“Zenit”in yetirməsi dünya çempionudur

“Zenit”in yetirməsi dünya çempionudur



İdman təkcə sağlamlıq yox, həm də sağlam düşüncə, saf niyyət deməkdir. İdmana, bədən tərbiyəsinə bağlı gənclərin yetişdirilməsi məqsədi isə Azərbaycanın sağlam, firavan sabahı uğrunda çoxşaxəli fəaliyyətin mühüm tərkib hissəsi kimi diqqəti çəkir. Mövcud dövlət siyasətinin əsas məqsədlərindən biri də uşaq və gənclərin istər fiziki, istər mənəvi cəhətdən sağlam böyümələri, vətənə layiqli ödlad kimi yetişmələridir. Bu gün Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında uğur qazanan gənclərimizlə hamımız fəxr edirik. Çünki onlar böyük iş görürlər –beynəlxalq arenalarda bayrağımızı qaldırır, himnimizi səsləndirirlər. 

Belə gənclərdən biri də "Zenit” İdman Cəmiyyəti İctimai Birliyinin təmsilçisi, sərbəst güləş üzrə gənclərdən ibarət yığmanın üzvü Əfqan Xaşalovdur. Afqan Xaşalov (54 kq) çox gənc və perspektivli idmançılardandır. Cavid Qurbanzadənin yetirmələrindən olan sərbəst güləşçımiz buyaxınlarda Fransanın Makon şəhərində gənclər arasında keçirilən dünya çempionatının qızıl medalına layiq görülüb. 19 yaşlı dünya çempionu yarışdan sonra məşqçisi Cavid Hüseynzadə ilə birlikdə qələbə sevincini olimpnews.az” saytı ilə bölüşdülər. 




"Dünya çempionu olduğum üçün qürur duyuram”

-Əfqan, hansı hissləri keçirirsən?

- Hər bir idmançı istəyir ki, iştirak etdiya yarışda qələbə qazansın. Sevinirəm ki, dünya çempionatından mükafatçı kimi yox, çempion kimi qayıtdım. Qalib olmaq gözəl hissdir. Amma vətəndən uzaqda fəxri kürsünün ən yüksək pilləsində Azərbaycanın bayrağını qaldırmaq, himnini səsləndirməkdən gözəl və möhtəşəm heç nə ola bilməz. Sevinirəm ki, federasiyanın, məşqçilərimin əziyyətini yerdə qoymadım, onların ümidlərini doğrultdum. Vətənə, ailəmin yanına üzüağ, alnıaçıq qayıtdım.



-Dünya çempionatında görüşlərinin hamısını böyük üstünlüklə başa vurdun. Rəqiblərin zəif idi, yoxsa sən yaxşı hazırlaşmışdın?

-Mən bu yarışa ancaq və ancaq qələbə üçün getmişdim. Çünki yaxşı hazırlaşmışdım və özümə inanırdım. 1/8 finalda hindistanlı rəqibimi 1 dəq 10 saniyə ərzində 10:0 hesabı ilə döşəkdən kənarlaşdırdım. Ikinci görüşüm Özbəkistan təmsilçisi ilə idi. Rəqibim güclü idi, amma bu görüşü də 9:6 hesabı ilə öz xeyrimə başa vurdum. Yarımfinalda yaponiyalı Taumi Taşironu ram etmək o qədər də çətin olmadı – 11:1. Final döyüşüm Rusiya təmsilçisi ilə idi. Dünya çempionluğunun bir addımlığında olmaq hissi mənə stimul verirdi və mən qələbənin çox yaxın olduğunu duyurdum. Çünki bu yarışa çox yaxşı hazırlaşmışdım və psixoloji cəhətdən hazır idim. 12:5 hesablı qələbə ilə dünya çempionatının qızıl medalı artıq mənim idi.

- Qarşıdan ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları gəlir...

- İlin sonunda Azərbaycan çempionatı keçiriləcək. Bu yarışdan sonra Avropa çempionatı gəlir. Ölkəmizin ev sahibliyi etdiyi bu mötəbər yarışa ciddi hazırlaşacağıq. Doğma divarlar arasında təşkil edilən bu tədbirdə fəxri kürsünün ən yüksək pilləsində qərar tutmağı qarşıma məqsəd qoymuşam.



"Federasiyada bizim üçün hər bir şərait yaradılıb"

- Gələcək karyeranda hansı uğurları əldə etmək istəyərdin?

- Mən gələcəkdə böyüklər arasında Avropa, dünya və Olimpiya çempionu olmağı çox istəyirəm. Bu titulları əldə etmək üçünsə çoxlu işləmək lazım gəlir. İnşallah, arzularıma çatacağıma inanıram.

İndiyədək əldə etdiyim uğurlara, mənə diqqət və qayğı göstərdiklərinə görə Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə, məşqçi heyətinə minnətdarlığımı bildirirəm. Federasiyada bizim üçün hər bir şərait yaradılıb. Bundan sonrakı yarışlarda da federasiya rəhbərliyinin, məşqçi heyətinin, müəlimimin ümidlərini doğrultmağa çalışacağam.

-Həmyaşıdlarına nə arzu edərdin?

- Yaşıdlarıma deyirəm ki, mütləq idmanla məşğul olsunlar, sağlam həyat tərzi keçirsinlər. Yaxud hər hansı işin qulpundan yapışsınlar, faydalı işlərlə məşğul olsunlar, valideynlərinə, vətəninə, xalqına xeyirli övlad olmağı bacarsınlar.



-Cavid müəllim, Əfqanın məşqçisi kimi sizin də fikirlərinizi bilmək maraqlı olardı...

-2000-ci ildən sərbəst güləş sahəsində çalışıram. Yaş səviyyəsindən asılı olaraq uşaq, yeniyetmə və gənclərlə işləmək məşqçidən müəyyən və fərqli yanaşma tələb edir. Məşqçilik insandan böyük məsuliyyət və hədsiz zəhmətsevərlik tələb edir. Məşqçi yetirməsi üçün həm müəllim, həm ata, həm də dost olmağı, ona düzgün istiqamət verməyi bacarmalıdır.
Əfqan çox istedadlı və texnikalı güləşçilərimizdəndir. Mən ona mox ümid bəsləyir və imkanlarını yüksək qiymətləndirirəm. Əfqanı digər şagirdlərimə nümunə göstərirəm. O, çox perspektivli idmançıdır və mən yetirməmin gələcəkdə Olimpiya çempionu olacağına inanıram”.


Səadət Hakıyeva