Artıq 10 gündür ki, ölkəmizdə mötəbər bir idman tədbiri keçirilir. Bakı islam dünyasının ən güclü idmançılarının mübarizə apardığı bir yarışa - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. 50-dən artıq ölkənin idmançıları ilə yanaşı onların idman rəsmiləri, nümayəndə heyətləri də paytaxtımızın qonağıdırlar. IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə işıqlandıran KİV-lər arasında özünəməxsus rolu olan «Olimpiya dünyası» həmin idman rəsmiləri ilə sıx təmasdadır. Qəzetimizin budəfəki qonağı İraq nümayəndə heyətinin rəhbəri Nadir Peştvan oldu. Onunla redaksiyamızda görüşüb, IV İslam Həmrəyliyi Oyunları və İraqda idmanın inkişafı barəsində söhbət etdik. Qonaq bizi maraqlandıran suallara aydınlıq gətirdi.
- Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları barəsində nə deyərdiniz?
- Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları hələ uzun illər yadda qalacaq. Biz bunu tam əminliklə deyə bilərik. Azərbaycan bu yarışlara yüksək səviyyədə hazırlaşıb. İraq nümayəndə heyətinini rəhbəri kimi deyil, bir qonaq kimi özümü evimizdəki kimi hiss etdim. İnsanların qonaqpərvərliyi bizi heyran etdi. Yerli təşkilatçılar bizimlə tez-tez maraqlanır, üzləşə biləcəyimiz hər hansı bir çatışmazlığı həll etməyə çalışırdılar. Müsəlmanların bir araya gəlib, öz həmrəyliyini nümayiş etdirməsi üçün bu Oyunların böyük əhəmiyyəti var.
- Yığma komandanızın çıxışını necə qiymətləndirirsiniz?
- İraq yığması Bakıda keçirilən yarışlara elə də böyük heyətlə qoşulmayıb. Lakin əksər idman növlərində iştirak etməyə çalışdıq. Belə ki, atletika, ağırlıqqaldırma, boks, həndbol və digər növlərdə iraqlı idmançılar uğurla çıxış etdilər. Komanda idman növlərində də İraq millisi quvvəsini sınadı. Belə ki, bizim ölkənin həndbol üzrə yığma komandası yarışları bürünc mükafatla başa vurdu. Yeri gəlmişkən qeyd edim ki, millimiz iştirakçı ölkələr arasında ən cavan heyətlə çıxış edən kollektiv idi. Hesab edirəm ki, 11 medal (2 qızıl, 5 gümüş və 4 bürünc) elə də az deyil.
- Ölkənizin idmançıları ağırlıqqaldırma yarışlarında daha yaxşı çıxış etdilər.
- Bəli, ağırlıqqaldırma yarışları hər zaman öz gərginliyi ili yadda qalır. Son dövrlərdə asiyalı və afrikalı idmançılar bu növdə uğurlu nəticələr göstərirlər. Elə Bakıda keçirilən ağırlıqqaldırma yarışlarıda biz bir daha bunun şahidi olduq. İraq millisi istər Olimpiya, Asiya Oyunları, istərsə də İslam Həmrəyliyi Oyunlarında onlara bəslənilən ümidləri doğruldublar. Bu dəfəki yarışda millimiz bu növdə 1 qızıl və 2 gümüş medal əldə etdilər. Safa Aljumali (85 kq) IV İslam Həmərəylik Oyunlarının qalibi adını qazandı. Ahmad Alhusseyn Faruq (77 kq) və Salvan Alayfuri (105 kq) isə gümüş medalla kifayətləndi.
- Təmsilçilərinizdən biri azərbaycanlı rəqibi ilə finalda görüşdü. Həmin görüşü izləyə bildiniz?
- Bəli. Yarışların keçirildiyi «Kristall Holl»da abı-hava çox yüksək idi. Boks üzrə yarışlarda 4 idmançımız çıxış edirdi. Onlardan ən azı iki medal gözləyirdik. Ehtimallarımız bizi doğrultdu. Naser Hasan (46-49 kq) finalda suriyalı rəqibi Hüssin Almasriyə uduzaraq, gümüş medala yiyələndi. Digər idmançımız Əmmar Kərbəlayi (60 kq) isə sizin idmançınızla üz-üzə gəldi. Cavid Çələbiyevlə final qarşılaşması çox gərgin keçdi. Yerli azarkeşlərin dəstəyi ilə keçən görüşdə idmançınız qələbəni əldən vermədi. Amma Əmmar da sübut etdi ki, Cavid Cələbiyev kimi güclü boksçuya layiq bir rəqibdir. Millimizin ikinci gümüş medalı da bizi sevindirməyə bilməzdi.
- Ölkənizdə bu və ya digər yarışlarda fərqlənən idmançılar üçün hər hansı bir pul mükafatı nəzərdə tutulubmu?
- Əlbəttə. İraqın yerli idman nazirliyi və Milli Olimpiya Komitəsi hər zaman idmançılara diqqətlə yanaşıb. Bilirsiniz ki, bizim ölkəmiz hal-hazırda müharibə şəraitində yaşayır. Əvvələ baxanda hökümət tərəfindən idmançılara verilən mükafatlar bir qədər azalıb. Məsələn, ötən il Dubayda keçirilən Asiya oyunlarında fərqələnən idmançılar üçün yüksək mükafatlar nəzərdə tutulmuşdu. Qalib idmançılara 25 min ABŞ dolları və torpaq sahəsi hədiyyə edilmişdi. Bunun özü də kiçik mükafat deyil. Lakin IV İslam Həmrəyliyi Oyunlarında nəticə göstərən idmançılara hansı mükafatların veriləcəyi barədə dəqiq məlumat verə bilmərəm. Burada olduğum zaman öyrəndim ki, Azərbaycan Respublikasının Prezidenti və Milli Olimpiya Komitəsi Oyunlarda yer tutan idmançılar üçün yüksək pul mükafatı nəzərdə tutub. Bu təqdirəlayiq haldır. Hesab edirəm ki, görülən işə verilən qiymət də yüksək olmalıdır. Mən bu ölkədə idmanın necə sürətlə inkişaf etdiyinin canlı şahidi oldum. Bu barədə İraqa qayıdanda hamıya danışacağam. Azərbaycan çox gözəl ölkədir.