Tərlan Əhmədov: "Bütün hallarda tərəflərin hərəyə 1 xal qazanmasını ədalətli sayıram" - MÜSAHİBƏ

Tərlan Əhmədov: "Bütün hallarda tərəflərin hərəyə 1 xal qazanmasını ədalətli sayıram" - MÜSAHİBƏ

"Kəpəz" - AZAL matçından sonra "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirdi. Olimpnews.az-ın Gəncəyə ezam olunmuş xüsusi müxbirin məlumatına görə, 45 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırdı.

- Oyun haqda fikirlərinizi bilmək istərdik.

- Açığı, bu oyunun çətin keçəcəyini matçdan əvvəl də yetirmələrimə söyləmişdim. Onlara Gəncənin futbolla yaşayan şəhər olduğunu bildirmişdim. Hesab edirəm ki, bərabər səviyyəli oyun izlədik və yekunda ədalətli nəticə qeydə alındı. Yetirmələrim taktiki cəhətədn verdiyim tapşırıqları yerinə yetirdilər. Yavaş-yavaş ötənilki komandanı xatırlatmağa başlayırıq. Bu AZAL ötənilkindən bir az öndədir. Kollektivimizin uğurlarını gələəckdə görəcəksiniz. Fasilədən sonra ikinci hücumçu David Canelidzeni "döyüş"ə atdım. Ancaq "Kəpəz"in doğma azarkeşlər önündə oynaması və bunun nəticəsində təzyiqi artırması bir qədər müdafiəyə çəkilməyimizi şərtləndirdi. Bütün hallarda tərəflərin hərəyə 1 xal qazanmasını ədalətli sayıram.

- Hətta qalib gəldiyimiz matçlardan sonra kefiniz bu qədər kök olduğunu görməmişdik. Bu, nədən qaynaqlanır?

- Yetirmələrimin oyunun gedişatında düşünmə bacarıqlarını nümayiş etdirməsi, meydandakı hərəkətliliyi məni sevindirdi. "Neftçi" ilə oyundan sonra futbolçularda ruh düşkünlüyü var idi. Axı məğlub olmamalı idik. Məni sevindirir ki, həmin məğlubiyyət uşaqların özlərinə qapanmasına zəmin yaratmadı. Bu gün meydanda daha əzmkar AZAL gördüm.

- İlk turda ədalətsizliklə üzləşdiniz. Bu gün də hakimdən narazı görünürdünüz...

- Haqqımızn yeyirlməsi ilk belə hal deyil. Üçüncü ildir AZAL-dayam, eyni hallar təkrarlanır. Necə futbolçular, məşqçilər, səhv buraxırsa, hakimlər də eynisi ilə. Hakimlikdən narazılığıma gəlincə, əsas problem ondan ibarətdir ki, sərt mübarizəyə imkan vermirlər. Bu da oyunun yüksək tempdə keçməsini əngəlləyir. Avrokuboklarda uğurlu nəticə qazanmaq istəyiriksə, yüksək tempə alışmalıyıq. Əsas narazlığımız budur. Ümumilikdə isə hakimlikdən narazı deyiləm.

- Nuqzar Kvirtiyanın zədəsi nə yerdədir?

- İndi bu haqda sizə heç nə deyə bilmərəm. Çünki həkimlə danışmamışam. Tək Nuqzarın da yox, Kamal Mirzəyev də əzələsini dartıb. Həkimlə söhbətdən sonra onların durumu bəlli olacaq.

- Çin klubundan AZAL-a gələn futbolçunun durumu necədir?

- Rail Məlikovun gedişindən sonra mərkəz müdafiəçisi mövqeyində Elşad Manafovu oynadırıq. Əvvəllər də demişdim ki, heyətin komplektləşdiirlməsi üçün rəqabət olmalıdır. Rəqabətin artması üçün bu futbolçuya ehtiyac durmuşuq. Sağ cinah müdafiəçimiz olan Kamil Hüseynovu mərkəz müdafiəçisi mövqeyinə yeganə alternativ kimi istifadə etməli olurduq. Legionerə yerlilərə rəqabər yaratması üçün zərurət duyduq. Dayaq yarımmüdafiəçisi mövqeyinə gələn legioner iranlıdır. Bu həftə baxışdan və tibbi müayinədən keçəcək. Ondan sonda müqavilə ilə bağlı yekun qərar veriləcək.

Rahib Səmədov,
Gəncə