Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. 10 gün davam edən yarışlar əsl idman və həmrəylik bayramına çevrildi, bir çox maraqlı məqamlar və parlaq qələbələrlə yadda qaldı.
Mayın 22-də Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci vitse-prezident və Bakı-2017 Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar iştirak ediblər.
Bakı-2017 Oyunları bir daha göstərdi ki, Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara yüksək səviyyədə hazırlıq görülüb, ən incə detallar belə nəzərə alınıb. Bakının 16 idman arenası bu on gün ərzində tam qüsursuz fəaliyyət göstərdi və yaradılan şərait həm idmançıların, həm də tamaşaçıların ürəyincə oldu. Əminliklə demək olar ki, Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə möhtəşəm idman bayramı kimi yazıldı.
İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Oyunların təşkilini yüksək qiymətləndirərək dedi: "Azərbaycan paytaxtında möhtəşəm idman və dostluq bayramı başa çatır. Bakı İslam ölkələrinin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələri qeyd etmək məqsədilə gözəl şəraiti təmin etdi. Bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident və Bakı-2017 Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu. İslam Həmrəyliyi İdman Federasiyası adından Bakı sakinlərinə və Azərbaycan xalqına göstərdikləri fədakarlığa və çox böyük qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Biz sizi 2021-ci ildə İstanbulda keçiriləcək Oyunlarda yenidən görməyi səmimiyyətlə arzulayırıq”.
Azərbaycan Respublikasının gənclər və idman naziri, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov vurğulayır ki, Oyunlar İslam ölkələrinin dostluğunu təcəssüm etdirdi: "IV İslam Həmrəyliyi Oyunlarının həyəcan dolu 10 günü idman, bayram və dostluğun təntənəsindən xəbər verir. "Bakı-2017” Əməliyyat Komitəsinin işinin başa çatmasına baxmayaraq, paytaxt şəhərimizin dünyada beynəlxalq idman və mədəniyyət mərkəzi kimi fəaliyyəti davam edir. Biz Bakıda bu yay keçiriləcək Formula-1 Azərbaycan Qran-Pri turnirində, 2017-ci ildə qadınlar arasında Avropa voleybol çempionatında və 2020-ci ildə UEFA-nın Avropa çempionatının dörddəbir final oyunlarında və üç qrup qarşılaşmasında bütün dünyanı yenidən salamlamağı arzulayırıq”.
Oyunların uğurunu təmin edən digər mühüm amil son illər Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübədir. Belə ki, Bakı ilk Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, Formula-1 kimi mötəbər yarışlara uğurla ev sahibliyi edib, özünü dünyada idman ölkəsi olaraq tanıda bilib. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayişi oldu.
Statistikaya nəzər salaq. Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlib. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb.
Bakı-2017-ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. Yarışları 1000-dən çox media nümayəndəsi işıqlandırıb.
İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək, yarışları birinci pillədə başa vurub. Atletlərimiz hamıdan çox - 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazanıblar. Millimizin aktivinə ən çox medal cüdoçularımız tərəfindən yazılıb. Onlar, ümumilikdə, 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc əldə ediblər. Qazanılan uğurda güləşçilərimizin (23 medal) və gimnastlarımızın (20 medal) da böyük payı var.
Türkiyə ikinci (194 medal), İran üçüncü (97 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşıb. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazanıblar.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir sıra yarışları arenalarda izləməsi və qaliblərə medalları şəxsən təqdim etməsi Oyunlara marağı daha da artıraraq, onu yeni məzmunla zənginləşdirib.
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan bayrağı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının səkkiz hərbçisi tərəfindən gətirilib, 3 hərbçi Azərbaycan bayrağını qaldırıb.
Bu zaman dövlət himni səsləndirilib. Stadionun damından Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayıb.
"Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının milli bayraqları idmançılar tərəfindən Olimpiya stadionuna gətirilib və atletlərin paradı başlayıb, ev sahibi olan Azərbaycanın idmançıları stadiona axırıncı giriblər.
Yarışlarda iştirak edən ölkələrin bayraqları dirəklərdə yan-yana dalğalanıb. Bayraqlar gətirildiyi zaman "Amarok” qrupunun ifasında "Naxçıvan halayi” səsləndirilib. Həyat ağacına su verilib və onun kökləri səhnədə çıxmağa başlayıb.
Aktyorlar qrupu (hər biri 7 x 1.35 metr ölçüdə olan) üç rəngdə - yaşıl, qəhvəyi və göy rəngdə 60 ipək zolağını gətirib. Quşlar onların başları üzərində uçduğu zaman, ipək zolaqlar gözəl mənzərəni yaratmaq üçün birləşdirilib.
Yaşıl meşələri, qəhvəyi dağları, göy isə Azərbaycanın çaylarını əks etdirib. İpək zolaqlar Azərbaycan Respublikasının bayrağını əks etdirmək üçün çevrilib, "Amarok” – "İncilər” mahnısını ifa edib.
Son 10 günün idman yarışları stadion ekranlarında nümayiş etdirilib, Avroviziya Mahnı Müsabiqəsi 2015 üçün təqdim etdiyi mahnı – Elnurun ifasında "Hour of the Wolf” səslənib
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində möhtəşəm şou nümayiş etdirilib. "Qarabağ” şikəstəsi altında səhnədə Günəş qalxıb və səhnə üzərində hərəkət edib.
Onun fırlanan 60 paneli qızılı şüanı göstərmək üçün hava hərəkəti ustaları tərəfindən hərəkətə gətirilib. Günəşin şüası aşağıda tamaşaya start verib. Kitab formasında bir-biri ilə birləşdirilmiş 1000-dən artıq əlvan üçbucaq iki böyük altıbucaq formalaşdırıb Bu cür kitabın səhifələri "şəbəkə” sənətindən ilhamlanaraq, maraqlı naxışları yaratmaq üçün 110 səhnə iştirakçısı tərəfindən vərəqlənəib. Günəş oturduğu zaman, həmin kitablar açılaraq, göy işıq saçacaq və qaldırılaraq, Xəzərin gözəl 3 ölçülü formasını yaradıb.
Gülarə Əliyeva "Şur fantaziyası” ifa etməyə başlayan zaman ekranda Bakı bulvarının gündəlik əyləncəli həyatından səhnələri görünüb. İnsanlar çərpələng və hava şarları ilə oynayıblar. Digərləri şahmat oyunu ilə məşğuldur və ya küləyin əllərindən qoparmış qəzetlərin arxasınca qaçıblar. Səhnəyə külək turbinləri və flügerlər gətirildikdən sonra həmin əşyalar küləyin hesabına hərəkətə gəlib. Bütün rekvizit və kostyumlar giləvarı əks etdirən dalğavari naxışlarla bəzədilib. Səhnə iştirakçıları "Yallı” getdiyi zaman buludlar qalxacaq. 1000-dən artıq hava şarı və həyatın ağacının minlərlə yarpağı giləvarla gecə səmasına qaldırılıb.
Natiq Şirinovun "Qarabağ” mahnısını ifa etməyə başlaması ilə səhnədə işıq saçan aypara qalxıb və səhnə üzərində hərəkət edib. Aktyorlar qlobusu saxlayan əlləri sülh rəmzi olan göyərçini formalaşdırıb. Sonra aktyorlar Azərbaycanın dekorativ incəsənətində və memarlığında mövcud olan və alov mənasını daşıyan qədim badamvari naxış olan buta fiqurlarını yaradıblarr. Döşəmənin üzərində olan proyeksiyalar aktyorların yaratdığı fiqurlara uyğun verilib. Nəhayət, aypara səhnənin mərkəzinə doğru hərəkət edib, səhnə iştirakçıları aypara formalaşdırmaq üçün 750-dən artıq alovu yandıblar. Stadionun damında isə atəşfəşanlıq başlayıb. Oyunların uğurla keçirilməsini mümkün edən 6000 könüllünün verdiyi böyük töhfəni təsvir edən videoçarx nümayiş olunub. Könüllülərə minnətdarlığın bildirilməsi haqqında videoçarx stadion ekranlarında göstərildiyi zaman Azad Vəliyevin "Yeni Gün” mahnısı dinlənilib.
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Bakı Olimpiya Stadionda ekranlarda 2021-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərinə bütün dünyanı dəvət edən videoçarx nümayiş etdirilib.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) bayrağını endiriblər.
Onlar bayrağı stadiondan aparmaq üçün digər 8 hərbçiyə təqdim ediblər. ISSF-in bayrağı endirildiyi zaman Benjamin Brittenin "The Young Person’s Guide to the Orchestra” musiqisi səsləndirilib.
İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, "İstanbul 2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edib.
Türkiyənin milli himni səsləndirildiyi zaman Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının üç hərbçisi bayrağı qaldırıb.
İslamiadanın bağlanış mərasimi başa çatıb. Sonda beş müğənni - Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar əsas və yan səhnələrdə ifa ediblər.
Müğənni Tünzalə Ağayeva yan səhnədə "Sürət – 2017 Azərbaycan Qran Pri” mahnısını ifa etdiyi zaman, 30 səhnə iştirakçısı Bakı Şəhər Halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs ediblər. Sonra, o, əsas səhnədə iki mahnı -"Salam Bakı” – "Bakı 2017” könüllülərin himni və "Mən Azərbaycanlıyam” mahnıları ilə "Birlik” konsertini başa çatdırıb.
Konsert stadion üzərində atəşfəşanlıqla başa çatıb.
Bağlanış mərasimində bütövlükdə 15000 pirotexnik qurğudan istifadə edilib.