Sentyabrın 30-da Qız Qalasının qarşısında Bakıda səfərdə olan UEFA prezidenti Aleksander Çeferin və AFFA prezidenti Rövnəq Abdullayevin iştirakı ilə brifinq keçirilib. Olimpnews.az saytının məlumatına görə, onlar jurnalistlərin suallarını cavablandırıblar.
- 2020-ci ildə Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi Azərbaycan üçün hansı müsbət təsirləri olacaq?
- A.Ç.: Bu cür tədbirlər futbolun inkişafına çox kömək edir. Ümid edirəm ki, bu, sizdə uşaqların futbola cəlb olunmasına kömək edəcək və komandanız böyük turnirlərin final mərhələsində çıxış etmək hüququ qazanacaq.
- EURO-2020-yə ev sahibliyi edəcək Bakının turnir üçün hazırladığı loqo ürəyinizcədir?
- A.Ç.: Bakının EURO-2020 üçün hazırladığı loqodan çox xoşum gəldi, razılığımı bildirdim. Bu loqonun arxasında duran ideya millətlərin birləşməsi üçün hesablanıb. Əsas məqsəd budur.
- Azərbaycan futbolunun infrastrukturu ilə tanış ola bildinizmi?
- A.Ç.: Az müddətdir ki, Azərbaycandayam. Avroliqanın qrup mərhələsi çərçivəsində "Qəbələ”nin "Maynts” klubu ilə oyununda oldum. Bununla yanaşı, 8-ci km qəsəbə stadionu və Bakı Olimpiya Stadionunu görmüşəm. Çox gözəldir, bəyəndim.
- "Qəbələ” - "Maynts” matçını tribunadan izlədiniz. Oyunla bağlı fikriniz necədir?
- A.Ç.: Matç zamanı çoxlu qollar gördük. Bu isə, azarkeşlər üçün müsbət məqamlardandır.
- Bakının gələcəkdə UEFA Çempionlar Liqası və ya Avropa Liqasının finalına ev sahibliyi etmək şansı varmı?
- A.Ç.: Bunun üçün UEFA-ya sifariş göndərmək lazımdır. Bu məsələ UEFA-nın iclaslarında geniş müzakirə olunur. Təbii ki, qalib olmaq mümkündür. Ən yüksək səviyyədə hazırlanmış Sifariş kitabları olan şəhərlərə bu cür final oyunları verilir.
- "Azərbaycan-2020: Gələcəyə baxış" inkişaf konsepsiyası barədə nə deyə bilərsiniz?
- R.A.: Biz bunun təqdimatını etdik. Bu, proqramda bir yol xəritəsidir. Bunun üçün çox iş görülüb, böyük qüvvə sərf olunub. Amma proqramı tərtib etmək yox, onu həyata keçirmək daha çətindir. Biz çalışacağıq bunu həyata keçirək.
- UEFA prezidenti Aleksander Çeferin qeyd etdi ki, Çempionlar Liqası və ya Avropa Liqasının finalına ev sahibliyi etmək üçün sifariş vermək lazımdır. Sizin belə bir fikriniz varmı?
- R.A.: Biz EURO-2020-yə sifariş vermişdik və peşəkar səviyyədə hazırlamışdıq. UEFA prezidenti də qeyd etdi ki, Bakının hazırladığı Sifariş kitabı Londondan sonra ikinci yerdədir. Səsvermə zamanı 48 xal London, 47 xal Bakı yığmışdı. Verdiyimiz sifarişin keyfiyyətinə görə 13 şəhər arasında ikinciyik. Bilirsiniz, hər şeyi eyni ölkəyə vermirlər. Amma çalışacağıq o vaxta qədər də nəsə edək. Bu il 17 yaşınadək futbolçulardan ibarət yığmalar arasında Bakıda Avropa çempionatı keçirildi. Buna qədər 17 yaşınadək qadın futbolçuların dünya çempionatına ev sahibliyi etmişdik. 5-6 il ərzində artıq iki böyük turniri qəbul etmişik. Xüsusən də, EURO-2020-nin ev sahiblərindən biri kimi qəbul edilməyimizi qeyd edərdim. Çalışacağıq ki, UEFA-nın bir neçə tədbirinin də ölkəmizdə keçirilməsinə nail olaq. Əsas sifarişi vermək deyil, UEFA-nın onu qəbul etməsidir. Elə təklif verməliyik ki, bunu qəbul etsinlər.
- EURO-2020-nin yüksək təşkilatçılığı üçün AFFA qarşısına hansı məqsədləri qoyub?
- R.A.: Bildiyiniz kimi, EURO-2020-nin təşkilati məsələləri ilə bağlı ölkə prezidentinin sərəncamı oldu və dövlət komissiyası yaradıldı. Bu komissiyanın sədri baş nazirin birinci mavini oldu. Bu da onu göstərir ki, Azərbaycan dövləti bu yarışa yüksək qiymət verir. Təşkilati məsələlər dövlət səviyyəsində həyata keçiriləcək. Azərbaycanın böyük yarışları qəbul etmək üçün kifayət qədər təcrübəsi var. "Eurovision-2012”, I Avropa Oyunları və Şahmat Olimpiadası buna nümunədir.
Rahib Səmədov