Ukraynanın Berdiçev şəhərində Kliçko qardaşlarının mükafatı uğrunda gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.
Olimpnews.az saytının məlumatına görə, yarışda 12 idmançı ilə iştirak edən Azərbaycan yığması dörd medal qazanıb.
Millimizin heyətində ən yaxşı nəticəni Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) göstərib. Təmsilçimiz həlledici görüşdə yerli boksçu Vyaçeslav Qavrilyuka qalib gələrək turnirdə çempion adına layiq görülüb.
Ruslan Rüstəmov (52 kq), Malik Həsənov (56 kq) və Sərxan Əliyev (60 kq) isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, beynəlxalq turnirdə ümumilikdə 17 ölkədən 127 boksçu mübarizə aparıb. Ukrayna dörd komanda ilə təmsil olunub.