Mayın 14-də Azərbaycan Milli Olimpiya Komitəsinin inzibati binasında qalib və mükafatçı azərbaycanlı idmançıların şərəfinə "Zəfər günləri” adlı tədbirə start verildi.
"Olimpnews.az” xəbər verir ki, Milli Olimpiya Komitəsi (MOK) Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə qalib və mükafatçı idmançılarımızla görüş təşkil edir. Tədbir "Lider” televiziyası ilə canlı yayımlanır.
Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibi Ağacan Abıyev və digər rəsmi şəxslər, Olimpiya çempionları, mətbuat nümayəndələri iştirak edirdilər.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə belə mötəbər yarışların ölkəmizdə keçirilməsini Azərbaycanın uğurlarından biri kimi qeyd etdi. O bildirdi ki, Oyunların təşkili ölkəmizin ümumbəşəri və islami dəyərlərə böyük önəm verdiyinin bariz nümunəsidir. Vitse-prezident dedi: "Azərbaycan komandası indiyədək 22 medal qazanıb ki, onun 10 qızıl, 9-u gümüş və 3-ü bürüncdür. Bu, az müddət ərzində çox yaxşı göstəricidir, böyük uğurdur. Yarışlar hələ davam edir və qarşıdakı 8 gün ərzində idmançılarımız medalların sayını daha da artıracaqlar. 2015-ci ildə keçirilən I Avropa Oyunlarında təməlini qoyduğumuz "Zəfər günləri” tədbiri hər gün qalib və mükafatçı idmançılarımızla görüşəcək və onlara MOK-un xüsusi mükafatları təqdim olunacaq. Ümid edirəm ki, "Zəfər günləri” tədbiri bu dəfə də uğurla keçəcək. Qoy həmişə, zəfər bizimlə olsun, Azərbaycanın uğurları daha da artsın”.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbir iştirakçılarının salamlayaraq dedi: "Ölkəmiz uğurlu günlərindən birini yaşayır. İdmançılarımız ölkə başçısının və xalqımızın onlara göstərdiyi etimadı doğruldaraq bir-birinin ardınca möhtəşəm qələbələr qazanırlar. Onlar müqəddəs bayrağımızı dalğalandırır, dövlət himnimizi səsləndiririlər. Bu, Azərbaycanın dünyada nüfuzunun daha da artmasında böyük rol oynayır”.
Nazir müavinin Azərbaycan idmançılarına sonrakı yarış günlərində də böyük uğurlar arzuladı.
"Zəfər günləri” silsilə tədbirləri mayın 14-dən 23-dək davam edəcək.