Fərid Qayıbov: “Gimnastlarımızdan medallar gözləyirdik və onlar ümidlərimizi doğrultdular”

Fərid Qayıbov: “Gimnastlarımızdan medallar gözləyirdik və onlar ümidlərimizi doğrultdular”





Ölkəmizin ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları tarixə qovuşdu. Respublikamızın digər beynəlxalq tədbirlər kimi bu mötəbər yarışlara da uğurla ev sahibliyi etməsi, idmançılarımızın 162 medalla birinci olması hələ uzun müddət müzakirə mövzusu olacaq.

IV İslam Həmrəyliyi Oyunlarının proqramında nümayiş etdirilən idman növlərindən biri də gimnastika idi. Gimnastlarımız IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə, 20 medal qazandılar. Qazanılan medallardan 8-si (4 qızıl, 2 gümüş və 2 bürünc) bədii gimnastlarımızın, 12-si isə idman gimnastlarımızın payına düşür.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov "olimpnews.az" verdiyi müsahibəsində gimnastika üzrə komandamızın IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi nəticələr, qarşıda görüləcək işlər və planlar barədə danışdı.

-Fərid müəllim, gimnastika IV İslam Həmrəyliyi Oyunlarının proqramında ilk dəfədir ki, nümayiş etdirilirdi. Gimnastlarımızdan bu nəticəni gözləyirdinizmi?

-Gimnastika ilk dəfədir ki, İslam Oyunlarının proqramında daxil edilmişdi. İdmançılarımız kişilər və qadınlar arsında idman gimnastikası, bədii gimnastika növləri üzrə final və komanda yarışlarında qüvvələrini sınadılar. Yarışlarda dünyanın 13 müsəlman ölkəsindən idmançılar qüvvələrini sınayıtdılar. Təmsilçilərimiz bədii gimnastika və qadın gimnastikası üzrə komanda yarışlarını çempion kimi başa vurdular, kişi idman gimnastikası üzrə komandamız isə İslamiadanın gümüş medalına sahib oldu. Bu, çox böyük uğurdur. Bədii gimnastika üzrə ölkəmizi 3 idmançımız – Marina Durunda, Zöhrə Ağamirova və Jalə Piriyeva təmsil edirdi. Bədii gimnastlarımız ümumi hesabda 8 medala sahib oldular. Bunlardan 7-si fərdi, 1-i isə komanda yarışlarında əldə edildi. Komandanın lideri Marina Durunda IV İslam Həmrəyliyi Oyunlarının 4 (2 qızıl, 1 gümüş və 1 bürünc) medalına sahib oldu. Jalə Piriyeva isə yarışları 3 (1 qızıl, 1 gümüş və 1 bürünc) medalla başa vurdu. Zöhrə Ağamirova da perspektivli idmançılarımızdandır. Böyüklər arasında yarışlarda bu ildən çıxış edir və ona böyük ümidlərimiz var.

Kişi idman gimnastikasında ölkəmizi Murad Ağarzayev, Bense Palas və Teymur Bayramov təmsil etdilər. İdmanşılarımız yarışlarda 6 (3 qızıl, 2 gümüş və 1 bürünc) medal qazandılar. Kişilərdən ibarət komandamız yalnız Türkiyə yığmasına güzəştə gedərək gümüş medal qazandı. Qadın idman gimnastlarımız isə İslamiadanın 6 ( 2 qızıl, 3 gümüş və 1 bürünc) medalına sahib oldular. Bir sözlə, komandamız IV İslam Həmrəyliyi Oyunlarına yaxşı hazırlaşmışdı və nəticədən çox razıyıq. Gimnastlarımızdan medallar gözləyirdik və onlar ümidlərimizi doğrultdular.

-Necə düşünürsünüz, gimnastika növbəti İslam Oyunlarının proqramına daxil ediləcəkmi?

- Gimnastikanın növbəti İslam Həmrəyliyi Oyunlarına daxil edilməsi hər dəfə fərdi şəkildə müzakirə olunacaq. Növbəti İslam Həmrəyliyi Oyunları Türkiyədə keçiriləcək. Qardaş ölkədə gimnastika kifayət qədər populyar idman növlərindəndir. Düşünürəm ki, azı gələn Oyunlarda da gimnastika proqrama daxil ediləcək.

- Mart ayında keçirilən FİG Dünya kubokunda bədii gimnastlarımızın yarışları nəticəsiz başa vurmasını necə izah edirsiniz?

- Dünya kubokunda bədii gimnastlardan ibarət qrup komandamız təsnifat mərhələsində finala yüksəldi. Final yarışlarında cüzi bir səhv medalsız qalmağımıza səbəb oldu. Komandanın lideri Marina Durunda zədəli olduğu üçün uarışlarda iştirak edə bilmədi. Düşünürəm, bu da öz təsirini göstərməyə bilməzdi. Bu, idmandır, uğur da var, məğlubiyyət də. Ən əsası, yorulmaq, ruhdan düşmək yox, güclü olmaq və qalib gəlmək lazımdır. Doğma divarlar arasında, azarkeşlər qarşısında çıxış etmək də bir qədər çətindir. Əsas məqsədimiz ölkədə gimnastikanı daha da inkişaf etdirmək və bu növün kütləviliyinə nail olmaqdır.

- Paytaxt Bakı ardıcıl olaraq üç ay ərzində 3 FİG Dünya kubokuna ev sahibliyi etdi...

- Azərbaycan Gimnastika Federasiyası 3 ildir ki, ardıcıl olaraq beynəlxalq reytinqdə ən yaxşı federasiyalar sırasında ilk onluqda yer alır. Bu, çox böyük göstəricidir və Azərbaycan gimnastikasının dünyada inkişafından xəbər verir. Bu qiymətləndirmə ölkədə gimnastikanın inkişafı, mötəbər tədbirlərin yüksək səviyyədə təşkilinə görə verilir. Federasiyamız Avropada və dünyada özünə kifayət qədər nüfuz qazanıb. Beynəlxalq Gimnastikka Federasiyasının (FİG) 140-dan artıq üzvü olduğunu nəzərə alsaq, bu böyük nəticədir. Milli Gimnastika Arenası mötəbər yarışların məkanına çevrilib və fəxr ediləsi bir arenadır. 14 ildir ki, bu sahədə çalışıram, müxtəlif ölkələrdə olmuşam, amma belə bir arena görməmişəm. Mayın 6-da Bakıda FİG-in Ali Şurasının iclası keçirildi. Gələn il isə ölkəmiz beynəlxalq qurumun ali konqresinə ev sahibliyi edəcək. Bütün bunlar birinci vitse-Prezident, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın xidməti sayəsində mümkün olmuşdur. Görülən işlər, çəkilən zəhmət öz bəhrəsini verir.

- Milli kadrların sayını artıqmaq məqsədilə hansı işlər görülür?

- Bir faktı deyim ki, ötən il Bakıya təlim-məçq toplanışlarında iştirak etmək 25 ölkədən gimnast gəlib. Onların arasında yalnız Avropa və qonşu ölkələrdən deyil, hətta Asiya və Afrika, Okeaniya, Yeni Zelandiya, ABŞ-dan gələnlər var. Milli Gimnastika Arenası mötəbər tədbirlərə ev sahibliyi edir. Yarışlar vasitəsi ilə gimnastika idman növlərinin təbliğ olunması da burada mühüm şərtdir. Aerobika, qadın idman gimnastikası və batut idman növləri ölkəmizdə artıq bir neçə ildir inkişaf etdirilir. Bu il batut gimnastikası üzrə keçirilən yarışlarda medallarımızın olması görülən işlərdən xəbər verir. Buna qədər adıçıkilən növdə Avropa Oyunlarında medal qazanılmışdı. Hazırda yeni növ olduğu üçün legioner idmançılara müraciət etməli oluruq. Amma bu o demək deyil ki, milli kadrlar yetişmir. Hazırda bölmələrdə batutla məşğul olan azərbaycanlı uşaqların sayı kifayət qədərdir. Sadəcə, zamana ehtiyac vardır. Belə yarışların təşkili uşaq və yeniyetmələrin gimnastika idman növünə marağının artmasında önəmli rol oynayır.

- Rusiya, İspaniya kimi güclü gimnastika məktəbi olan ölkələrlə rəqabət aparmaq çətindirmi?

- Rusiya gimnastları beynəlxalq yarışlarda fərqlənirlər. Çünki onların güclü gimnastka məktəbi vardır. Düzdür, sovet hakimiyyəti dağılıdqdan sonra müəyyən fasilə yarandı. Amma hardasa 7-8 ildir ki, yenidən canlanma hiss olunur və 2 ildən artıqdır ki, onlar böyük uğurlar qazanırlar. Müqayisə üçün deyim ki, İspaniyada keçirilən gimnastika yarışında 3 minə yaxın idmançı iştirak edir. Bizdə 100 iştirakçı olanda sevinirik. Rusiyanın 80-dən çox vilayətində idman gimnastikası inkişaf etdirilir. Biz onlarla rəqabət apara biliriksə, bu, böyük işdir.

- Regionlarda gimnastikanın inkişafı ilə bağlı nə deyə bilərsiniz?

- Gimnastika idman növü regionlarda da inkişaf etdirilir. Mütamadi olaraq bölgələrdə yarışlar təşkil olunur. Bizim əsas problemimiz mütəxəssi çatışmazlığı ilə bağlıdır, kadr çatışımır, məşqçilər kifayət etmir. Bizdə ən yüksək nəticə idman ustası normasıdır. Bu sahədə mühüm işlər görülür.

- Fərid müəllim, eşitdiyimizə görə, Avropa Gimnastika İttifaqının rəhbərliyinə seçkilərdə iştirak edəcəksiniz?

- Avropa Gimnastika İttifaqının prezidentliyinə seçkilər bu ilin dekabr ayında keçiriləcək. Azərbaycan Gimnastika Federasiyası mənim namizədliyimi irəli sürəcək. Seçkilərdə özümü sınayacam.

- Oleq Stepkonun gedişi ilə bağlı nə deyə bilərsiniz?

- İdman elə sahədir ki, biri gəlir, biri gedir. Gedənin yerinə başqası gəlir və s. İdman da, həyat kimi daim inkişafdadır. Oleq Stepko istedadlı idmançılardandır. Gimnastikada əldə etdiyi uğurlara görə dövlətimiz onun əməyini yüksək qiymətləndirib. O, artıq öz vətəninə, Ukraynaya qayıdıb. Təbii ki, onu da əvəz edənlər olacaq.

- Insan uğur qazanmaq üçün nə etməlidir?

- Hansı sahədə işləməyindən asılı olmayaraq insan daim uğura can atmalıdır. Bunun üçün çox işləməli, əziyyət çəkməlidir. Necə deyərlər, hazırın naziri olmaq qeyri-mümkündür. Uğurlar gərgin zəhmət bahasına qazanılır.

- İlin sonuna kimi hansı tədbir və yarışlar nəzərdə tutulur?

- Beynəlxalq təqvimin sıxlığı ilə əlaqədar bütün altı növ gimnastika üzrə daxili turnirlərin keçirilməsini planlaşdırırıq. Bundan başqa, AGF payızda keçiriləcək gimnastika üzrə dünya çempionatlarına hazırlıqları davam etdirəcək.





Səadət Hakıyeva