Ölkəmizdə kifayət qədər çox inkişaf etmiş idman növlərindən biri də cüdodur. Xüsusilə son zamanlar kişilərlə yanaşı, qadın cüdoçularımız da bir sıra nüfuzlu yarışlarda uğurlu nəticələr əldə edirlər. Qadınlardan ibarət yığma komandamızın üzvlərindən biri də 70 kq çəki dərəcəsində mübarizə aparan Ramilə Yusubovadır. Bir neçə gün əvvəl Ramiləylə görüşüb, onunla bizi maraqlandıran bəzi suallar ətrafında söhbət etdik. O, "Olimpiya dünyası" qəzetinə müsahibəsi zamanı suallarımızı səmimi şəkildə cavablandırdı.
- Ramilə, uzun müddətdir ki, məşqləri dayandırmışdın. Bu nə ilə bağlı idi?
- London Olimpiadasından sonra ailə həyatı qurdum. Sonra uşağım dünyaya gəldi. Həmçinin görmə qabiliyyətimdə zəiflik yarandı. Amma artıq stabil məşqlərə başlamışam.
- İslam Həmrəyliyi Oyunlarında Olimpiya yoxsa, paralimpiya kateqoriyasında mübarizə aparacaqsan?
- Dediyim kimi, gözümdə zəiflik var. Bununla bağlı olaraq buyaxınlarda paralimpiya komissiyasına müraciət edəcəm. Əgər keçə bilsəm, İslam Həmrəyliyi Oyunlarında paralimpiya kateqoriyasında mübarizə aparacam və bundan sonrakı karyerama da paralimpiyada davam edəcəm.
- Hazırda qadınlardan ibarət yığma komandamızda vəziyyət necədir?
- Hər şey qaydasındadır,məşqlər davam edir. Buyaxınlarda baş məşqçimiz İbadulla Şahbanov Elçin İsmayılovla əvəz olundu.
- Yeni təyinat sizin gələcək yarışlardakı, o cümlədən, IV İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarınıza necə təsir göstərəcək?
- Gələcək yarışlar haqqında hələ heç nə deyə bilmərəm. Amma fikrimcə, belə bir möhtəşəm idman yarışı ərəfəsində baş məşqçimizin dəyişdirilməsi düzgün deyildi. Buna baxmayaraq, İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etmək hər birimizin borcudur.
- Cüdo edilən yeni qayda dəyişiklikləri ilə bağlı nə deyə bilərsən?
- Ümumiyyətlə, cüdoda qayda dəyişiklikləri tez-tez olur. Burada idmançılardan çox, tamaşaçıların maraqları nəzərə alınır. Düzdür, bu dəyişikliklər idmançılar üçün çətinlik yaratsa da, çalışırıq ki, yeni qaydalara qısa zaman ərzində öyrəşək. Təbii ki, qaydaların dəyişdirilməsi cüdonun daha da inkişafına, görüşlərin daha fəal keçməsinə və yeni fəndlərdən istifadəyə şərait yaradacaq.
-Rio-2016-da cüdoçularımızın çıxışlarını necə qiymətləndirirsən?
- Fikrimcə, nəticələr çox uğurlu oldu. Həm Rüstəm Orucov, həm də Elmar Qasımov çempionluğa layiq idilər. Lakin onlar həlledici mərhələdə büdrəyərək gümüş medal qazandılar. Sözsüz ki, Olimpiya Oyunlarının gümüş medalı, digər yarışların qızıl medalına bərabərdir. Onu da qeyd edim ki, qadınlardan ibarət yığma komandamız Rio Olimpiadasına lisenziya qazana bilmədilər. Lakin Tokio-2020 Olimpiadasına lisenziya qazanaraq bu yarışda layiqincə təmsil olunmaq bizim əsas məqsədlərimizdən biridir.
- 2018-ci ildə cüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək. Bu haqda fikirlərini bilmək maraqlı olardı.
- Bu, ölkəmizə göstərilən etimaddan irəli gəlir. Dünya çempionatı çox çətin və məsuliyyətli yarışdır. Əlbəttə, bir cüdoçu kimi bu, mənim üçün ikiqat sevindiricidir. İnanıram ki, həm bu yarışa layiqli ev sahibliyi etməyimiz, həm də uğurlu çıxışlarımızla bizə göstərilən ümidləri doğruldacağıq.
Kənan Novruzov