Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız öz uğurlu nəticələri ilə bizi sevindirdilər. Bu oyunlarda uşuçularımız da azarkeşlərə medal sevinci yaşatdılar. Belə ki, komandamızın üzvləri 3 gümüş və 3 bürünc medala sahib çıxdılar.
Bugünlərdə Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy "olimpnews.az” saytına müsahibəsində döyüşçülərimizin yarışda çıxışları barədə ətraflı danışdı.
-Azər müəllim, uşuçular IV İslam Həmrəyliyi Oyunlarına necə hazırlaşmışdılar?
-2016-cı ilin əvvəlində IV İslam Həmrəyliyi Oyunlarının proqramı təsdiq olundu. Bu oyunlara uşu-sanda da daxil edildi. Ötən ilin fevralında respublika çempionatında yer tutan idmançıları yığma komandaya cəlb etdik. 24 idmançı ilə oyunlar üçün hazırlığa başladıq. Onlar arasından mərhələli şəkildə seçimlər edirdik. Təlim-məşqlər və sınaq yarışlarında onları yoxlayırdıq. İdmançılarımız il ərzində Avropa çempionatı və bir neçə beynəlxalq turnirdə iştirak etdilər. Yekun nəticələrə görə ilin sonunda komandanın heyətində hər çəkidə 2 idmançı olmaqla 12 döyüşçü daxil edilmişdi. Bu ilin aprel ayının əvvəlində komandanın tam heyəti açıqlanmalı idi. Fevral ayında keçirilən "Moskva ulduzları” adlı beynəlxalq turnirdən sonra qərarımızı verdik. Seçimdə son sınaq məşqlərinin nəticəsi, idmançıların psixoloji hazırlığını nəzərə alınmışdı.
-Oyunlarda idmançılarımızın əsas rəqibləri hansı ölkə təmsilçiləri idi?
-İslam ölkələri arasında uşu çox inkişaf edib. Komandaların heyətində güclü idmançılar yer almışdılar. Məsələn, Pakistan komandasl İslam Həmrəyliyi Oyunlarında çox yaxşı çıxış etdi. Bir neçə döyüşçümüz bu ölkənin təmsilçisi ilə üz-üzə gəldi. Onlara qalıb gəlmək heç də asan olmadı. Əfqanıstan komandasının üzvləri son dövrlərdə çox güclü döyüş nümayiş etdirirlər. Ümumiyyətlə, dünyada bizim əsas rəqiblərimiz İran, Rusiya və Çin təmsilçisidir. Bu oyunlarda Rusiya və Çin komandası iştirak etmirdi. Amma əzəli rəqib olan İran yığması ilə bizi çətin döyüşlər gözləyirdi. Gözlədiyimiz kimi də oldu. Döyüşçülərimiz əsasən İran komandasının üzvləri ilə qarşılaşmalarda çətinlik çəkdilər.
-Uşuçularımızdan hansı nəticəni gözləyirdiniz?
-Qızıl medala real namizədlərdən biri 48 kq çəki dərəcəsində döyüşən Orxan Hətəmov idi. O, ilk döyüşdə rəqibinə asanlıqla qalib gəldi. İkinci döyüşdə Qırğızıstan idmançısı ilə üz-üzə gəldi. Rəqib idmançı təcrübəli olmasa da fiziki cəhətdən güclü idi. Orxan ilk raundda üstünlüyü ələ alsa da sonuncu raundda psixoloji zəiflik nümayiş etdirdi. Deyərdim ki, bu oyunlarda Orxan qızıl medalı əldən verdi.O, bu döyüşü qələbə ilə başa vursa idi, finalda qalib gəlmək şansları çox idi. Komandanın digər üzvlərinin çıxışına gəlincə, etiraf edim ki, rəqiblər güclü idi.Buna baxmayaraq komanda üzvlərinin hər birindən medal gözləyirdim. Xatırladım ki, İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında Ruslan Pirəliyev gümüş, Elçin Eminov bürünc medal qazanmışdı. Bu dəfə isə əksinə oldu. Ruslan bürünc, Elçin isə gümüş medala layiq görüldü.
-IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə təşkili ilə bağlı fikirlərinizi də bilmək maraqlı olardı.
-Oyunlar yüksək səviyyədə təşkil olunmuşdu. Xarici ölkə nümayəndələri bu yarışların təşkilinin möhtəşəmliyi ilə fərqləndiyini deyirdilər. Onlar Azərbaycandan xoş təəssüratlarla ayrıldıqlarını bildirdilər. Xalqımız qonaqpərvərdir. Ölkə sakinləri paytaxtımıza səfər edən qonaqlara doğmalıq nümayiş etdirirlər. Onu da deyim ki, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları bundan əvvəl keçirilən III İslam Həmrəyliyi Oyunlarından müqayisəyə gəlməyəcək dərəcədə fərqlənirdi. Hesab edirəm ki, bundan sonra oyunlara ev sahibliyi edəcək digər ölkələr üçün azarkeşləri təəccübləndirmək o qədər də asan olmayacaq.
Yeri gəlmişkən deyim ki, IV İslam Həmrəyliyi Oyunlarında bizə etimad göstərdiyi üçün Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlığımızı bildiririk. Yarışlarda uşu üzrə də qızıl medalın olmasını çox istəyirdik. Təəssüf ki, biz bu şansı əldən verdik. Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının qalib və mükafatçıları ilə görüşü zamanı bizim nəticəni yüksək qiymətləndirdi. Dövlət başçısı qeyd etdi ki, gümüş medal bu idman növündə yüksək nəticədir. Bu, ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.
-Qarşıda uşuçularımızı hansı yarışlar gözləyir?
-Avqust ayında Tayvanda tələbələr arasında Universida keçiriləcək. Burada 20-dən çox idman növü üzrə yarışlar təşkil olunacaq. Bu yarışda uşuçularımızın da iştirakı planlaşdırılır. Sentyabr ayında Kazanda dünya çempionatı keçiriləcək. Çalışacağıq ki, bu yarışda idmançılarımız yüksək səviyyədə çıxış etsinlər. Qeyd edim ki, uşu dünyada çox populyar idman növüdür. 148 ölkə beynəlxalq Uşu Federasiyasının üzvüdür. Əvvəllər döyüşçülərimizin çox rahatlıqla qalib gəldikləri ölkə təmsilçiləri hazırda güclü rəqibə çevriliblər.
Aysel Sultanova
Esmira Orucova