Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/4 final mərhələsinə yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, mərhələnin sonuncu günündə Azərbaycan millisinin dörd üzvü rinqə çıxıb. Onlardan daha ikisi yarımfinala yüksəlməklə bürünc medalı təmin ediblər.
Azərbaycan Boks Federasiyasından "Olimpiya dünyası” qəzetinə bildiriblər ki, 49 kq çəki dərəcəsində mübarizə aparan Həsən İbrahimov Nikita Diniyevlə (Ukrayna) qüvvəsini sınayıb. Görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə başa çatıb. 75 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Amin Kuşkov da döyüşü qələbə ilə bitirib. O, fransalı Moreno Fenderonu 4:1 hesabı ilə məğlub edib.
Beləliklə, yarımfinala yüksələn boksçularımızın sayı dördə çatıb. Bu gün keçiriləcək döyüşlərdə Həsən İbrahimov (49 kq) Sahil Alahverdovı ilə (Gürcüstan), Amin Kuşkov (75 kq) İvan Papakinlə (Ukrayna), Surət Qarayev (81 kq) Ruslan Kolesnikovla (Rusiya) və Məhəmməd Abdullayev (+91 kq) Yosip Biletiçlə (Xorvatiya) qarşılaşacaq.