Güləşçilərimiz 3 qızıl medala sahib olublar-YENİLƏNİR

Güləşçilərimiz 3 qızıl medala sahib olublar-YENİLƏNİR



Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir.

"Olimpnews.az" xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışlarına mayın 17-də start verilib. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 24 üzvü mübarizə aparır.

Güləş yarışlarının ilk günündə yunan-Roma güləşi üzrə 59 kq, 71 kq, 80 kq və 98 kq çəki dərəcələrində mübarizə aparan pəhləvanlar xalça üzərinə çıxıblar. İdmançılarımız günü 4 medalla başa vurublar. 98 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Nuriyev IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb. Rafiq Hüseynov (80 kq) yarışları gümüş medalla başa vurub. Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) isə bürünc medala sahib olublar.

İkinci yarış günündə 66 kq, 75 kq, 85 kq və 130 kq çəkidə güləşçilər qüvvələrini sınayıblar. Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (75 kq), İslam Abbasov (85 kq) finala vəsiqə qazanıblar. Digər idmançımız Sabah Şəriəti (130 kq) bürünc medal uğrunda görüşə çıxıb.

Kamran Məmmədov milli komandamızın aktivinə növbəti qızıl medalı yazdırıb. Güləşçimiz həlledici mərhələdə Qırğızıstan güləşçisi Janat Kyılbayev ilə qarşılaşıb. Görüş vaxtından əvvəl (1 dəq 40 san) 9:0 hesabı ilə güləşçimizin xeyrinə başa çatıb. Azərbaycan komandasının aktivinə 54-cü qızıl medalı isə Elvin Mürsəliyev qazandırıb. İdmançımız finalda Türkiyə idmançısı Furkan Bayrakı mübarizədən kənarlaşdırıb.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmasına baxıblar.