Çinin paytaxtı Pekin şəhərində reytinq xalı üzrə dünyanın ən güclü səkkiz idmanmçının gərgin döyüşləri keçirilib.
Olimpnews.az saytının məlumatına görə, Azərbaycanın ilk dəfə iştirak etdiyi bu yarışda ölkəmizi təcrübəli rinq ustası, DİN İC idmançısı, "Lord” ləqəbli Ramal Aslanov təmsil edib. O, bu çətin yarışın ikinci raundunda holland idmançısı Atik Askerzadəyə nakautla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Ötən həftə Pekindən qayıdan Ramal Aslanovun şəxsi məşqçisi, əməkdar məşqçi Hakim Hacıyevlə görüşüb, bizi maraqlandıran bəzi suallar ətrafında söhbət etdik.
- Hakim müəllim, rəqib çox güclü idmançı idi. Ona qalib gəlmək "Lord” üçün çətin olmadı ki?
- Qeyd etdiyiniz kimi, Atik Askerzade kifayət qədər təcrübəli döyüşçüdür. Biz uzun müddətdir ki, bu döyüşə hazırlaşırdıq. Bu yarışın çox çətin olduğunu bildiyimizə görə, təbii ki, hazırlıqlarımıza da böyük məsuliyyətlə yanaşırdıq. Həm mən, həm də Ramal çox yorulurduq. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı.
- İkinci raundda yetirməniz ağır zərbə ilə rəqibi nakauta saldı. Nakautla qalib gəlmək sizin əvvəlcədən hazırlaşdığınız taktika əsasında oldu yoxsa, döyüş belə alındı?
- Xeyr, döyüş belə alındı. Mən sadəcə Ramala tapşırmışdım ki, təslim olma, sona qədər mübarizə apar. O, ilk raundda xal hesabı ilə rəqibindən öndə idi. İkinci raund başlayanda Ramala dedim ki, rəqibin öz döyüş üslubunu göstərməyə imkan ver, qoy o müdafiədən çox hücum barədə fikirləşsin. "Lord” rəqibin müdafiəsiz bir anından istifadə edərək çox ağır zərbə ilə onu nakauta saldı. Deyərdim ki, Ramalın idman karyerası ərzində belə qələbəsi olmamışdı.
- Yəqin ki, həmin qələbə sevincini sözlə ifadə etmək çətin olar...
- Əlbəttə. Bu qələbə təkcə Ramalın yox, şəxsi məşqçi kimi mənim, bütün kikboksinq ailəsinin və xalqımızın qələbəsidir. Çox xoşbəxtəm ki, Ramal mənə bu sevinci yaşatdı. Qeyd etmək istərdim ki, qazandığımız uğurlara görə ilk növbədə bizə dəstək olan xalqımıza və bizə göstərdiyi yüksək diqqət, qayğıya görə federasiya rəhbərliyinə borcluyuq. Çalışacağıq ki, nəinki, növbəti mərhələdə qalib gələk, yanvarda keçiriləcək final döyüşündə qələbə qazanaraq tarixə Azərbaycanın adını qızıl hərflərlə yazaq. Bu bizim üçün böyük şərəf olar.
- Döyüşə baxanda görürük ki, rəqib Ramalın zərbəsindən sonra huşunu itirirdi. Rəqib olmağınıza baxmayaraq, idmançıya yaxınlaşıb onun səhhəti ilə maraqlandınız...
- Mən həm də beynəlxalq dərəcəli hakiməm. Çox görüşləri idarə etmişəm. Amma belə hallarla cəmi bir neçə dəfə rastlaşmışam. Təsəvvür edin, rinqin bir tərəfində sevinc göz yaşları, digər tərəfdə isə kədərli anlar. Necə ki, Ramal qalib gələrkən özümdən asılı olmayaraq sevindim, bu da elə. Tələbəmlə bir-birimizi təbrik etdikdən sonra atalıq hissi məni Atik Askerzadənin səhhəti ilə maraqlanmağa vadar etdi. Nə olsun ki, rəqibik, düşmən deyilik ki?! Həm də biz hər yerdə Azərbaycan mentalitetinə xas bir şəkildə hərəkət etməliyik. Bu, bizim vətəndaşlıq borcumuzdur.
- Bəs rəqibin sonrakı durumu necə oldu?
- Onu rinqdən xərəklə apardılar, huşu özündən getmişdi. Amma xoşbəxtlikdən sonradan hər şey qaydasına düşdü. Mən buna çox sevindim. Bütün döyüşlər qurtardıqdan sonra ona yaxınlaşdım, qucaqladım və növbəti yarışlarda uğurlar arzuladım.
- Çin bir çox Şərq idman növlərinin vətənidir. 6 gün bu ölkənin paytaxtında qonaq oldunuz. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, Çində kunq-fu, aykido və başqa bu kimi idman növlərinin geniş yayıldığını bilirdim. Bunun əyani şahidi oldum. Doğrudan da Çində idmana böyük həvəs və maraq var. İmkan tapıb bir neçə idman zallarına da getdik, məşqlərdə iştirak etdik.
Kənan Novruzov