Fazil Hadıbəyov: “Azərbaycan idman ölkəsi olduğunu Olimpiya Oyunlarında bir daha sübut etdi”

Fazil Hadıbəyov: “Azərbaycan idman ölkəsi olduğunu Olimpiya Oyunlarında bir daha sübut etdi”





Gənc nəslin fiziki və mənəvi tərbiyəsində müstəsna rol oynayan bədən tərbiyəsi və idmanın inkişafını daha da sürətləndirmək, kütləviliyini təmin etmək məqsədilə Azərbaycanda kompleks tədbirlər görülür. Respublikamızda idmanda böyük nailiyyətlər qazanmaq üçün uşaq və yeniyetmə idmanına xüsusilə böyük diqqət və qayğı göstərilir. Uşaq və yeniyetmələrin böyük idmana yolu təbii ki, bu sahənin inkişafında özünəməxsus dəsti-xətti olan cəmiyyətlərdən və klublardan keçir. Uzun illərdir ki, ölkənin idman və bədən tərbiyəsinin inkişafında uğurla fəaliyyət göstərən "Zenit” İdman Cəmiyyəti İctimai Birliyi (İCİB) məhz bu sahədə kifayət qədər təcrübəsi olan qurumlardandır.

"Olimpiya dünyası” qəzeti uşaq və gənclərin fiziki və mənəvi inkişafı, gələcəyimiz olan gənc nəslin sağlam həyat tərzinə cəlb edilməsi məsələsinə böyük önəm verir və bununla bağlı səhifələrində geniş, maraqlı materiallar dərc edir. "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” layihəsi çərçivəsində bu dəfə oxucularımıza "Zenit” İB”-nin iki yetirməsi - sərbəst güləş üzrə böyüklər arasında ikiqat Avropa çempionu, XXXI Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Cəbrayıl Həsənov, gənclər arasında dünya çempionu Əfqan Xaşalov və onların məşqçiləri barədə məlumat verəcəyik. Siz bu idmançıları daha yaxından tanıyacaq, onların idmana gəlişi, qazandıqları uğur və nailiyyətləri barədə məlumat alacaqsınız.



Söhbətimizə "Zenit” İdman Cəmiyyəti İctimai Birliyi haqqında qısa arayışla başlamaq istərdik. Ölkədə bədən tərbiyəsi və idman hərəkatında müəyyən mövqe tutmağı bacaran "Zenit” İB-nin idmançıları indiyədək Avropa və dünya birinciliklərində, Olimpiya oyunlarında Azərbaycanı layiqincə təmsil edərək yüksək nailiyyətlər əldə ediblər. "Zenit” İB 2014 və 2015-ci illərdə beynəlxalq səviyyəli yarışlarda qazandığı yüksək nailiyyətlərə görə respublikada "İlin ən yaxşı idman cəmiyyəti” adına layiq görülüb. Birliyin təmsilçiləri ötən illərdə olduğu kimi, bu il də bir-birinin ardınca parlaq qələbələr qazanaraq Olimpiya Oyunlarında, dünya və qitə birincliklərində öz layiqli sözlərini deməyi bacarıblar. "Zenit”in sərbəst güləşçisi Cəbrayıl Həsənovun XXXI Yay Olimpiya Oyunlarının bürünc mükafatına layiq görülməsi çox böyük uğurdur. Bundan başqa cəmiyyətin digər təmsilçisi Əfqan Xaşalov buyaxınlarda Fransada keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyində olan "Zenit" İB xüsusilə təkbətək döyüşlər növləri üzrə idmançıların hazırlanması sahəsində böyük təcrübəyə malikdir. Burada idmanın sərbəst güləş, yunan-Roma güləşi, boks, cüdo, taekvondo və sambo bölmələri fəaliyyət göstərir. İdman qurumu fəaliyyətə başladığı ilk gündən etibarən bu quruma aid olan müəssisə, idarə və təşkilatlarda, bədən tərbiyəsi və idmanın təbliğinə, həmçinin təşkilinə xüsusi diqqət ayırır. Cəmiyyət Elektroenergetika və Eektrotexnika sənayesi, Müdafiə sənayesi, Metropoliten İşçiləri, "Bakı Stil Kompani”, Aviasiya işçiləri, Metal işçiləri, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının Respublika Komitələri ilə birlikdə bir sıra idman tədbirləri təşkil edir. 



"İdmançılarımız üçün yüksək şərait yaradılıb”

"Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri, Milli Olimpiya Komitəsinin üzvü, Bədən tərbiyəsi və idman xadimi Fazil Hadıbəyov bizimlə söhbətində ölkədə idman və Olimpiya Hərəkatının inkişafı, bu sahəyə göstərilən diqqət və qayğıdan, idmançılarımızn əldə etdiyi uğurlardan danışdı. Fazil müəllim birliyin yetirmələrindən Cəbrayıl Həsənov, Əfqan Xaşalov və digər idmançılarla qürur duyduğunu bildirdi. İdman mütəxəssisi 1993-cü ildən rəhbərlik etdiyi təşkilatın işindən, təmsilçilərinin qazandıqları uğurlardan söhbət açdı: "Respublikada bədən tərbiyəsi və idmanın inkişafında, yüksək dərəcəli idmançıların hazırlanmasında rəhbərlik etdiyim cəmiyyətin də müəyyən payı vardır. Fərəhli haldır ki, "Zenit” İB-nin təmsilçiləri Avropa və dünya birinciliklərində, Olimpiya oyunlarında Azərbaycanı layiqincə təmsil edərək yüksək nailiyyətlər əldə edirlər. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində respublikamızda idman sahəsi sürətlə inkişaf edir. Azərbaycan Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi "Zenit” İB-in problemlərinin həllində köməyini əsirgəmir. Azərbaycan Güləş Federasiyası tərəfindən yığmanın tərkibində fəaliyyət göstərən idmançılarımız üçün yüksək şərait yaradılıb, təqaüdlər ayrılır”.

Fazil Hadıbəyov "Zenit” İB-nə göstərdikləri dəstək və yardıma görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevə, Azərbaycan Həmkarlar İttifaqı İdman Təşkilatları İctimai Birliyinin sədri Nadir Əliyevə minnətdarlığını bildirdi: "Bu insanlar daim dəstək olur, kütləvi idman yarışlarının, spartakiadaların təşkilində bizə yaxından köməklik göstərirlər. Fürsətdən istifadə edərək təsisçilərimizdən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifova güləşçimiz Cəbrayıl Həsənova göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm”.
"Zenit” İB-nin sədri Rio-2016 Olimpiadasının bürünc mükafatçısı Cəbrayıl Həsənov, dünya çempionu Əfqan Xaşalov (hər ikisi sərbəst güləş), Avropa çempionu Nöfəl Babayev (yunan-Roma güləşi), Avropa çempionu Mikayıl Rəhmanov (yunan-Roma), Avropa çempionatının gümüş medalçısı Elmira Qəmbərova, cüdo üzrə Avropa birinciliyinin mükafatçısı Kəramət Hüseynov və digərləri ilə qürur duyduğunu dedi: "Yetirmələrimizlə qürur duyuram. Onlar beynəlxalq yarışlarda vətənimizin başını uca edir, vətənə medallarla qayıdırlar”.

"Əsas odur ki, vətənimizin bayrağı ucalsın, himnimiz səslənsin”

Təcrübəli mütəxəssis Azərbaycan idmançılarının Rio-2016 Yay Olimpiya Oyunlarında qazandıqları nailiyyətlərdən də söz açdı. "İdmançılarımızın Braziliyadan vətənə 18 medalla qayıtmaları çox böyük nəticədir. Azərbaycan idman ölkəsi olduğunu Olimpiya Oyunlarında bir daha sübut etdi. Ölkədə fəaliyyət göstərən və idmanın, Olimpiya hərəkatının inkişafında öz dəsti-xətti olan bütün klub, cəmiyyət və birliklərin uğuru elə hamımızın uğurudur, Azərbaycanın uğurudur. Əsas odur ki, vətənimizin bayrağı ucalsın, himnimiz səslənsin.
Cəmiyyətimizin yetirməsi Cəbrayıl Həsənov artıq ikinci dəfə idi ki, Olimpiya Oyunlarında iştirak edirdi. O, London-2012 Olimpiadasında 5-ci yerlə kifayətlənmişdi. Nə gizlədim, Rio-2016-da Cəbrayıldan qızıl medal gözləyirdim. Yarışlara çox yaxşı başlamışdı. Dalbadal iki görüşü rəqibə heç bir xal vermədən tam üstünlüklə başa vurdu. Yarımfinalda Rusiya təmsilçisi ilə də yaxşı güləşirdi. Təbii ki, belə mötəbər yarışlarda həyəcan da çox olur. Düşünürəm ki, Cəbrayıl gümüş və ya qızıl medal qazana bilərdi. Yarımfinalda bir az qətiyyətsizlik göstərdi. Hakimlərin də haqsızlığı oldu. Sevinirik ki, Cəbrayıl Braziliyadan medalsız qayıtmadı. Amma onun Olimpiya çempionu tituluna layiq görülməsini çox istəyirəm. İnşallah, öz üzərində işləyər və Tokio-2020 Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsində yer alar”.

Fazil müəllim Cəbrayıl Həsənovun bir insan kimi gözəl keyfiyyətlərə malik olduğunu da vurguladı. Onun səmimi, təvazökar və tərbiyəli bir gənc olduğunu diqqətə çatdıran həmsöhbətim mənəvi dəyər və keyfiyyətlərin insanın həyatında, karyerasında böyün önəm daşıdığını qeyd etdi: "Sadəlik, təvazökarlıq insana məxsus olan gözəl keyfiyyətlərdir. Təkəbbür isə insanı məhvə sürükləyir. Bugünkü gənclərimiz Olimpiya çempionu Namiq Abdullayevi özlərinə örnək götürməlidirlər. Çünki onun həyatı, karyerası hər mənada bir məktəbdir. İndiyədək əldə etdiyi böyük uğurlara, qazandığı titullara baxmayaraq özünü çox sadə aparır, böyük-kiçik yeri bilir. Cəbrayılda da belə yüksək keyfiyyətlər vardır.
"Zenit” İctimai Birliyində Cəbrayılın yolunu davam etdirəcək perspektivli idmançılarımız çoxdur. Onlardan biri də sərbəst güləş üzrə gənclərdən ibarət ölkə yığmasının üzvü Əfqan Xaşalovdur. Mən onun gələcəyinə inanıram”.



"Olimpiya Oyunlarında qazanılan hər bir medal qiymətlidir”

"Zenit” İB-in təcrübəli idmançısı Cəbrayıl Həsənov sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvüdür. O, bu il avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında ölkəmizə bürünc medal qazandırıb.

Gənc idmançımız Rio-2016 Olimpiadasında çıxışı ilə bağlı fikirlərini bizimlə bölüşdü. "Çox istəyirdim ki, qızıl medal qazanım, alınmadı. Müəyyən səhvlərim oldu. Rio Olimpiadasını bürünc medalla başa vurdum. Təbii ki, Olimpiya Oyunları kimi mötəbər yarışda qazanılan hər bir medal qiymətlidir. 1/8 finalda kolumbiyalı Karlos Arturo İzkuerdo Mendesə böyük üstünlüklə qalib gəldim. Növbəti mərhələdə Gürcüstan idmançısı Yakob Makaraşvilini də məğlub etdim. Yarımfinaldakı rəqibim rusiyalı Ənvər Geduyev idi. Görüşün əvvəlində 4:0 öndə idim. 

Düşünürdüm ki, hesabı bu qaydada saxlaya biləcəyəm. Səhvim onda oldu ki, üstünlüyü axıradək qoruyub saxlaya bilmədim. Sona qədər əzmkarlıq göstərməli, rəqibə imkan verməməli idim. Hakimlərin də haqsızlığı oldu. Xalı rəqibə verdilər. Beləliklə, 4:5 hesabı ilə məğlub oldum. Olimpiya Oyunları digər yarışlardan fərqlənir. Burada hər dəqiqənin, hər saniyənin bir hökmü var. Buraxılan səhvlər üzərində işləyəcəyəm və 4 ildən sonra keçiriləcək Tokio-2020 Olimpiadasında daha yüksək nəticə əldə etməyə çalışacağam. Çünki başda ölkə Prezidenti olmaqla, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Güləş Federasiyası tərəfindən biz idmançılara yüksək diqqət və qayğı göstərilir. Bizim məşq və yarışlarda iştirak etməyimiz üçün hər bir şərait yaradılıb. Biz də bu diqqət və qayğıdan bəhrələnməli, etimadı doğrultmalıyıq”.

Yaxın günlərdə yenidən təlim-məşq toplanışlarında iştirak edəcəyini bildirən Cəbrayıl Həsənov qarşıda onu ölkə, Avropa və dünya çempionatı kimi yarışların gözlədiyini dedi. O, 2017-ci ildə ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edəcəyinə əminliyini ifadə etdi: "Doğma divarlar arasında çıxış etmək biz idmançılardan ikiqat məsuliyyət tələb edir. İslam Oyunlarında Azərbaycanı layiqincə təmsil etməyə çalışacağam”.
"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunduğu üçün qürur duyduğunu bildirən Rio-2016-nın bürünc mükafatçısı uşaq və gənclərə üzünü tutaraq idmanın insanın həyatında böyük önəm daşıdığından da danışdı. O qeyd etdi ki, uşaqların peşəkar idmanla məşğul olması mütləq deyil. Sağlamlıq nöqteyi-nəzərindən uşaq və gənclərin idmana cəlb olunmalarının vacibliyini vurğulayan Cəbrayıl Həsənov ölkəmizin sağlam, savadlı gənclərə ehtiyacı olduğunu bildirdi.

Uzun illərdir ki, "Zenit” İdman Cəmiyyətində məşqçi kimi fəaliyyət göstərən və həm də Azərbaycan güləş yığmasının məşqçisi olan Aslan Ağayev yetirməsi Cəbrayıl Həsənov haqqında fərəhlə danışdı. "Cəbrayılın Rio-2016 Olimpiadasında bürünc medala layiq görülməsi böyük uğurdur və onunla fəxr edirəm. Qazanılan bu uğurda Azərbaycan Güləş Federasiyasının və üzvü olduğum "Zenit” İB-nin xidməti danılmazdır. Cəbrayıl olimpiadadan əvvəl də deyirdi ki, Rioda mütləq medal qazanmalıyam. Çünki o, buna hazır idi. Cəbrayılın püşkünə güclü rəqiblər düşmüşdü. O, finala qədər çox yaxşı güləşdi. Final görüşünün ilk 2 dəqiqəsində 4:0 hesabı ilə öndə olsa da, sonradan vəziyyət dəyişdi. Çünki Cəbrayıl riskə getmək istəmədi və düşündü ki, hesabı saxlaya biləcək. Rəqib isə bundan öz xeyrinə istifadə etdi. Çox şükür ki, medalsız qalmadı. Amma bu medal gümüş və ya qızıl da ola bilərdi. Bunu Azərbaycan Prezidenti sentyabrın 2-də Rio-2016 Olimpiadasında medal qazanan idmançı və onların məşqçiləri ilə görüşü zamanı Cəbrayıla fəxri diplomu təqdim edərkən vurğuladı. Biz Cəbrayılı Olimpiya çempionu görmək istəyirik. İnanırıq ki, o, bizim ümidlərimizi doğruldacaq. Sevinirəm ki, XXXI Yay Olimpiya Oyunlarında uğurla çıxış etmiş idmançıların məşqçiləri arasında "Tərəqqi” medalı ilə təltif olunanlardan biri də mənəm. Ölkə Prezidentinin təltif olunanları şəxsən təbrik etməsi qürurverici hissdir və bizim üzərimizə böyük məsuliyyət qoyur”.

"Dünya çempionu olduğum üçün qürur duyuram”

"Zenit” İC-nin digər yetirməsi Əfqan Xaşalov (54 kq) gənc və perspektivli idmançılardandır. Cavid Qurbanzadənin yetirməsi olan sərbəst güləşçımiz buyaxınlarda Fransanın Makon şəhərində gənclər arasında keçirilən dünya çempionatında qızıl medala layiq görülüb.

19 yaşlı dünya çempionu qələbə sevincini bizimlə bölüşdü: "Qalib olmaq gözəl hissdir. Amma vətəndən uzaqda fəxri kürsünün ən yüksək pilləsində Azərbaycanın bayrağını qaldırmaq, himnini səsləndirməkdən gözəl və möhtəşəm heç nə ola bilməz. Sevinirəm ki, federasiyanın, məşqçilərimin əziyyətini yerdə qoymadım, onların ümidlərini doğrultdum. Vətənə, ailəmin yanına üzüağ, alnıaçıq qayıtdım”.

Qeyd etdiyimiz kimi, Əfqan Xaşalov dünya çempionatında bütün görüşlərini böyük üstünlüklə başa vurub. Güləşçimiz bu barədə ətraflı məlumat verərək dedi: "Mən bu yarışa ancaq və ancaq qələbə üçün getmişdim. Çünki yaxşı hazırlaşmışdım və özümə inanırdım. 1/8 finalda hindistanlı rəqibimi 1 dəq 10 saniyə ərzində 10:0 hesabı ilə döşəkdən kənarlaşdırdım. Ikinci görüşümdə qarşılaşdığım Özbəkistan təmsilçisi güclü idi, amma bu görüşü də 9:6 hesabı ilə öz xeyrimə başa vurdum. Yarımfinalda yaponiyalı Taumi Taşironu ram etmək o qədər də çətin olmadı – 11:1. Final görüşündə Rusiya təmsilçisi ilə qarşılaşdım. Dünya çempionluğunun bir addımlığında olmaq hissi mənə stimul verirdi və mən qələbənin çox yaxın olduğunu duyurdum. Çünki bu yarışa fiziki və psixoloji cəhətdən hazır idim. 12:5 hesablı qələbə ilə dünya çempionatının qızıl medalını qazandım”.

İdmançı bu uğuruna görə sərbəst güləş üzrə yığmanın bütün məşqçi heyətinə təşəkkürünü və minnətdarlığını bildirdi. Əfqanın sözlərinə görə, idmançıların yaxşı nəticələr göstərmələri üçün rəhbərlik tərəfindən hər bir şərait yaradılıb. "İnanıram ki, bundan sonrakı yarışlarda da federasiya rəhbərliyinin, məşqçilərimin ümidlərini doğruldacağam. Gələcəkdə böyüklər arasında Avropa, dünya və Olimpiya çempionu olmağı qarşıma məqsəd qoymuşam. Həmyaşıdlarıma üzümü tutaraq deyirəm ki, mütləq idmanla məşğul olsunlar, sağlam həyat tərzi keçirsinlər. Yaxud hər hansı işin qulpundan yapışsınlar, faydalı işlərlə məşğul olsunlar, valideynlərinə, vətəninə, xalqına xeyirli övlad olmağı bacarsınlar. Azərbaycanda gənc nəslin həm fiziki, həm də mənəvi tərbiyəsi üçün bütün imkanlar mövcuddur”.

"Yeniyetmə və gənclərlə işləmək məşqçidən fərqli yanaşma tələb edir”

Əfqan Xaşalovun məşqçisi Cavid Qurbanzadə 2000-ci ildən sərbəst güləş sahəsində çalışır. Cavid müəllim deyir ki, məşqçi olmaq insandan böyük məsuliyyət və zəhmətsevərlik tələb edir: "Məşqçi yetirməsi üçün həm müəllim, həm ata, həm də dost olmağı, ona düzgün istiqamət verməyi bacarmalıdır. Sevinirəm ki, bu gün yetirməm Əfqan digər şagirdlərim üçün nümunədir. Əfqan çox perspektivli və texnikalı güləşçidir və mən onun gələcəkdə Olimpiya çempionu olacağına inanıram.
Yaş səviyyəsindən asılı olaraq uşaq, yeniyetmə və gənclərlə işləmək məşqçidən müəyyən və fərqli yanaşma tələb edir. Məşq prosesində idmançının fizki, texniki, taktiki və psixoloji hazırlığı çox mühümdür. Kiçik yaşlı yeniyetmələrlə işləmək daha çətin və məsuliyyətlidir. Çünki bu yaşda buraxılan səhvlərin sonra qarşısıalınmaz nəticələri ola bilər”.

Cavid müəllim "Zenit” İC-də məşqçi kimi çalışdığına, yetirmələrinə sərbəst güləşin sirlərini öyrətdiyinə görə son dərəcə məmnun olduğunu və cəmiyyətin təmsilçilərinin yerli və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış edəcəklərinə əmin olduğunu vurğuladı.



Səadət Hakıyeva