Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı keçirilir.
Hamburq İdman Sarayında təşkil olunan yarışlarda 75 ölkədən 243 boksçu qüvvəsini sınayır.
"Olimpnews.az” Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, avqustun 29-da dörddəbir final mərhələsinə start verilib. Mundialda Azərbaycan millisinin üzvləri Kamran Şahsuvarlı və Məhəmmədrəsul Məcidov yarım finala vəsiqə qazanıblar.
75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı dörddəbir final mərhələsində Kolumbiya idmançısı Xorxe Vivas Palasios ilə qüvvəsini sınayıb. Gərgin keçən görüş Olimpiya mükafatçımızın qələbəsi ilə yekunlaşıb. Boksçumuz rəqibini 3:2 (27:30, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlubiyyətə uğradıb. O, yarımfinala yüksələrək ən azı bürünc medalı təmin edib. K.Şahsuvarlı avqustun 31-də keçiriləcək yarımfinalda qazaxıstanlı idmançı Abilxan Amankul ilə qarşılaşacaq.
Qeyd edək ki, günün ikinci sessiyada dünya çempionumuz Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) da rinqə çıxacaq. O, yarımfinala vəsiqə üçün Camili-Dini Aboudo-Moindze (Fransa) ilə döyüşəcək.
+91 kq çəki dərəcəsində rinqə çıxan ikiqat dünya çempionumuz Camili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gəlib. Görüş boksçumuzun 3:2 (27:30, 30:27, 28:29, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinala yüksəlməklə ən azı bürünc medalı da təmin edib.
Bu, təmsilçilərimizin Hamburqda təmin etdiyi ikinci mükafat olub.
Məhəmmədrəsul Məcidov sentyabrın 1-də keçiriləcək 1/2 finalda avstraliyalı Jozef Qudelli sınağa çəkəcək.
Yarışın qalibləri çempionatın sonuncu günündə - sentyabrın 2-də məlum olacaq.