən sübuta yetirdiyim addıma görə qovuram. Axı o klublarda insanlar əziyyət çəkirlər. O futbolçular qədər gəlin, biz də qaçaq. Elə bilirsiniz, Xaqani Məmmədovun işi asandır? Klublarla söhbətimiz olur, şikayət edirlər. Əksər hallarda mübahisəli epizoda baxanda, deyirlər ki, Ramin müəllim, bağışlayın, bunu görməmişdik. Görüntülərin 90 faizini aşkar şəkildə görmək olur ki, hakim səhvdir, ya yox. Bu gün FİFA hakimlərimizin hər üçü Avropa Liqasının I mərhələsinə təyinat alır. Əliyar Ağayev 30 yaşı olmasa da, artıq 24-cü oyununu idarə edib. Onlar nə ailələrini, nə bizi təmsil edirlər. Hakimlərimiz də Azərbaycanı təmsil edirlər. Hər üçündən də müsbət rəy gəlib. Mən Xaqani Məmmədovu müdafiə etmirəm. Onun da səhvləri var. Sizinlə danışmaqda peşəkar olmasa da, işində peşəkardır.
- Sizinlə rəqabət aparacaq rəqibin olmamasından zövq alırsızmı?
- Mən güləşçi olmuşam, mübarizə aparmağı sevirəm. Hətta bir dəfə yarışda rəqibim gəlmədi, üzüldüm.
- Sizin məvacibiniz nə qədərdir?
- 1100 manat.
- Deməli, hakimlər sizdən çox qazanırlar...
- Onların nə qədər qazandıqlarını bilmirəm.
- Premyer Liqadan kənarda qalan orta səviyyəli futbolçular özlərinə I divizionda da iş tapa bilmirlər. I divizionda limitin dəyişməsinin vaxtı çatmayıb?
- AFFA rəhbərliyinin bununla bağlı razılığını almışam. Limit dəyişəcək.
- Ötən mövsümün sonunda "Qarabağ” – "Neftçi” oyunundan sonra polislər azarkeşləri vurmuşdu. Bundan sonra polis-azarkeş münasibəti necə tənzimlənəcək?
- Bakıda yol polisləri olmasa, bizim cavanlar yollarda min oyundan çıxarlar. "Neftçi” – "Xəzər Lənkəran” oyununda tale üzümüzə güldü ki, külək olmadı. Yaxşı açılış etdik. Bir təpik, bir sillə mənim aylarla çəkdiyim əziyyəti hədər etdi. Mən polisə buna görə üstünlük verirəm. Sevinməyin də çərçivəsi var. 12 yaşlı uşağı heç bir polis vurmaz. Mən keçmişdə polis işçisi olduğum üçün polisin tərəfini saxlamıram. Haqqın tərəfdarıyam. Azərbaycanda Hüquq Mühafizə Orqanları çalışmasa, hamı bir-birini yeyər. Niyə qadınlarımız oyunlara gəlmirlər? Çünki yersiz hərəkətlər olur, söyüş söyürlər. "Qəbələ"nin ötən oyununda qadınlar, uşaqlar gördüm. Az qalsın, düşüb onları öpüm. Çox sevindim. Amma narahat idim ki, birdən kimsə söyüş söyər, mən onun yerinə utanaram. Polis başqa millətin nümayəndəsi deyil ki. O da işinə gəlir. 2 nəfər dalaşıb getdi, o bədbəxt cəzalandı.
- Olmazmı ki, oyunlara cəlb edilən polislərə PFL tərəfindən təlimatlar keçirilsin?
- Hər oyundan əvvəl həmin matça cavabdeh olan polis rəhbərliyi gəlir. "Qarabağ" - "Neftçi" finalından sonra polis rəhbərindən xahiş etdim ki, qol vurandan sonra sevinən, fişəng yandıran azarkeşə dəyməsinlər. Heç mən də klubları cərimələmədim. Bu yaxınlarda Avropanın göbəyi olan Fransada insanları necə döydülər? Heç heyvanı belə döyməzlər. Uşağı, qadını, qızı vururdular. Olmazmı, biz özümüz təbliğat aparaq ki, ay azarkeşlər, elə edək ki, futbolu sevən qızlar da gələ bilsinlər. Mənə məktub yazan xanım var ki, qarğış edir. Deyir ki, mən niyə oyuna gələ bilmirəm? Baxıram ki, haqlıdır. Final oyununa 26 min adam gəlmişdi. Onların təhlükəsizliyi üçün PFL nə etsin? 50 işçim var. 26 minin təhlükəsizliyinə necə cavabdeh olaq?
- Əvvəllər ayın ən yaxşı qolu, oyunçusu seçilirdi. Bunun ləğvinin səbəbi nə oldu?
- Mən bir effekt görmədim. Hətta mükafat da vəd etmişdim ki, bir neçə dəfə ən yaxşı seçilən yerliyə verəcəm. Amma bunları görmədim.
- Razısız ki, ötən mövsüm ən çox hakim səhvindən əziyyət çəkən "Neftçi” və "Qəbələ”, ən az "Qarabağ” oldu?
- Mən ad çəkə bilmərəm. Klublar çoxdur, mən təkəm. Elə klub rəsmisi olub ki, etiraz edib, təkrara baxdıqdan sonra görüb ki, onların əleyhinə yox, lehinə qərar verilib.
- Tək namizəd olduğunuz üçün belə rahatsınız?
- Toyum olmayıb ki, həyəcanlı görünüm. Mən həyatda qorxu nədir, bilmirəm. Hətta ölümdən də qorxmuram. Əksinə, tək olmağım mənə yaxşı təsir etmədi. Yaxşı olardı ki, 2-3 namizəd olardı. Hər kəsin futbolda gördüyü işlərlə bağlı açıqlama olardı. Görərdik, kimin planları daha gözəldi, kim nə iş görüb. Rəqibim olmasa da, daha yaxşı işlər görməyə çalışacam.
- Ötən mövsüm hakim səhvləri ilə bağlı qalmaqallar oldu. PFL prezidenti olaraq, bu səhvlərin qarşısını almaq üçün Hakimlər Komtəsi ilə iş görmüsüzmü?
- Nə qədər hakim qovuldu. Birini deyin ki, yersiz qovulub. Başqa ölkələrdə çempionatlar keçirilir. Hansı çempionatın hakimləri bizimkilərdən güclüdür? Ona qalsa, gərək ruslar çempionatdan, hakimlikdən danışmasınlar. Çünki orda çempionu hakimlər təyin edirlər. Bunu sizə sübut edə bilərəm. Mən çox tərifləyəndə hakimlərin ayaqları yer alır. Siz onları tərifləməyə vadar edirsiniz.
- Elə bir ad çəkə bilərsiniz ki, sizin vəzifənizdə oturmağa layiqdir?
- Mənim oturduğum kreslo sizə asan gəlməsin. Dəli ilə dəli, ağıllı ilə ağıllı olmaq lazımdır. Söyüş söyənə söyüş söyməlisən. Hər adam bu vəzifədə çalışa bilmir. Mənim futbola necə gəldiyimi bilirsiniz. Bəzən elə hallar olur, gedib Rövnəq müəllimdən xahiş edirəm ki, məni harasa mühafizəçi qoysun. Bayaq sual verdiniz ki, məvacibiniz nə qədərdir? Həyatımda ən çox sevdiyim 2 ad var. Birincisi Milli Qəhrəmandır. Hər an şəhid olmağa hazıram. Bundan sonra layiqli dost gəlir. Dostun nə olduğunu hələ tam bilmirsiz, cavansız. Mənim bir dostum var. O dostluq məni idmana gətirib. Mənim üçün ən önəmlisi o insanın etimadını doğrultmaqdır. O, mənim üçün hər zaman yaşayacaq. İstəmərəm ki, o insanın ruhu məndən incisin. Yeri gələndə ağrı da olub, dözmüşəm. Demirəm ki, kasıbam. Şükür Allaha, dolana bilirəm. Amma ən vacibi dostumun etimadını doğrultmaqdır. Doğrultduğumu düşünürəm. Reytinqdə 24-cü yerə yüksəlmişiksə, deməli, mənim də bunda zəhmətim var. Klublarımızla gözəl münasibətim var. Bəzən oyuna qapılıb, yanlış şərh verir. Amma bu yolu keçdiyim üçün heç nə demirəm. O ki qaldı vəzifəmə layiqli namizədə, beləsi yoxdur.
- Növbəti mövsüm I divizionda neçə klub olacaq?
- "Səbail” klubu artıq yaranıb. Daha bir komanda bizə müraciət edib. "Şuşa” klubu mənə məktub verib. Amma onların maliyyə durumu buna imkan vermir. "Araz Naxçıvan” fəaliyyətini dayandıranda kimi qınadınız? "Şuşa”nı ilk dəfə mən yaratmışam, bu komanda üçün 4 il əziyyət çəkmişəm. Komandanı verdik Nadir Qasımova. Ona təcrübəli mütəxəssis kimi böyük hörmətim var. Amma klubda çalışdığı vaxtda bir nəfər futbolçu vermədi. "Şəmkir”i mən futbola qaytardım, futbolçu vermədilər. Bu komandanı niyə saxlayım? Razıyam, I divizionda 8 komanda olsun, amma futbolçu yetişdirsin. Gələn mövsüm I divizionda bir komandaya mən nəzarət edəcəm. Görün, az miqdarda necə komanda hazırlayacaqlar. Gələn mövsüm üçün, ən azı, 12 komanda gözlənilir.
- Premyer Liqada sonuncu yeri tutan komanda I diviziona düşəcək?
- Əgər 12 komanda olsa, xeyr. Amma reqlamentə görə düşməlidir.
- İki dəfə I divizionun qalibi olan "Neftçala”nın dağılmasına münasibətiniz necədir?
- "Neftçala”nın iki ildə Premyer Liqaya verdiyi bir oyunçu oldumu? Mənim vaxtımda "Neftçi” Araz Abdullayevi yetişdirdi. Mən "Neftçala"dan hətta xahiş də eləmişdim ki, gəlin, lisenziyanızı alın. Amma klub rəhbəri dedi ki, Ramin müəllim, özüm açıqlamıram ki, futbolçular həvəssiz olmasınlar.
- İslandiyanın əhalisi Azərbaycanla müqayisə olunmayacaq qədər azdır. Amma bütün Avropa onlardan danışır. Niyə bizim futbolumuz belə deyil?
- Pul hər şeyi həll etmir. İndi transfer dönəmidir. Futbolçular zəng vurub kömək istəyirlər. Kömək edən olsaydım, elə oğluma edərdim də. Futbolçular özlərini kiməsə bənzədirlər, saçlarını uzadırlar. Heç olmasa, özlərini bənzətdikləri futbolçunun 30 faizini bacarsınlar, sonra danışsınlar. Mənim vaxtımdakı futbolçulardan soruşa bilərsiniz. Onların ixtiyarı nə idi ki, vaxtında evdə olmasınlar. İndi hər yerdə futbolçudur. Çünki nəzarət yoxdur. Oyunçunun qarşısında günah işi olanın dili gödək olur. Bir futbolçu gəlib desin ki, Ramin müəllimə bir manat pul vermişəm. Deyə bilməz. Elə ona görə döymüşəm də, söymüşəm də, oynatmışam da. Bu ünsiyyətə görə, Rəşad Sadıqov, Zaur Tağızadə 1 milyona "yox” dedilər. İndi futbolçularımız tez dəyişirlər. 23 yaşı var, 300 min pul qazanır. Hansınız bir ildə bunu qazanırsız? Futbolçu tanıyıram, atasına deyir ki, otur yerində. İndi futbol olacaq. Artıq oynamağa məcbur olacaqlar. Çünki cəmi 8 komanda qalıb. Gələn il hamınız deyəcəksiniz ki, bu çempionat hamısından güclü oldu. Ən azı 6 komanda ideal olacaq. Pul azdır, oynamağa məcburdular. Müqaviləni yazırlar, futbolçu da arxayındır, oynamır. Beləsi futbolçu olmayacaq.
Rahib Səmədov