Martın 15-də AFFA İcraiyyə Komitəsinin iclası oldu. Olimpnews.az saytının məlumatına görə, iclasdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev mətbuat konfransı keçirdi. Rövnəq müəllim iclasda qəbul olunan qərarlardan danışdı və jurnalistlərin suallarını cavablandırdı.
- İcraiyyə Komitəsinin növbəti iclasında hansı qərarlar qəbul olundu?
- İcraiyyə Komitəsində futbolumuz üçün mühüm məsələlər barədə danışıldı. Danışılmış oyunlarla bağlı müzakirələr getdi. UEFA-da bütün oyunlar izlənilir. Premyer Liqamızla bağlı heç bir şübhə olmayıb. I divizionda isə belə şübhələr var. Bütün epizodlara baxıb, İntizam Komitəsinə tövsiyə etdik ki, radikal qərarlar qəbul edilsin. Danışılmış oyunları həyata keçirənləri cinayət məsuliyyətinə cəlb edəcəyik. Əks halda, futbol biabırçılığa çevriləcək. Bu, mənə çox pis təsir etdi.
Bilirsiniz ki, İslam Həmrəyliyi Oyunlarında U-23 yığmamız iştirak edəcək, komandanın baş məşqçisi Yaşar Vahabzadə olacaq. "İnter” klubunda müvəqqəti idarəçiliyi AFFA öz üzərinə götürüb. Klubun gələcək aqibəti müzakirə olundu. Bununla bağlı bankdan təminat aldıq. Mövsümün sonuna qədər "İnter”i AFFA idarə edəcək. Ondan sonra bir qərar qəbul edəcəyik. Yeni sponsorun cəlb olunması ilə bağlı danışıqlar gedir. Keçmiş futbolçulara təqaüd verilməsi məsələsini də müzakirə etdik. Keçmiş oyunçuların, futbola zəhmət çəkənlərin əməyi qiymətləndirilməlidir. Bu, dünyada yalnız 2 ölkə - İngiltərə və Azərbaycanda var. Çalışacağıq ki, bu ənənəni davam etdirək.
- Gəncə stadionunun durumu ürəkaçan deyil. Hər şeyi AFFA üzərinə götürürsə, klubun Müşahidə Şurasının öhdəliyi nədir?
- Müşahidə Şurası klubun idarəetməsini həyata keçirir. Əvvəllər bir nəfərin qərarı ilə klublarda qərar verilirdi. Kluba gələn maliyyənin şəffaf şəkildə xərclənməsi üçün Müşahidə Şurası lazımdır. Artıq bununla bağlı nəticələrimiz var. Maliyyə şəffaflığı yavaş-yavaş klublara da keçib. İclasda Gəncə stadionunun durumu da müzakirə olundu. Mövsüm başa çatandan sona stadiona yeni ot örtüyü döşənəcək. Nəzərdə tutulub ki, ən azı, 10-12 stadion yeni, müasir standartlara cavab verən ot örtüyü ilə təmin olunsun.
- Ötən konfranslarda demişdiniz ki, çempionatdakı komandaların sayı artırılmalıdır. Amma "İnter”ə də artıq AFFA baxır. Komandaların sayının artırılması ilə bağlı hansı tədbirlər görəcəksiniz?
- Keçən il demişdim ki, növbəti mövsümdə 10 komanda iştirak etsin. Əsas lisenziya məsələsidir. Klublar lisenziya məsələlərini həll etməlidirlər. Bunun üzərində işləyirik. "İnter”in gələcək taleyi sponsor və bazasından asılı olacaq. Əgər bazası bank tərəfindən başqa bir sahə üçün istifadə olunacaqsa, o klub üçün başqa baza qura bilmərik. Bununla yanaşı, sponsor məsələsi də həll edilməlidir. I diviziondan Premyer Liqaya istənilən klub çıxa bilər. Əsas odur ki, bazası və lisenziyası olsun. I divizion AFFA-nın köməkliyi ilə keçirilir. Biz istəyirik ki, Premyer Liqa və I divizionda bölgə klubları üstünlük təşkil etsin. Çalışırıq ki, bölgə komandalarına dəstək olaq.
- İslam Həmrəyliyi Oyunlarında 8 komanda iştirak edəcək. AFFA rəhbəri kimi futbolçuları həvəsləndirmək üçün nəsə edəcəksinizmi?
- Hər futbolçunun arzusudur ki, çempion olsun. Hamı bilir ki, AFFA komandanın qələbələrinə biganə qalmır. Biz millidən yaxşı oyun göstərməyi tələb edəcəyik. Günahın 50 faizi idmançılardadısa, qalanı dəstəyin az olmasındadır. Azarkeş olanda idmançının məsuliyyəti artır. İslam Həmrəyliyi Oyunlarında insanlar stadionlara gəlib, milliyə dəstək olmalıdırlar.
- Klublara sponsorların cəlb olunması məsələsində SOCAR-a güc düşür. Düşünmürsünüz ki, bu məsələni dövlət səviyyəsində həll etmək daha yaxşı olar?
- Elə adamlar tanıyıram ki, nəyi varsa, illərdi futbola qoyur. Cənab prezident SOCAR-a futbola dəstək olmağı tapşırıb. Bu da bir dövlət dəstəyidir.
- Futbol və cüdonu müqayisə etsək, hansı sahə sizin üzünüzü ağardır?
- Ən ağır futboldur. 1 dəfə uduzanda, küsüb getmək olmaz. Futbol mənim həyatımdım. Bir dəqiqəlik sevinc 10 illik əziyyətə bərabərdir. Məsuliyyətsiz adam üçün hər sahə çətindir. Futbol daha böyük əmək tələb edir. Azərbaycanın hər şəhərində, rayonunda yarışlar təşkil etmək asan deyil. AFFA kollektivinə buna görə minnətdaram. Ən yaralı yerimiz azarkeşlərdir. İngiltərə və digər ölkələrə baxanda paxıllığımız tutur. Biz nə qədər çalışsaq da, stadionlara azarkeş gətirə bilmirik. Klub rəhbərləri azarkeş gətirməyə çalışmalıdılar. Mən "Neftçi”də çalışanda deyirdim ki, əsas azarkeş toplamaqdır. Boş stadionda futbolçu oynamaq istəmir, potensialının 20 faizini göstərir. Tamaşaçısız hansı aktyor özünü göstərə bilər? İctimai qınaq yoxdur.
- Milli komandamız bu ay DÇ-2018-nin seçmə mərhələsi çərçivəsində Almaniya yığması ilə qarşılaşacaq. Oyun barəsində fikrinizi bilmək istərdik.
- Biz mübarizə futbolu oynamağa çalışmalıyıq. İdmançı mübarizə aparırsa, onun uduzması da şərəfli olur. İdmançı meydana arxa çevirib, mübarizə aparmırsa, bu pis haldır. Almaniya yığması dünyada çox güclü rəqibdir. Onlarla meydanda mübarizə aparmaq çətindir. Ümid edirəm ki, almanlarla matçda qənaətbəxş nəticə qazanacağıq.
Rahib Səmədov