Ölkəmizdə IV İslam Oyunları keçirilir.
"Olimpnews.az” xəbər verir ki, yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparır.
IV İslam Oyunlarının proqramında nümayiş etdirilən 20 idman növü üzrə yarışlar Bakının ən müasir 16 idman meydançasında keçirilir. İdmançılar atletika və paratletika, su idmanında suya tullanma, üzgüçülük, su polosu, basketbol 3x3, boks, futbol, idman gimnastikası, bədii gimnastika, həndbol, cüdo və para cüdo, karate, atıcılıq, stolüstü tennis, taekvando, tennis, voleybol, ağır atletika, yunan-Roma, sərbəst və qadın güləşi, uşu və milli idman növü olan zorxana növündə yarışırlar.
Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir.
Komandamız bu günədək ümumilikdə 80 medal qazanıb ki, bunun 40-ı qızıl, 24-ü gümüş, 16-sı bürüncdür. Komandamız bu nəticə ilə hələlik 2-ci pillədə qərarlaşıb.
Medalçı ölkələrin siyahısına 114 (43 qızıl, 39 gümüş və 32 bürünc) medalla Türkiyə liderlik edir.
3-cü yeri İran yığması tutur. Onun ümumilikdə 36 (10 qızıl, 12 gümüş və 14 bürünc) medalı var.
Yarışlara mayın 22-də yekun vurulacaq.