"Olimpiya dünyası” qəzetinin 15 yaşı tamam olur. Fəaliyyət göstərdiyimiz bu illər ərzində qəzetimiz tanınmış idman mütəxəssisləri, idman ictimaiyyətinin nümayəndələri ilə sıx təmasda olub.
Olimpnews.az saytının məlumatına görə, belə şəxslərdən biri də Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Abıyevdir. Təcrübəli mütəxəssislə budəfəki söhbətimiz qəzetimizin 15 illik yubileyi ilə bağlı oldu.
- Ağacan müəllim, bir neçə gündən sonra qəzetimizin 15 yaşı tamam olur. Nəşrə başlayan gündən bu qəzetin fəaliyyəti sizin gözünüzün qabağında olub. Çox istərdik ki, 15 il bundan əvvəl qəzetin nəşri ilə bağlı baş verən proseslərə nəzər salasınız.
- 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olunmağa başladı. Milli Olimpiya Komitəsinin tarixi müstəqilliyimizin tarixi ilə üst-üstə düşür. Müstəqilliyin bərpasından bir il sonra Milli Olimpiya Komitəsi yaradıldı. 1990-cı illərin ortalarından başlayaraq bu günə qədər Azərbaycanda idmanın və Olimpiya Hərəkatının təbliği istiqamətində çox böyük işlər görülüb. Həmin ərəfələrdə, yəni müstəqilliyimizin ilk illərində ölkəmizi tərk etmiş tanınmış idmançılar, məşqçilər, idman mütəxəssisləri Vətənə qayıtdılar. Təlim-məşq prosesi üçün çox gözəl şərait yaradıldı. İdmanın müxtəlif növlərinin inkişafı üçün konkret addımlar atılmağa başlandı, federasiyalar gücləndirildi. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, federasiyalar, idman cəmiyyətləri, klublar bir ailə kimi fəaliyyətə başladı. Bununla da idman uğurlarımız günü-gündən artdı. Şübhəsiz ki, həmin vaxt bu uğurların ictimaiyyətə çatdırılması da diqqət mərkəzində idi. Qərara alındı ki, Milli Olimpiya Komitəsinin öz nəşri, öz qəzeti olsun. Rəhbərliyə bu barədə məlumat verildi. Bu təklif yüksək qiymətləndirildi. Nəticədə, "Olimpiya dünyası” qəzeti fəaliyyətə başladı. Bizim hər birimiz bu qəzetin uzunömürlü olacağına əmin idik. Qəzet öz işinin peşəkarı olan insanlara tapşırılmışdı. Yüksək bacarığa malik olan kollektivin sayəsində bu qəzet qısa zamanda böyük nüfuz qazandı. Qəzetin hər bir səhifəsində idman uğurlarımızla bağlı yazılar dərc edildi.
- Mühüm idman xəbərlərini necə əldə edirsiniz?
- Bu gün ölkəmizdə informasiya azadlığı var. Televiziya, radio və internet səhifələrində hər dəqiqə yeni xəbərlər eşidir və oxuyuruq. Amma qəzet bunlardan bir az fərqlənir. Qəzetdə yazılanlar dəyişilmir. O, bir sənədə bənzəyir. Bu səbəbdən yazılı mətbuat KİV-lər arasında daha məsuliyyətlidir. Hər hansı bir yazı qəzet səhifəsində nəşr olundusa, həmin yazıdakı səhvləri aradan qaldırmaq olmur. "Olimpiya dünyası” qəzetini ərsəyə gətirən kollektiv bu məsuliyyəti yaxşı başa düşür. Qəzetdə obyektivlik qorunur, baş verən hadisələr olduğu kimi yazıya çevrilir, oxucuya çatdırılır. Burada təhrif və qərəzə rast gəlməmişəm. Elə buna görə də "Olimpiya dünyası” idman mətbuatları arasında liderdir. Geniş formatda olan qəzetin səhifələrində hər bir idman növü barəsində dolğun məlumatlar yer alır. Bunu tərif üçün demirəm. Bir rəhbər kimi deyil, oxucu kimi fikirlərimi sizinlə bölüşürəm. Deyə bilərəm ki, Azərbaycan idmanı barədə məlumatların əksəriyyətini məhz "Olimpiya dünyası” qəzetindən əldə edirəm.
- Qəzetimizdə daha çox hansı yazıları oxuyursunuz?
- Düzünü desəm, imkan və vaxt olan kimi, hər bir səhifədə yer alan xəbərləri gözdən keçirirəm. Lakin, Olimpiya Oyunları və Olimpiya Hərəkatı, uşaq və yeniyetmə idmanı, milli-mənəvi tərbiyə ilə bağlı yazıları daha çox bəyənirəm. Qəzetdə imkan yaradılıb ki, idman mütəxəssisləri də öz qələmini sınasın. Bu, təqdirəlayiq hadisədir. Bu işi sona qədər davam etdirmək lazımdır. Hesab edirəm ki, 15 il ərzində qəzetiniz ictimaiyyətə təsir edə biləcək və onlara bol informasiya çatdıracaq səviyyəyə çatıb. Bu isə böyük uğurdur.
- Yubiley ərəfəsində "Olimpiya dünyası”na arzularınız. Növbəti illərdə qəzetdə nəyi görmək istərdiniz?
- Kollektivinizin hər bir üzvü bizim üçün doğmadır. Nə qədər gərgin iş cədvəlimiz olsa belə, əməkdaşlarınız üçün vaxt ayırmağa çalışırıq. Unutmayın ki, minlərlə oxucu sizin yazılarınızı oxuyur. Etibarlı və dəqiq informasiyanı sizdən alırlar.
Jurnalistika çox çətin və şərəfli peşədir. Burada insandan məsuliyyət, savad və intellektual səviyyə tələb olunur. Bu sahənin nümayəndələri, təbii ki, peşəkarlardan söhbət gedir, insanlara təsir etmək iqtidarındadırlar. Həkimlər kimi, jurnalistlər də ürəyə, beyinə yol tapa bilirlər. Buna görə də, çalışmaq lazımdır ki, qəzetdə dərc etdiyin materiallarla insanlara xoş təsir bağışlaya biləsən.
"Olimpiya dünyası”nı 15 illik yubiley münasibətilə təbrik edirəm. Çalışın, tutduğunuz yolda daim irəlidə olasınız. Əldə etdiyiniz uğurlarda hər birinizin payı var. Çünki qəzet kollektiv əməyin məhsuldur.