"Kiçik turnirdir, burada həddindən artıq diqqətli olmalıyıq. Sabah ən doğrusunu etməyə çalışacağıq”. Olimpnews.az saytının məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ağdam klubu "Slovan”ı qəbul edəcək. Matçdan öncə mətbuat konfransı keçirən ağdamlıların çalışdırıcısı maraqlı fikirlər səsləndirib.
O görüşdə yaxşı nəticə əldə etməklə, azarkeşləri sevindirməyə çalışacaqlarını vurğulayıb: "Rəqibimiz ciddidir. Bu il avroliqanın qrup mərhələsinə qədər 4 oyun keçiriblər və 4 qələbələri var. Son 3 ildə 2 dəfə qrupda oynayıblar. "Sevilya” kimi komandaya qarşı matçda çox yaxşı nəticə əldə ediblər. Belə bir rəqibə qarşı oynamaq bir tərəfdən çətin, digər tərəfdən maraqlı olacaq. Uğurlu nəticə əldə etməyə çalışacağıq”.
- AZAL-la oyundakı ilk "11-liy”i görəcəyik?
- Ola bilər ki, dəyişiklər olsun. Amma elə də ciddi dəyişiklik etməyəcəyik. Bir neçə dəyişiklik olacaq.
- Matçın baş tutacağı stadionun son durumu ilə maraqlanmısız?
- Dünən məşq keçdik. Yaxşıdır, pis deyildir.
- Stadion problemi komandaya necə təsir edə bilər?
- Bu məqamları böyütmək lazım deyil. Oyuna çox az vaxtımız qalıb. Stadion barədə düşünməyə vaxtımız yoxdur. Əlimizdə hansı şərait varsa, ondan düzgün yararlanmalıyıq.
- Oyunda hansı nəticəyə ümid edirsiniz?
- Çalışacağıq ki, öz düşüncələrimizi meydanda yerinə yetirək. Ola bilsin, meydanda çox mübarizə olsun. Rəqib belə komandadır, kombinasiyalı oyuna imkan vermir. 1-2 qol vəziyyətləri olsa belə, ondan istifadə etməyə çalışacaqlar. "Qarabağ” olaraq, əlimizdə imkan varsa, ondan istifadə etməliyik.
- "Slovan”ın heyətində Milan Baroş kimi hücumçu var...
- Ona xüsusi diqqət ayrılacaq. Baroşun öz oyun üslubu var. Hücumun tamamlanması və davam etdirilməsində rolu böyükdür. Topa yaxşı nəzarət edir. Ondan topu almaq çətindir. Mənim düşüncəmdə hansısa futbolçuya qarşı tək müdafiəçini oynatmaq yoxdur. O, hansı zonada olsa, həmin mövqedə qərarlaşan futbolçumuz Baroşa imkan verməməlidir. Rəqibin digər oyunçuları ilə müqayisədə, Baroşa xüsusi diqqət ayrılacaq.
- Artıq 3-cü dəfə Avroliqanın qrup mərhələsində iştirak edəcəksiniz. Əvvəlki həyəcan varmı?
- İdmanda təcrübə artdıqca həyəcan daim çoxalır. Təki həmişə bu səviyyədə qalaq. Həyəcan varsa, deməli, işimizdə məsuliyyətliyik. Avroliqadan əlavə, çempionat görüşlərində də bizdə həyəcan olur. Çünki avrokuboklara vəsiqə çempionatda qazanılır.
- UEFA Çempionlar Liqasına gedən yolumuzu məhz Çexiya klubu kəsdi. Bu amil görüş öncəsi sizə əlavə stimul verir?
- Fikrimizdə intiqam yoxdur. Çexiyalı futbolçular Avropada ən intizamlılardan sayılır. Bu ölkənin idmançılarında intizam həddindən artıqdır. İdmanda intiqam yoxdur. Düşdüyün vəziyyətdən düzgün şəkildə çıxmalısan. Biz bu gün intiqam barədə düşünsək, rəqib haqda fikirləşməyə vaxtımız az olacaq. O oyunu uduzduq, keçdi. Bir də "Viktoriya” ilə düşsək, onda onlardan revanş almaq barədə düşünmək olar.
- Hakimlər briqadası İsveçrədən olacaq. Sizcə, bu hakimlər İsveçrə saatları kimi dəqiq işləyə biləcəklərmi?
- Mən heç kimə cavabdeh deyiləm. Hakimləri ölkələrə bölmək düzgün çıxmaz. Bizim işimiz futbol oynamaq, onların işi oyunu idarə etməkdir. Bir-birimizin işinə qarışmaq olmaz. Çalışacağıq fikrimiz ancaq oyunda olsun.
- Sizə elə gəlmir ki, bəzən rəqibi həddindən artıq ciddiyə alırsınız?
- Niyə də ciddiyə almayaq? Hər bir işdə ciddiyyət olmalıdır. Rəqibdən-rəqibə fərq var. Dünən bir toplantımız oldu, fikirlər söylədim. Bu gün də rəqibin oyunlarına baxdım və əlavə fikirlər ortaya çıxdı. Ola bilər ki, çox dərinə getmək bəzən xeyrimizə olmayıb, amma bəzən də xeyrimizə olub.
- Keçmiş komandanız "Neftçi”nin "Qəbələ”yə 0:8 hesablı məğlubiyyətini necə qarşıladınız?
- Məni hansısa klub yox, Azərbaycan futbolu narahat edir. Daim istəmişəm ki, komandalarımız həmişə uğurlu nəticələr əldə etsinlər. Həm "Qəbələ”, həm də "Neftçi” bizim rəqibimizdir. Futbolçulara daim demişəm ki, bizim işimiz öz oyunumuza fikir verməkdir. Hər klubun öz idarə heyəti, başbilənləri var. Bizim müdaxilə etməyimiz düz çıxmaz, hörmətsizlik olar. "Qarabağ” olaraq, biz də böyükhesablı məğlubiyyətə uğramışıq. Bəzən belə məğlubiyyətlərin komanda və klub üçün böyük faydası olur.
Rahib Səmədov