Mayın 14-də Milli Olimpiya Komitəsinin inzibati binasında IV İslam Həmrəyliyi Oyunlarının qalib və mükafatçılarının şərəfinə «Zəfər günləri» adlı silsilə tədbirə start verilib.
Tədbir başa çatdıqdan sonra mükafatlandırılan idmançılarımız öz təəssüratlarını «Olimpnews.az» saytı ilə bölüşüblər.
Rəfael Ağayev (IV İslam Həmrəyliyi Oyunlarının qalibi):
- Paytaxtımızda keçirilən mötəbər idman yarışında qızıl medal qazandığım üçün çox sevinirəm. IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində komandamızın bayraqdarı mən idim. Bu çox böyük məsuliyyətdir. Çox istəyirdim ki, qızıl medal qazanım və mənə göstərilən etimadı doğruldum. Bakı-2017-nin qızıl medalını mənə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev təqdim etdi. Hər bir idmançı üçün bundan böyük sevinc ola bilməz. 2015-ci ildə paytaxtımızın ev sahibliyi etdiyi I Avropa Oyunlarında qızıl medal qazanmışdım. Doğma azarkeşlər önündə növbəti dəfə fəxri kürsünün I pilləsində yer almaq çox qürurvericidir. Xatırlayırsınızsa, İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarının da qalibi olmuşdum. Komandamızın digər üzvlərini də təbrik edirəm. Yarışlar hələ yenicə başlayıb. İnanıram ki, digər idman növlərində də uğurlu nəticələrimiz olacaq.
Ən böyük arzum Tokio-2020 Olimpiadasının çempionu olmaqdır.
Rüstəm Orucov (IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı):
- Bakı-2017-yə çox yaxşı hazırlaşmışdıq. Qızıl medal əldə edəcəyimə inanırdım. Həlledici mərhələdə komanda yoldaşım Hidayət Heydərovla qarşılaşdım. Lakin ani bir səhv nəticəsində məğlub oldum. Hidayəti təbrik edirəm. Düzdür, finalda qələbəni əldən verdiyimə gözə üzülürəm. Bununla belə, hesab edirəm ki, IV İslam Həmrəyliyi kimi bir mötəbər yarışda mükafat qazanmaq heç də asan deyil. «Zəfər günləri»nin təşkilatçılarına minnətdaram. Belə layihələr idmançıları daha da ruhlandırır.
Fəridə Abıyeva (IV İslam Həmrəyliyi Oyunlarının qalibi):
- Bakı-2017-nin qızıl medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm. Yarışlara çox ciddi hazırlaşmışdım. Bu yarışda medal qazanmağı çox istəyirdim. Şükürlər olsun ki, arzuma çatdım. Rəqiblərim zəif idmançılar deyildi. Lakin əzmkarlıq sayəsində qalib gəlməyi bacardım. Əsas məqsədim 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. «Zəfər günləri» tədbirində təltif olunduğum üçün sevinirəm. Yarışlarda mükafat qazanan idmançılarımızın Milli Olimpiya Komitəsi tərəfindən mükafatlandırılması çox yaxşı haldır. Bizə göstərilən diqqət və qayğıya görə Azərbaycan Resrublikasının Prezidenti cənab İlham Əliyevə minnətdaram. Çalışağacam ki, bundan sonra da mənə göstərilən etimadı doğruldum.