4 karateçimiz finala çıxıb

4 karateçimiz finala çıxıb




Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir.

"Olimpnews.az” saytının məlumatına görə, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən karate yarışları davam edir. 

Bakı İdman Sarayında təşkil olunan Oyunların ikinci günündə karatenin kumite və kata yarışları keçirilir. Azərbaycanın üç qadın və üç kişi karateçisi medallar uğrunda mübarizə aparır. Kumite yarışlarında Azərbaycanın titullu idmançısı İrina Zaretska (-68 kq) mübarizəyə 1/4 final mərhələsindən başlayıb. Təmsilçimiz bu mərhələdə Misir idmançısı Nada Muhammedə 4:3 hesabı ilə qalib gəlib. Yarımfinalda iranlı Behnoş Nəcəfiqhaqhelestanini də üstələyən (3:0) karateçimiz final mərhələsinə vəsiqə qazanıb.
İrina Zaretska qızıl medal uğrunda həlledici mərhələdə türkiyəli Eda Eltemurla qarşılaşacaq.
Kumite yarışlarında mübarizə aparan digər təmsilçimiz Fəridə Əliyeva (+68 kq) da yarışlara 1/4 final mərhələsindən başayıb. Karateçimiz bu mərhələdə əlcəzairli Atif İmeniyə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Fəridə Əliyeva yarımfinal mərhələsində pakistanlı Nargis Nargisi 1:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Karateçimiz həlledici mərhələdə türkiyəli Məltəm Hocaoğlu ilə qarşılaşacaq.
Karatenin kumite yarışlarında mübarizə aparan Ayxan Mamayev (-84 kq) mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Təmsilçimiz ilk görüşündə İordaniya təmsilçisi Sayan Mahmudu 7:1 hesabı ilə üstələyib. İdmançımız növbəti mərhələdə əlcəzairli rəqibi Mauad Açhaçeyə 5:3 hesabı ilə qalib gəlib. 

Ayxan Mamayev yarımfinalda özbəkistanlı Əbdüləziz Ataboyevə 3:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Karateçimiz qızıl medal uğrunda yarışda türkiyəli Alparslan Yamanoğlu ilə qarşılaşacaq.

Karatenin kumite yarışlarında mübarizə aparan digər təmsilçimiz Asiman Qurbanlı (+84 kq) ilk görüşdə Pakistan təmsilçisi Ramzan Məhəmmədi 5:1 hesabı ilə məğlub etsə də yarımfinalda iranlı Sayad Qanzadeyə 4:5 hesabı ilə məğlub olub. İdmançımız bürünc medal uğrunda yarışda Tareq Hamedi (Səudiyyə Ərəbistanı) ilə qarşılaşacaq.
Karatenin kata yarışlarında isə ölkəmizi təmsil edən Roman Heydərov 1/8 finalda İndoneziya idmançısı Əhməd Yuda, 4/1 finalda isə Şahyerdi Əbolfazi (İran) üzərində qələbə qazanıb. Karateçimiz yarımfinalda Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabarini də məğlub edib -5:0. Bu nəticə idmançımıza final mərhələsinə vəsiqə qazandırıb. Həlledici mərhələdə Roman Heydərov türkiyəli rəqibi Mehmet Yakanla qarşılaşacaq.

Kata yarışlarında mübarizə aparaq qadın idmançımız Neda Rezei isə ilk görüşdə Malayziya təmsilçisi Selin Liyə məğlub olub.