Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəyi heyət açıqlanıb. 11 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 10 boksçumuz qoruyacaq.
"Olimpnews.az” Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev komandanın IV İslam Həmrəyliyi Oyunlarına hazırlığını dəyərləndirib.
O bildirib ki, mayın 12-22-də Bakıda keçiriləcək yarış üçün təlim-məşq toplanışları plan üzrə uğurla davam edir: "Bakıda hazırlığın son mərhələsindəyik. Bundan əvvəl Qəbələdə təlim-məşq toplanışında olduq. Dağlıq ərazidə əsasən fiziki məşqlərə üstünlük verdik. Ardınca 6 gün dincəldikdən sonra məşqləri Bakıda davam etdiririk. Paytaxtda baş tutan son mərhələ taktiki və texniki hazırlığa yönəlib”.
N. Abdullayev boksçularımızın Atletlər kəndində yerləşəcəyi vaxtı da açıqlayıb. O bildirib ki, Boks Mərkəzində gündə 2 dəfə hazırlıq keçən millimiz mayın 10-dan komandamız üçün ayrılan məkana köçəcək.
Böyük məşqçi yığmanın İslamiada üçün heyətinin nəyə əsasən formalaşdırdıqlarına da aydınlıq gətirib. Onun sözlərinə görə, komandaya bütün yarışlarda özünü yaxşı tərəfdən göstərən idmançılar cəlb olunub: "Heyətdə hər şey qaydasındadır. Heç bir proble yoxdur. Yığmanın üzvləri, əsasən Azərbaycan çempionatının qaliblərindən və bundan sonra özlərini digər yarışlarda doğruldan idmançılardan təşkil edilib. Düzdür, bəzi çəkilərdə yoxlama döyüşləri də keçirilib və buna uyğun qərar verilib. Əsas rəqabət 64 kq və 69 kq çəki dərəcələrində olub. Zədəsi olan Lorenzo Sotomayorun çəkisi də bir qədər artıq idi. Bu səbəbdən İslamiadada Elvin İsayevin döyüşməyini məqsədəuyğun saydıq. Pərviz Bağırov isə sınaq döyüşlərində Tamerlan Abdullayevdən geri qaldı. Qələbəni ikinci qazandığından heyətdə yer aldı. Digərləri demək olar ki, hazırda öz çəkilərinin bir nömrələridir”.
Boks yığmamız Bakıda keçirilən bütün yarışları uğurla başa vurub. Avropa Oyunlarında 6 qızıl, 1 gümüş və 2 bürünc medalla qitənin ən güclüsü olan komandamız İslam Həmrəyliyi Oyunlarında da adını tarixə yazmaq arzusundadır. N. Abdullayev qeyd edib ki, bu dəfə də mükafatların çox olacağına ümidləri yüksəkdir: "İnanırıq ki, yenə bütün əyarlı medal qazanacağıq. Proqnoz vermək çətin olsa da, bacardığımız qədər irəliləməyə çalışacağıq. Dünya çempionumuz Cavid Çələbiyev, Avropa Oyunlarının qızıl medalçısı Teymur Məmmədov, Rio Olimpiadasının üçüncüsü Kamran Şahsuvarlı yaxşı formadadırlar. Onlar kimi bütün heyətin hər bir boksçusundan uğur gözləyirik. Amma püşkdən də çox şey asılı olacaq”.
Çalışdırıcı son yarışlara zədə səbəbindən qatılmayan ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidovun hazırkı durumuna da aydınlıq gətirib. O bildirib ki, +91 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək idmançıya bütün turnirlərdə olduğu kimi İslamiadada da inamı böyükdür: "Onun diz qapağının altında zədəsi vardı. Əməliyyat keçirmişdi. Lakin müalicəsini davam etdirə-etdirə məşqlərə də qatıldı. Hazırda yaxşı formadadır. Deyərdim ki, fiziki hazırlığında hansısa problemi yoxdur. Qəbələdə təlim-məşq toplanışında kross qaçışlarında da özünü yaxşı tərəfdən göstərdi”.
Qeyd edək ki, İslamiadada Azərbaycanı boks yarışlarında Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edəcəklər.