Elçin Cəfərov: “Ölkəmizin İslamiadanı 75 qızıl medalla 1-ci yerdə başa vurması qürurvericidir”

Elçin Cəfərov: “Ölkəmizin İslamiadanı 75 qızıl medalla 1-ci yerdə başa vurması qürurvericidir”



Azərbaycan bu il may ayının 12-22-də daha bir mötəbər tədbirə uğurla ev sahibliyi etdi. Ölkəmiz dünyanın 55 müsəlman ölkəsindən olan atletlərin iştirakıyla keçirilən IV İslam Həmrəyliyi Oyunlarını həm də qalib kimi başa vurdu. Komandamız mötəbər idman tədbirində 162 (75 qızıl, 50 gümüş, 37 bürünc) medal qazanmaqla Azərbaycan idmanı tarixində yeni bir şanlı səhifə yazdı.
İslamiadada 24 idmançı ilə təmsil olunan Azərbaycan güləş yığması yarışları 23 medalla başa vurdu. 
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov "Olimpiya dünyası” qəzetinə müsahibəsində ölkəmizin ev sahibliyi yarışların əhəmiyyəti, pəhləvanlarımızın nəticələri ilə bağlı fikirlərini bölüşdü.

-Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etməklə, həm də bu yarışların yeni standartlarını müəyyənləşdirdi...

- Ölkəmiz Bakı-2015 Avropa Oyunlarında olduğu kimi IV İslam Həmrəyliyi Oyunlarına da uğurla ev sahibliyi etdi. Yarışlar çox yüksək səviyyədə təşkil edilmişdi. İslam Həmrəyliyi Oyunları tarixində hələ belə yarış keçirilməyib. Bunu ölkəmizdə səfərdə olan rəsmi nümayəndələr və qonaqlar da təsdiq edirdilər. Təbii ki, bu, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi və zəhməti sayəsində mümkün olmuşdur. Dünyanın 55 islam ölkəsindən gələn idmançılar arasında gərgin mübarizə getdi. Təbii ki, yarışa yaxşı hazırlaşan ölkələr nəticə qazandılar. Ölkəmizin İslamiadanı 75 qızıl medalla 1-ci yerdə başa vurması qürurvericidir. Bu, çox böyük uğurdur. Bu, Azərbaycan idmanının qələbəsidir. Dövlətimizin, xalqımızın uğurudur.

- Elçin müəllim, idman mütəxəssislərinin əksəriyyəti yarışdan əvvəl nəticələrlə bağlı proqnoz verməkdə çətinlik çəkirdilər. Necə düşünürsünüz, idmançılarımızın bu uğuru gözlənilən idimi?

- Azərbaycan atletləri ölkəmizi beynəlxalq yarışlarda şərəflə təmsil edirlər. Əldə olunan nəticələr, qazanılan uğurların sayı günü-gündən artır. Bu da təbii ki, ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan xəbər verir. İdmançılarımız 2015-ci ildə keçirilən I Avropa Oyunlarında da yaxşı çıxış etmişdilər. Komandamız bu yarışlarda 56 medalla 2-ci olmuşdu. İdmançılarımız IV İslam Həmrəyliyi Oyunlarına səylə hazırlaşmışdılar. Biz onlara inanırdıq. İnanırdıq ki, idamnçılarımız bu dəfə də ölkəmizi layiqincə təmsil edəcəklər.

- Güləşçilərimizin çıxışlarını necə qiymətləndiririsiniz?

- IV İslam Həmrəyliyi Oyunlarında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 24 üzvü mübarizə aparırdı. Fərəhli haldır ki, pəhləvanlarımız bu dəfə də xalqımızı qələbələri ilə sevindirməyi bacardılar. Azərbaycan güləş yığması yarışları 23 medalla başa vurdu. Əldə olunan medallardan 12-i qızıl, 6-ı gümüş 5-i bürüncdür. Yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 8 (4 qızıl, 1 gümüş, 3 bürünc) medal, sərbəst güləşçilərimiz 7 (4 qızıl, 2 gümüş və 1 bürünc) medal və 8 çəki dərəcəsinin hər birində təmsil olunan qadın yığmamız isə 8 (4 qızıl, 3 gümüş və 1 bürünc) medala sahib oldular. Güləşçilərimiz onlara bəslənilən ümidləri doğrultdular. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi idmançılarımızın nəticələrindən razıdır. Hamımız bir nəfər kimi ümumi məqsədə- qüdrətli və qüvvətli Azərbaycanın dövlətinin çiçəklənməsinə xidmət edirik.



-İslamiadada çıxış edən 24 güləşçidən yalnız biri medalsız qaldı...

- Digər idman növlərini deyə bilmərəm, güləş, cüdo, karate, boksda güclü rəqabət vardı. Məhz güləşdə bəzi çəkilərdə çox güclü rəqiblər mübarizə aparırdılar. Hansı ki, onlardan Cəbrayıl Həsənovu, Rəsul Çunayevi misal göstərə bilərəm. Ölkəmizi 75 kq çəki dərəcəsində təmsil edən Cəbrayıl Həsənov yarışları təəssüf ki, medalsız başa vurdu. Hamı Rəsul Çunayevdən, Şərif Şərifovdan qızıl medal gözləyirdi. Nə etmək olar, idmanda güc, iradə əsas olduğu kimi, şans da böyük rol oynayır.

- Elçin müəllim, necə düşünürsünüz, Azərbaycan güləşində legionerlərə nə vaxt ehtiyac qalmayacaq?

- Azərbaycan Güləş Federasiyası yığmada daha çox yerli idmançıların olmasına çalışır. Federasiya rəhbərliyi bu istiqamətdə müəyyən tədbirlər görür. Yunan-Roma güləş növündə demək olar ki, legioner yoxdur. Sərbəst güləş və qadın güləşundə isə ölkəmizi təmsil edən legionerlər vardır. İnanıram ki, tez bir zamanda legionerlərin çıxış etdiyi çəkilərdə də idmançılarımız olacaq. Güləş ənənəvi idman növü olduğundan yerli idmançıların olması daha məqsədəuyğundur. Amma bunu problem etmək olmaz. Çünki dünya təcrübəsi də göstərir ki, legionerlər həmişə var və olacaq.

- Uğur qazanmaq üçün idmançının nəyə ehtiyacı var?

- İdmançı qələbədən sonra arxayınlaşmamalıdır. O, fəxri kürsüdən düşdükdən sonra idman zalına getməlidir. Çox istirahət edən idmançıdan birincilik gözləmək olmaz. İdmançı daim formada olmalıdır. Idmançının qələbəsi, bayramı fəxri kürsüyə qalxıb düşənə kimidir.

- Güləşin inkişafı və təbliği istiqamətində hansı tədbirlər görülür?

- Azərbaycan Güləş Federasiyası milli idman növü olan güləşin daha da inkişaf etdirilməsi və təbliği üçün müəyyən işlər görür. Hər il yeniyetmələr, gənclər və böyüklər arasında təşkil edilən Qran-pri yarışları güləş idman növünün inkişafı və kütləviliyinə xidmət edir. Mütamadi olaraq region və zona birincilikləri təşkil olunur. Məqsədimiz nəinki paytaxtda, regionlarda da güləşin sərhədlərini genişləndirmək, yerlərdən güclü idmançıların yığmaya cəlb etməkdir.

- Qarşıda güləşçilərimizi hansı yarışlar gözləyir?

- Güləşçilərimiz ümummilli lider Heydər Əliyevin xatirəsinə beynəlxalq Qızıl Qran-pri turnirinin final yarışlarında qüvvələrini sınayacaqlar. Ondan sonra idmançılarımızı Fransanın Paris şəhərində təşkil edilən dünya çempionatı gözləyir. Güləş üzrə komandamız yarışlara çox ciddi hazırlaşır və rəhbərlik tərəfindən həmişə olduğu kimi idmançılarımızın təlim-məşq topnaışlarının səmərəli keçməsi üçün hər bir şərait yaradılıb.





Səadət Hakıyeva