İslamiadanın medalçıları mükafatlandırılıblar

İslamiadanın medalçıları mükafatlandırılıblar





Mayın 16-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı ənənəvi "Zəfər günləri” tədbiri keçirilib.

"Olimpnews.az” xəbər verir ki, mayın 15-də medal qazanan idmançılar mükafatlandırılıblar.
Tədbirdə Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan gənclər və idman nazirinin müavinləri İsmayıl İsmayılov, İntiqam Babayev, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti, eyni zamanda MOK-un baş katibinin müavini Azər Əliyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və Olimpiya çempionu Nazim Hüseynov iştirak ediblər.

Qızıl medal qazanmış Murad Ağarzayev (idman gimnastikası, sərbəst hərəkətlər), Anastasiya İbrahimli (ağır atletika, 69 kq), Ruslan Lunyov (idman gimnastikası, standart tapança, 25 metr), qarışıq komanda halında səngər stendi (Aydan Camalova, Əli Hüseynli), cüdo üzrə kişilərdən ibarət yığma (Orxan Səfərov, Rüstəm Orucov, Rüfət İsmayılov, Məmmədəli Mehdiyev, Uşanqi Kokauri, Nicat Şıxəlizadə, Elxan Məmmədov) və Maksim Şemberev (üzgüçülük, kompleks üsulla 400 m), ikiqat gümüş mükafatçı Marina Nekrasova (idman gimnastikası, gimnastika atı və dayaqla tullanma) və digər "gümüş” sahibləri Yekaterina Tişkova (idman gimnastikası, müxtəlif hündürlüklü qollar), cüdo üzrə qadınlardan ibarət yığma (Nəzakət Əzizova, İçhinkotloo Munxtsedev, Xanım Hüseynova, Gülsədəf Kərimova, İrina Kindzerska, Kifayət Qasımova, Buyanxişiq Purevsuren) və Nurlana Cəfərova (atıcılıq, dairəvi stend), həmçinin bürünc medalçılar Timur Bayramov (idman gimnastikası, paralel qollar) və Elnurə Abbasova (ağır atletika, 63 kq), Eyni zamanda, idman gimnastikasında, dəstəli at və turnik yarışlarında bir gündə 2 "qızıl”, halqalar yarışında isə "gümüş” qazanmış Bense Talas və idman gimnastikasında sərbəst hərəkətlərdə dünən fəxri kürsünün ən yüksək pilləsinə qalxan, gimnastika atı yarışında isə 3-cü olan Yuliya İnşina MOK-un xüsusi mükafatı ilə təltif ediliblər.
Mükafatçılar xüsusi şərəf lövhəsinə öz imzalarını atıblar.

Qeyd edək ki, yığmamız dünən aktivinə 18 medal (9 "qızıl”, 6 "gümüş”, 3 "bürünc”) yazdırıb.

"Zəfər günləri" tədbirinə mayın 14-də start verilib.