Şahin Diniyev: "Hesab edirəm ki, cəmi 45 dəqiqə futbol izlədik" - MÜSAHİBƏ

Şahin Diniyev: "Hesab edirəm ki, cəmi 45 dəqiqə futbol izlədik" - MÜSAHİBƏ

"Kəpəz" - AZAL matçından sonra gəncəlilərin baş məşqçisi Şahin Diniyev mətbuat konfransı keçirdi. Olimpnews.az-ın Gəncəyə ezam olunmuş xüsusi müxbirin məlumatına görə, təcrübəli mütəxəssis jurnalistlərin suallarını da cavablandırdı.

- Oyun haqda fikirlərinizi bilmək maraqlı olar...

- İlk hissədə ümumiyyətlə, futbol yox idi. Meydanda nəinki qaçmaq, dayanmaq belə problem idi. Fasilədən sonra futbol adına nələrsə göstərə bildik. Avropa Liqasında 4 oyun keçirdikdən sonra ölkə çempionatının qarşılaşmalarına köklənmək motivasiya baxımından çox çətindir. Qol epizodlarından istifadə edə bilmirik. Futbolçularıma 40 dərəcəlik istidə göstərikləri əzmkarlığa görə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, cəmi 45 dəqiqə futbol izlədik. Daha bir hissə oynasaydıq, yaxşı olardı. AZAL-ı da təbrik edirəm. Qarşılarına xal götürmək vəzifəsi qoymuşdular. Müdafiə olunub istəklərinə çatdılar. Hələ "Neftçi" ilə oyundan sonra AZAL-ın yaxşı komandasının olduğunu bildirmişdim. Bir neçə turdan sonra özümüzə gələcəyik. Çempionat hələ yeni başlayıb. Əssa odur ki, komanda rəqibə təzyiq etməyi bacarır. Bunu həm "Qəbələ", həm də AZAL-la oyunlarda gördük. Üzərində işləyəcəyimiz başlıca məsələ yaratdığımız qol imkanlarından istifadə etməyi öyrənməkdir. Belə bir isti havada 12-13 min futbolsevər yanımızda oldu. Təəssüf ki, onlar əsas istədikləri şeyi görmədilər. Söhbət "Kəpəz"in qolundan, qələbəsini görməmələrindən gedir. Buna görə azarkeşlərimiz üçün üzülürük. Növbəti oyunlarda bu borcumuzdan çıxmağa çalışacağıq.

- Qeyd etdiyiniz kimi, hava həqiqətən də isti idi. Heç media sektorda da oturmaq olmurdu. Qarşılaşmanın axşam saatlarında keçirilə bilməməsinin səbəbi də arenada projektorların olmamasıdır. Bəlkə, yay başa çatana qədər Bakıya köçəsiniz?

- Oyun saat 6-ya çəkilsə idi, daha yaxşı olardı. Gəncədən getmək istəmirik. Çətin də olsa, oynamağa məcburuq. Özüm günün altında dayanmağa yer axtarırdım. Buna görə futbolçuları da qınamıram. Belə havada ölüm hadisəsi baş verə bilərdi.

- Hakimlik barədə nə deyə bilərsiniz?

- Hakimlər barədə danışmaq istəmirəm. Yaxşı futbol oynamamağımızın səbəbi hava şəraiti ilə bağlıdır.

- Komandanın qol ümidi olan kamerunlu hücumçu Julien Ebah uzun müddətdir fərqlənə bilmir...

- Ebah çalışır, amma qol vura bilmir. Psixoloji təzyiq altındadır. Özünə gəlməsi üçün ona bir qol bəs edər.

Rahib Səmədov,
Gəncə