Ümumdünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə super ağır çəkidə dünya çempionu olan böyük britaniyalı Tayson Fyuri karyerasını başa vurduğunu açıqlayıb.
Bu barədə boksçu özü "Twitter" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Boks indiyə qədər məşğul olduğum ən darıxdırıcı şeydir. Mən dahiyəm və gedirəm. Salamat qalın", - T.Fyuri yazıb.
Ümumiyyətlə, daha əvvəl boksçunun dopinq-testinin müsbət nəticələndiyi və onun kokain qəbul etdiyi məlum olub. Test idmançıdan sentyabrın 22-də götürülüb. T.Fyuri 28 yaşındadır və karyerasını məğlubiyyətsiz başa vurub. Onun aktivində 18-i nokaut olmaqla 25 qələbə var.