Rio Olimpiadasında uğur qazanan idmançılar, onların məşqçləri, idman mütəxəssisləri ilə hazırladığımız silsilə müsahibələr davam edir. Budəfəki həmsöhbətimiz Olimpiya çempionu Nazim Hüseynovdur. Veteran cüdoçumuzla söhbətimiz Olimpiya Oyunları, IV İslam Həmrəyliyinə hazırlıq işlərini əhatə etdi. O, bizi maraqlandıran sualları səmimi cavablandırdı.
- Rio Olimpiya Oyunlarında cüdoçularımızın nəticələri sizi qane etdimi? Oyunlardan əvvəl verdiyiniz müsahibədə Rüstəm Orucovun mükafatçı olacağını demişdiniz...
- Bəli. Nəticələrdən razı qaldım. Ümumiyyətlə, bütün idmançılarımız yaxşı mübarizə apardılar. Cüdo Federasiyasında olan dəyişikliklər öz bəhrəsini verdi. Olimpiya Oyunlarında əldə olunan 2 gümüş medal həmin dəyişikliyin müsbət nəticəsidir. Əsas odur ki, heç bir idmançımız ilk görüşdə uduzmadı. Rüstəm bizim ən perspektivli idmançımızdır. Mən ona və bütün idmançılarımıza daha böyük uğurlar arzulayıram. İnanıram ki, növbəti Oyunlarda daha böyük nailiyyətlər qazanacaqlar.
- Rio-2016 Paralimpiya Oyunlarında İlham Zəkiyevin çıxışı bizi təəccübləndirdi...
- Düzdür. Mən artıq Avropa Oyunlarında hiss etmişdim ki, idmançımız əvvəlki formasını itirib. Bununla belə qeyd olunmalıdır ki, İlham Zəkiyev Azərbaycan idman tarixində heç kəsin bacarmadığı bir şeyi bacarıb. O, iki dəfə Paralimpiya Oyunlarının qalibi adını qazanıb. İlhamın Rio Oyunlarıdakı uğursuzluğu onun nailiyyətlərinə kölgə sala bilməz. Hamımız İlhamla fəxr edirik. Fürsət istifadə edib, Paralimpiya çempionu Ramil Qasımovu da təbrik edirəm. O, qızıl medala layiq idi.
- IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq necə gedir?
- Dekabr ayında böyüklər arasında respublika çempionatı keçiriləcək. Həmin yarışdan sonra cüdoçularımızın İslam Oyunlarına hazırlığı başlayacaq. Fikrimcə, 6 ay müddətində idmançılarımız kifayət qədər təcrübələrini artıra biləcəklər və Oyunlarda bizi sevindirəcəklər.
- Nazim müəllim, uşaq və yeniyetməlik illərində bir çox idman növləri ilə məşğul olmusunuz. Əgər peşəkar karyeranızı başqa növdə davam etdirsəydiniz Olimpiya zirvəsinə yüksələ bilərdinizmi?
- Hesab edirəm ki, həmin zirvəni fəth edə bilərdim. Əgər idmançıda lazımi xarakter, kifayət qədər əzmkarlıq varsa, o, istənilən idman növündə uğur qazana bilər. Sadəcə, məşğul olduğun idman növünü dərindən öyrənməli, özünə inanmalısan.
- Oğlunuz Naim də cüdo ilə məşğuldur. Necə düşünürsünüz, o, gələcəyin Nazim Hüseynovu ola bilər?
- Mən buna inanıram. Dediyim kimi, əsas olan xarakterdir. Naimdə həmin xarakter var, məşqlərə həvəslə gedir. İnanıram ki, oğlumun əziyyəti növbəti Olimpiya Oyunlarında öz bəhrəsini verəcək.
- 2018-ci ildə cüdo üzrə dünya çempionatını keçirmək Bakıya həvalə olunub...
- Bu, çox böyük uğurdur. Həmin yarış bizim üçün çox məsuliyyətli sınaq olacaq. Eyni zamanda yarışı uğurla başa çatdıracağımıza inanıram.
- İdmana həvəslə başlayan, lakin sonradan müəyyən səbəblərə görə bu sahədən uzaqlaşanlara nə məsləhət görərdiniz?
- Peşəkar idmançıda xarakter və əzmkarlıq olmalıdır. Ən yüksək zirvəni özü üçün hədəf seçməli və nə olursa-olsun ona çatmağa çalışmalıdır. Heç nə asanlıqla əldə edilmir. Səbr etmək, ruhdan düşməmək lazımdır.
Kənan Novruzov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir