İyulun 15-də Türkiyənin İstanbul şəhərində "Fight-night 1” döyüş gecəsi keçirilcək. Döyüşdə ölkəmizi "Lord” ləqəbli kiboksçumuz, Avropa və dünya mükafatçısı, DİN İC-in yetirməsi Raml Aslanov təmsil edəcək. Yarışqabağı təmsilçimizin şəxsi məşqçisi, əməkdar məşqçi Hakim Hacıyevlə görüşdük və o, Olimpnews.az saytına fikirlərini bildirib.
- Hakim müəllim, ilk növbədə döyüşə hazırlıq barədə oxucularımıza məlumat verərdiz.
- Döyüşə uzun müddətdir ki, hazırlaşırıq. Yetirməmi həm fiziki, həm texniki-taktiki, həm də psixoloji cəhətdən hazırlayıram. Bir neçə həftədir ki, məşqlərimiz yüngülləşib. Hazırda Ramala psixoloji hazırlıqlarda kömək edirəm.
- Döyüşə demək olar ki, az vaxt qalıb. Yarış ərəfəsində tələbənizdə həyəcan hiss olunurmu?
- Ramal peşəkar döyüşçüdür. O, belə döyüşləri çox keçirib. Ramal çox yaxşı bilir ki, həyəcan ona mane ola bilər. Ona görə də həyəcanı ilə mübarizə aparmağı bacarır.
- Qeyd etdiniz ki, Ramalı psixoloji cəhətdən də hazırlayırsınız. Ona hansı məsləhətləri verirsiniz?
- Düzdür, onu arxayınlaşmağa qoymuram. Amma qələbə qazanacağına inandırıram. Çünki inam qələbənin yarısı deməkdir.
- Bəs, Ramalın rəqibi kim olacaq?
- Ramalın rəqibi çox güclü yerli idmançı Ünal Alkayış olacaq. Onun da "Lord” kimi böyük nailliyyətləri var. İnanıram ki, layiq olan qələbə qazanacaq.
- Sizcə, Ramal bu dəfə də sizi və xalqımızı sevindirə biləcəkmi?
- Dediyim kimı, layiq olan qələbə qazansın. Əlbəttə mənim öz yetirməmə güvənim sonsuzdur. İnanıram ki, əziyyətim yerdə qalmayacaq.
- Bu yarışı Ramal Aslanovun karyerasında xüsusi bir döyüş hesab etmək olarmı?
- Ramal illərdir ki, kikboksda və peşəkar döyüşdədir. O, belə döyüşlərdə çox iştirak edib. Fikrimcə, bu döyüşü də onlardan biri hesab etmək lazımdır.
- Səmimi söhbətə görə, təşəkkürlər.
- Sağ olun.