Kamran Şahsuvarlı: “Olimpiya “bürünc”ü həyatımı dəyişdi”

Kamran Şahsuvarlı:  “Olimpiya “bürünc”ü həyatımı dəyişdi”


2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycan boksçusu Kamran Şahsuvarlı (75 kq) redaksiyamıza gələrək "Olimpiya dünyası” qəzetinə müsahibə verib. O, Rio Olimpiadasında keçirdiyi döyüşlərdən, qarşıdakı yarışlardan söhbət açıb. İdmançımızın müsahibəsini oxuculara təqdim edirik.


«Lisenziya qazanmaq şansım Maykl O Rillidən asılı idi»

- İstərdik ki, oxucularımız səni daha yaxından tanısınlar. Necə oldu boks idman növü ilə məşğul olmaq qərarına gəldin?

- 1992-ci il dekabrın 6-da Bakıda anadan olmuşam. Sonradan Qazaxıstana köçməli olduq. Uşaqlıqda idman haqda müəyyən təsəvvürüm var idi. Həmin illərdə uşaqlarla həyətdə futbol oynayırdım. 3-cü sinifdə oxuyanda sinif yoldaşımın təklifi ilə boksla həvəskar şəkildə məşğul olmağa başladım. Bu idman növündə məşğul olduqca baş məşqçimiz məni daha da həvəsləndirirdi. Yarışlarda iştirak etməyə başladım. Sonradan qardaşımı da boks bölməsinə apardım.

- Olimpiadaya lisenziya qazanmaq barəsində danışaq. Lisenziya uğrunda Türkiyədə keçirilən turnirdə uduzsan da, Bakıda istəyinə çatdın.

- Türkiyədə keçirilən turnirdə də lisenziya qazana bilərdim. Amma ilk mərhələdə çətin və güclü rəqiblə qarşılaşmağım buna mane oldu. Hələ də anlaya bilmirəm ki, fransalı Kristian Mbilli Assomo ilə döyüşdə niyə uduzdum. Fransalı boksçunun döyüş stilini müəyyənləşdirə bilmirdim. Yəqin ki, rəqibim Mbilli olmasa idi, olimpiadaya lisenziyanı elə Türkiyədə qazanacaqdım. Lisenziya üçün son şansım Bakıdakı turnirə qalmışdı. Doğrusu, fikirləşmirdim ki, Braziliyada medal qazanacağam ya yox.

Bakıda keçirilən turnirdə 5-ci yerlə kifayətləndim. 1/4 final mərhələsində irlandiyalı Maykl O Rilliyə məğlub oldum. Əslində, həmin döyüşdə hakim haqsızlığı ilə üzləşdim və qələbəni rəqibə verdilər. Lisenziya qazanmaq şansım isə Maykl O Rillidən asılı idi. İrlandiyalı idmançı təsnifat turnirində çempion olduğuna görə, mən də olimpiadaya lisenziya qazandım.

- Boks yığmamız okeanın o tayına daha tez yollanmışdı. Saat fərqinə uyğunlaşmaq çətin olmadı ki?

- Biz ABŞ-a artıq 3-cü dəfə gedirdik. Bu ölkə ilə Bakı arasında saat fərqi çoxdur. Əslində 2-3 gün bizə çətin oldu. Sonra isə mühitə uyğunlaşdıq. Bu amil Rio Olimpiadasına yüksək səviyyədə hazırlaşmağımızda mühüm rol oynadı.

- 75 kq çəki dərəcəsində Çin, Rusiya, Qazaxıstan və Kuba idmançıları ilə döyüşdün. Ümumiyyətlə, keçirdiyin döyüşlər barəsində nə deyərdin?

- Olimpiadada birinci döyüşüm çinli idmançı Zhao Minqqanqa qarşı oldu. İndiyədək onunla üz-üzə gəlməmişdim. Amma həmin boksçunun digər yarışlardakı döyüşünü izləmişdim. Bilirdim ki, onu asanlıqla məğlub edəcəyəm. Növbəti döyüşdə rəqibim rusiyalı Artyom Çebotaryov oldu. Rusiya təmsilçisi həm təcrübəli, həm də güclü idmançıdır. Yadımdadır ki, onun döyüşlərini izləməyə başlayanda uşaq idim. Etiraf edim ki, həmin vaxtlar Artyom Çebotaryovu kumirim kimi baxırdım. Heç vaxt ağlıma gəlməzdi ki, onunla rinqdə nə vaxtsa döyüşəcəm. Görüşü yüksək səviyyədə keçirib növbəti mərhələyə vəsiqə qazandım.


«Olimpiadada həmişə təcrübəlilər, güclülər qalib gəlmir»

- Deyəsən, sənin üçün ən çətin mərhələ elə 1/4 final mərhələsi oldu. Çünki mərhələ adlayacağın təqdirdə, ən azı, bürünc medalı özün üçün təmin edəcəkdin...

- Həqiqətən də ən çətin döyüşüm 1/4 final mərhələsində qazaxıstanlı Janıbek Alimxanuliyə qarşı oldu. Həmin qarşılaşmanı prinsipial adlandırmaq olardı. 1/4 final mərhələsindəki qazaxıstanlı rəqibimi daha yaxından tanıyırdım. Qazaxıstanda yaşayanda yeniyetmələr arasında yarışda Janıbeklə döyüşmüşdüm. Həmin döyüşdə ona məğlub olmuşdum. Rəqibim dünya çempionu idi. Bilirdim ki, itirəcəyim bir şey yoxdur. Ona görə də sərbəst döyüşürdüm. Olimpiadada uğurlu döyüş sayəsində həm əvvəlki məğlubiyyətin əvəzini çıxdım, həm də valideynlərimi sevindirdim. Qazaxıstanlı rəqibi məğlub etməklə həmin ölkədə mənə şans verməyən və diqqətdən kənarda saxlayanlara bir mesaj göndərmək istəyirdim. Bilirdim ki, Qazaxıstanda məşqçim və dostlarım Olimpiya Oyunlarında döyüşümü izləyirlər. Ona görə də rinqdən ancaq qələbə ilə ayrılmağı arzulayırdım. Şükürlər olsun ki, sonda istəyimə çatdım.

- Finala çıxmaq üçün nə çatmadı? Onu da nəzərə alaq ki, ilk raundda sən rəqibdən yaxşı döyüşdün. Amma hakimlər üstünlüyü rəqibə verdi...

- Mənim son iki döyüşüm çox ağır keçdi. Ona görə də həmin döyüşlərdə çox güc sərf etməli oldum. Bəlkə də, 1/2 finalda zəif döyüşməyimin səbəbi bununla bağlıdır. Həm də rəqib güclü idi. Bəlkə də olimpiadanın ilk döyüşünü bu rəqibə qarşı keçirsə idim, nəticə fərqli ola bilərdi. Ona yaxınlaşa bilmirdim. Yəqin ki, həmin boksçu ilə növbəti dəfə qarşılaşsam, fərqli taktika ilə döyüşəcəyəm.

- Boks komandamız Braziliyaya tam heyətlə yollanmışdı. Heyətdə təcrübəli idmançılar çox idi. Sən gənc olduğunu görə heç kim səndən medal gözləmirdi. Bu amil səndə arxayınçılıq yaratmırdı ki?

- Həqiqətən də məndən medal gözləmirdilər. Mənim yüksək nəticələrim yox idi və lisenziya yarışında da 5-ci yeri tutmuşdum. Boks yığmamızın heyətində isə dünya çempionları var idi. Fikirləşirdim ki, sadəcə, yaxşı döyüş göstərmək lazımdır. Açığı, qələbə qazanmağı o qədər də fikirləşmirdim. Boksçu qələbəni fikirləşəndə yaxşı heç nə əldə edə bilmir. Əslində rinqdə öz xəyallarım üçün döyüşürəm. Rinq hər şeyi göstərir: kim güclü, kim zəifdir. Olimpiadada həmişə təcrübəlilər, güclülər qalib gəlmir. Bir də görürsən ki, Olimpiya mükafatçısı ilk döyüşdə məğlub olaraq yarışı vaxtından əvvəl tərk edir. Mənim fikrim potensialımdam üstün döyüşərək, məqsədə çatmaq idi.

- Yay Olimpiya Oyunları başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev idmançıları qəbul etdi və səni də mükafatlandırdı. Bu görüş xatirəndə necə qaldı?

- İndiyədək Cənab Prezidentlə jörüşmək şansım olmamışdı. Amma həmişə bu görüşü arzulayırdım. Prezidentin Rio-2016 Olimpiadasında medal qazanan idmançıları qəbul etməsi məni üçün qürurverici andır. Bundan sonra məşqlərimin sayını artıracam, yarışlarda daha yüksək səviyyədə çıxış edərək, Vətənə medallarla qayıdacam ki, yenidən Cənab Prezidentin qəbuluna düşüm.

«Çalışacam ki, IV İslam Həmrəyliyi Oyunlarında
çempion adını qazanım»

- Gənc idmançısan və Azərbaycanı daha 2 dəfə olimpiadada təmsil etmək şansın yüksəkdir. Sən necə düşünürsən, buna gücün çatar?

- Açığını desəm, yalnız Tokio-2020-də çıxış etmək fikrim var. Çünki uşaqlıq arzum olaraq, karyeramı peşəkar boksda davam etdirmək istəyirəm. Bilirsiniz ki, klassik boksla peşəkar boks arasında fərq çoxdur. Ona görə də, 4-5 il təcrübəmi artırdıqdan sona peşəkarlar arasına getmək fikrim var.

- Sənin üçün Olimpiya "bürünc”ü nə deməkdir və olimpiadadan sonra həyatında hansı dəyişikliklər oldu?

- Olimpiadaya getməmişdən əvvəl fikirləşirdim ki, Olimpiya medalı artıq "zirvəni fəth etmək” deməkdir. Amma Rio-da medal qazanandan sonra yeni-yeni arzular yarandı. Təbii ki, Olimpiya "bürünc”ü həyatımı dəyişdi. Şəhərə çıxanda hamı məni tanıyır. Bu, insana xoş təsir bağışlayır. Şübhəsiz, bu mərhələyə çatmaq üçün 10-15 il boks zallarında çətin və yorucu məşqlər etmişəm. Bu zirvəyə çatmışamsa, deməli, əziyyətim yerdə qalmayıb.

- Rio-2016-da hakim haqsızlığı ilə çox rastlaşdın?

- Olimpiya Oyunlarınadək hakim haqsızlığı ilə çox rastlaşmışam. Sonuncu dəfə Olimpiadaya lisenziya yarışlarında bu hal baş verdi. Üstün olduğum döyüşdə «məğlub olundum». Amma Rio-2016-da tam fərqli oldu. 1-2 xırda səhvləri nəzərə almasaq, hakim haqsızlığı ilə üzləşmədim. Bilmirəm bu təsadüfdür ya yox (gülür). Ümumiyyətlə, bu idman növündə hakim haqsızlığı çox olur. Döyüş zamanı xal göstərilmədiyinə görə hakim kimə istəsə, qələbəni verə bilər. Ona görə də, üstün olduğun döyüşdə sonda əlin qaldırılmayana kimi sevinməyə risk etmirsən (gülür).

- Qarşıdakı yarışlar barəsində danışardın...

- Bu il bizim üçün ən böyük yarış IV İslam Həmrəyliyi Oyunlarıdır. İstərdim ki, mötəbər turnirdə çıxış edim. Əlbəttə, arzum var. İslam Oyunları öz vətənimizdə, doğma azarkeşlərimiz qarşısında olacaq. Bu amil bizim üstünlüyümüzdür. Olimpiya Oyunlarında çıxış etdikdən sonra fikirləşirəm ki, indi istənilən rəqiblə döyüşə bilərəm. Çalışacağam ki, IV İslam Həmrəyliyi Oyunlarında çempion adını qazanım və bayrağımızı yüksəklərə ucaldım.
Rahib Səmədov