May ayının 12-dən 22-dək Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları idmançılarımız üçün uğurlu oldu. Olimpnews.az saytının məlumatına görə, komandamız ümumilikdə 162 medal (75 qızıl, 50 gümüş, 37 bürünc) əldə etdi. Xüsusilə cüdoçularımızın əldə olunan nəticədə böyük xidmətləri oldu. Belə ki, qazanılan 162 medaldan 13-ü (6 qızıl, 7 gümüş) məhz tatami ustalarımıızın payına düşdü. Cüdo üzrə yığma komandalarımız da öz uğurlu çıxışı ilə azarkeşləri sevindirdilər. Belə ki, kişilərdən ibarət yığma komandamız qızıl, qadınlardan ibarət millimiz isə gümüş medala layiq görüldü. Oyunların elə ilk günlərində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançılarımızdan biri də Hidayət Heydərov idi. 73 kq çəki dərəcəsində mübarizə aparan perspektivli cüdoçumuz IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazandı.
Buyaxınlarda Hidayət Heydərovla görüşüb bizi maraqlandıran bəzi suallar ətrafında söhbət etdik. Müsahibimiz suallarımızı səmimi cavablandırdı.
- IV İslam Həmrəyliyi Oyunlarında çempion olacağını gözləyirdin?
- Etiraf edim ki, yalnız qızıl medal üçün mübarizə aparırdım. Oyunlara çox yaxşı hazırlaşırdıq. Həmin ərəfədə bir neçə dəfə beynəlxalq təlim-məşq toplanışı keçmişdik. Şükürlər olsun ki, çəkdiyimiz zəhmətlər öz bəhrəsini verdi. IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına layiq görüldüyüm üçün çox sevinirəm. Şəxsi məşqçim Tərlan Həsənovu xüsusi qeyd etmək istərdim. Onun mənim üzərimdə çox böyük əziyyətləri var. Bütün uğurlarıma görə ona borcluyam. Yeri gəlmişkən deyim ki, bəzi hallarda məni başqa mütəxəssislərin tələbəsi hesab edirlər. Amma mənim həmişə bir məşqçim olub. Bu, Tərlan Həsənovdur.
- Final görüşündə komanda yoldaşın, təcrübəli cüdoçu Rüstəm Orucova qalib gələrək çempion oldun. Həmin an hansı hissləri keçirdin?
- Düzdür, Rüstəm yaşca məndən böyükdür, amma bu, o demək deyil ki, uduzmalı idim (gülür). İkimiz də çempionluq sevincini yaşamaq istəyirdik və bu, mənə qismət oldu. Bundan əvvəl bir dəfə də Rüstəmlə qarşılaşmışdım və qalib gəlmişdim. IV İslam Həmrəyliyi Oyunlarında Rüstəm Orucovla ikinci dəfə qarşılaşdım. Bu dəfə də qələbə mənim qismətimə düşdü.
- IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən bütün cüdoçularımız mükafatçı olmağı bacardılar. Bu barədə fikirlərini bilmək maraqlı olardı.
- Komanda yoldaşlarımın hamısının medal qazanması məni sevindirdi. Biz göstərdik ki, ölkəmizdə cüdo idman növü tarixi ənənələri yaşatmaqla yanaşı, inkişaf dövrünü keçir. Bu növdə13 medal əldə etdik. Düzü, mən elə bu nəticəni gözləyirdim. Bütün cüdoçular layiqli mübarizə apardı.
- Səncə, beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməyin ölkəmiz üçün əsas əhəmiyyəti nədən ibarətdir?
- İlk növbədə Azərbaycan bütün dünyaya göstərir ki, o, həqiqətən, idman ölkəsidir. Məhz belə beynəlxalq miqyaslı yarışlar nəticəsində hər kəs bizim idmançıların nəyə qadir olduğunu görür. Digər tərəfdən isə ölkəmizdə idman inkişaf edir, təbliğ olunur. Bu, sağlam, cəsur gənc nəslin yetişməsi üçün çox vacibdir. Ölkəmizin ev sahibliyi etdiyi mötəbər turnirlərdən sonra idman zallarına axın daha da artır. Uşaqlar, yeniyetmələr həvəslə idman növləri ilə məşğul olurlar. Yəni demək istəyirəm ki, beynəlxalq idman yarışlarının doğma vətənimizdə keçirilməsi ölkəmizdə idman növlərinin inkişafına zəmin yaradır.
- Gələn həftə komandamız Avropa kuboku yarışına yollanacaq. Yarışa son hazırlıqlar necə gedir? Necə düşünürsən, Minskdən evə qızıl medalla qayıda biləcəksənmi?
- Hazırlıqlarımız demək olar ki, yekunlaşmaq üzrədir. Hər birimiz bu çətin sınağa hazırıq. Əlbəttə, həmişə olduğu kimi, bu dəfə də ən yüksək nəticə üçün tatamiyə çıxacağam. Əvvəlcədən proqnoz vermək istəməzdim. Amma inanıram ki, Avropa kubokunun qızıl medalını qazanacağam.
- Hidayət, gələn il ölkəmizdə cüdo üzrə dünya çempionatı keçiriləcək...
- Şübhəsiz ki, bir idmançı kimi, belə bir nüfuzlu yarışa vətənimizin ev sahibliyi etməsinə çox sevinirəm. Bu, çox qürurvercidir. Çalışacağam ki, dünya çempionatında bayrağımızı dalğalandırım, himnimizi səsləndirim. Əgər bacarsam, bu, mənim karyeram ərzində ən böyük nailiyyətlərimdən biri olacaq.
- Tokio-2020 Olimpiadasında iştirak etmək şanslarını necə qiymətləndirirsən? Səncə, üç ildən sonra Olimpiya medalını da boynundan asa biləcəksən?
- Hər bir idmançının ən böyük arzusu Olimpiya çempionu olmaqdır. Mənim də ən böyük arzum Olimpiya zirvəsini fəth etməkdir. Kim bilir, bəlkə də, arzuma elə Tokioda çatdım. Şübhəsiz ki, Olimpiya Oyunlarında qızıl medala layiq görülmək asan deyil. Bunun üçün çox çalışmaq lazımdır. Gərək qarşıdakı 3 il ərzində Olimpiadaya lisenziya verən yarışlarda iştirak edim ki, planetin ən ali idman yarışında iştirak etmək hüququ qazanım.
- Avropa kuboku yarışlarından sonra komandamızı daha hansı mötəbər turnirlər gözləyir?
- Avropa kuboku başa çatdıqdan sonra bir müddət istirahət edəcəyik. Sonra avqustun 28-də Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunacaq dünya çempionatına yollanacağıq. Avropa kubokundan sonra bütün diqqətimizi məhz dünya çempionatına yönəldəcəyik. Amma bu yarışa kimi bir neçə təlim-məşq toplanışlarının keçirilməsi də nəzərdə tutulub.
Kənan Novruzov