Boksçularımız İslamiadanın ilk qızıl medalını qazanıblar-YENİLƏNİR

Boksçularımız İslamiadanın ilk qızıl medalını qazanıblar-YENİLƏNİR


Ölkəmizdə IV İslam Oyunları keçirilir.

"Olimpnews.az” xəbər verir ki, yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı bu Oyunlarda 325 idmançımız təmsil edir.

IV İslam Həmrəyliyi Oyunlarını çərçivəsində keçirilən boks yarışlarında final görüşlərinə start verilib. Azərbaycan millisinin üzvlərindən ilk olaraq rinqə Cavid Çələbiyev (60 kq) çıxıb.

25 yaşlı dünya çempionumuz iraqlı Ammar Karbalai ilə üz-üzə gəlib. Döyüş Çələbiyevin qələbəsi ilə başa çatıb. O, yığmamıza ilk qızıl medalı qazandırıb.

Boksçumuza mükafatı Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

Yığmamızın aktivinə 3-cü mükafatı Tamerlan Abdullayev yazdırıb. 69 kq çəki dərəcəsində qüvvəsini sınayan 25 yaşlı idmançı İslamiadanı gümüş medalla başa vurub. Abdullayev həlledici görüşdə özbəkistanlı Bobo-Usman Baturova məğlub olub.

Boks üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarında növbəti gümüş medalı aktivinə yazdırıb.

Yarışda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız Kamran Şahsuvarlı finalda qazaxıstanlı Tursunbay Kulahmet ilə rinqə çıxıb.

Gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə Kamran Şahsuvarlı 0:5 hesabı ilə məğlub olaraq ikinci yeri tutub.

Rauf Rəhimov (81 kq) qızıl medal uğrunda görüşdə türkmənistanlı Arslanbek Açilov ilə üz-üzə gəlib.

Görüşdə 1:4 hesabı ilə məğlub olan boksçumuz İslamiadanı ikinci sırada başa vurub.

 Teymur Məmmədov (91 kq) Azərbaycanın komandasına İslamiadada 55-ci qızıl medalı qazandırıb. 

Olimpiya mükafatçımız Teymur Məmmədov həlledici mərhələdə türkiyəli Burak Akşinlə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 3:2 hesabı ilə qələbə qazanan Teymur Məmmədov IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Beləliklə, Cavid Çələbiyev (60 kq) və Teymur Məmmədov (91 kq) qızıl, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Rauf Rəhimov (81 kq) gümüş, Tayfur Əliyev (56 kq) isə bürünc medal qazanıb.